Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2019 10:26

15 sentyabr - qürur duyulası gün

15 sentyabr 1918-ci il xalqımızın, taleyində önəmli günlərdən biri kimi tarixləşib. Bu günlə hər birimiz qürur duyur, fəxr edirik. Həmin gün xalqımızın tarixinə böyük hərflərlə yazılıb. Bu şərəfli gündə Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun qüvvələri Bakını bolşeviklərdən, ermənilərdən və eser-menşeviklərdən azad ediblər. Tarixçilər, siyasətçilər zaman-zaman həmin günə böyük önəm veriblər.
101 il əvvəl Bakının azad edilməsi heç də asanlıqla başa gəlməmişdi. Çünki o dövrdə Bakıda gözü olan bir neçə hegemon dövlət və daxili qüvvələr var idi. İngilislər, almanlar, ermənilər, bolşeviklər və başqaları nəyin bahasına olursa-olsun, şəhəri  əldə saxlamağa çalışırdılar. Hadisələrin gedişini diqqətlə izləyən SSRİ-nin Xarici İşlər naziri Çiçerin Osmanlı hökumətinin Moskvadakı səfiri Qalib Kamala nota təqdim edərək Sovetlərin Brest-Litovsk müqaviləsi ilə Qars, Ərdahan və Batumini Osmanlı dövlətinə verdiyini, lakin bundan sonra türklərə heç bir güzəştə getməyəcəyini bildirdi. Notada türk hərbi qüvvələrinin Gümrünü ələ keçirməsi, bununla kifayətlənməyərək, Azərbaycanın daxilində Bakıya doğru irəliləməsi Sovetlər üçün onsuz da ağır olan Brest-Litovski müqaviləsinin kobud şəkildə pozulması kimi qiymətləndirilir və hərbi əməliyyatların təcili dayandırılması tələb olunurdu. Bununla kifayətlənməyən Çiçerin, həmçinin Bakı neftində gözü olan Almaniyanı müttəfiqi Osmanlı dövlətinə qarşı qaldırmaq üçün də bir sıra addımlar atdı. Türkiyə rəsmiləri isə Qafqazdakı hərbi əməliyyatları Nuru paşanın heç kimdən əmr almadan girişdiyi şəxsi təşəbbüsü və Azərbaycandakı türk könüllüləri ilə birgə başladığı fəaliyyəti kimi qələmə verərək, Osmanlı dövləti ilə heç bir əlaqəsi olmadığını bildirirdi. Amma Bakı neftinə sahib olmaqdan ümidlərini üzməyən və "uğurları öz adına çıxmaq istəyən" almanlar şəhərin alınmasında iştirak etmək üçün Tiflisdə olan bir alman batalyonunun Qafqaz İslam Ordusuna qoşulmasına nə qədər cəhd etsələr də, Nuru paşa buna icazə verməmişdi. Almanlar icazəsiz olaraq Bakı istiqamətinə doğru hərəkət edərkən batalyonun qarşısı dəmir yolunun dağıdılması və teleqraf xətlərinin kəsilməsi ilə alınmışdı.
Azərbaycandakı hadisələri diqqətlə izləyən İngiltərə də neft Bakısının bolşeviklər ilə Osmanlı dövləti və Almaniyanın maraqlarının toqquşduğu meydana çevrildiyini və onların birinin əlinə keçəcəyi təqdirdə, ingilislərin əleyhinə olan nəticələrə gətirib çıxaracağını düşünürdü. Bakı türklərin və bilavasitə almanların əlinə keçəcəyi halda neftin borularla Batum limanına çatdırılmasının mümkün olacağı, bundan sonra ingilislərin mühüm bir mövqe əldə edəcəyi ehtimal edilirdi. Bakıdan İran və Türküstana, oradan da Əfqanıstana keçərək Hindistandakı ingilis müstəmləkə idarəçiliyi üçün böyük bir təhlükə yaradacaqdı. Beləliklə, ilk növbədə, Bakının türklərin əlinə keçməsinin qarşısını almaq lazım idi. Bu məqsədlə İngiltərə özünün İraqdakı hərbi qüvvələrindən bir hissəsini Fars Körfəzindən Xəzər dənizi sahillərinə göndərdi. Daha sonra bolşeviklərin hakimiyyətini qəbul etmədikləri halda, türk qoşunlarının qarşısının alınması zərurəti qarşısında rus polkovniki Biçeraxovun kazak dəstələrini Bakıdakı bolşeviklərə dəstək olmaq üçün göndərdi. Bakı komissarları hakimiyyətdən getdikdən sonra isə general Denstervilin komandanlığı altında ingilis qoşunları 1918-ci il 5 və 17 avqust tarixlərində Bakıda peyda oldular.
1918-ci ilin yayında, belə bir vəziyyətdə, belə bir şəraitdə Bakının azadlığı uğrunda döyüşlər gedirdi. Şəhəri xilas edəcək hərbi qüvvələr şəhərə birinci hücuma keçən müddət ərzində ordunun möhkəmlənməsi istiqamətində bir sıra mühüm işlər görməklə yanaşı, müntəzəm olaraq düşmən qüvvələri üzərinə həmlələr edir, onları zəiflədir və bir-birinin ardınca Bakı kəndlərini ələ keçirirdilər. Belə uğurlu döyüşlərin biri avqustun 27-də Yanardağ-Binəqədi istiqamətində oldu. Bakının "müdafiəçiləri" əksəriyyəti ingilislər olan qüvvələr ağır itki verdi. General Denstervil bu itkilərin olmasında, həmçinin 50-dən çox ingilis əsgərinin əsir götürülməsində rus və erməni qüvvələrini günahlandıraraq 31 avqust-1 sentyabr tarixlərində keçirdiyi iclaslarda "diktatorlara və cürbəcür komitələrə" belə bir açıq müraciət etdi: "İmkan verə bilmərəm ki, mənim adamlarımın həyatı faydasız yerə qurban verilsin. Biz buraya türklərə qarşı vuruşmaqda sizə kömək etmək üçün gəlmişdik, sizin vətəndaşlarınızın əylənməsi üçün yox". Daha sonra ingilis generalı yerli hakimiyyətə Bakının təslim edilməsi barədə danışıqlar aparmaq üçün türklərə nümayəndə göndərməyi təklif edərək birmənalı şəkildə bildirdi: "Yer üzündə heç bir qüvvə Bakını türklərdən qoruya bilməz".
General Denstervil həmin döyüşü gündəliyinə bu məzmunda yazıb: "...Türklər uğurlu əməliyyat apararaq palçıq vulkanlarını ələ keçiriblər. Bizim itkilərimiz 3 zabit və 70 əsgər. Nord Stafforddan olan hərbçilərimizdən 11 zabit öldürülüb, 35 əsgər yaralanıb. Hücum çox qətiyyətli xarakter daşıyıb. Həm də fikrimcə Bakını tutmaq üçün hücum ən zəif nöqtədən həyata keçirilib. Artilleriya dəstəyimiz də təmin edilməyib. Mövqelərin möhkəmləndirilməsi üçün göndərilən erməni piyadaları isə əmri yerinə yetirməkdən imtina edibər. Düşmənin şəhəri ələ keçirmək təhlükəsi çox böyükdür."  
Sentyabrın ilk günlərində şəhər uğrunda döyüşlər daha da qızışdı. Həlledici savaş isə sentyabrın 14-də axşam baş tutdu. Gecə saat 2-də başlanması nəzərdə tutulan hücum qarşısında təxminən 8 min türk əsgər və zabiti, 7 min nəfər də azərbaycanlı nizami-milis qüvvələri Bakı cəbhəsində hazır vəziyyətə gətirildi. "İrəli" əmri verilən kimi qoşunlar Heybət-Bakı dəmir yolu və Şubanı-Bakı yolu istiqamətlərindən hücuma keçdilər. Artıq gecə saat 3-də düşmənin birinci müdafiə xətti yarıldı. 14 saat şəhər uğrunda döyüş getdi. Saat 15.00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamamilə qırıldı. Birləşmiş düşmən qüvvələrinin qərb cəbhəsinin erməni komandiri İranın Bakıdakı konsulu Saidol Vazere ilə birlikdə ağ bayraqlarla türk batalyonunun qərargahına gələrək şəhərin təslim olacağını bildirdi. Beləcə, böyük bir tarix yazıldı - şəhər işğaldan azad olundu.
Ötən əsrdən başlanan Azərbaycanla Türkiyənin dostluğu, qardaşlığı və birliyi bu gün də uğurla davam etməkdədir. Yüz il əvvəlki kimi bu dostluq yüksələn xətlə inkişaf edərək irəli gedir. Ulu öndər Heydər Əliyev bu birliyə, dostluğa böyük dəyər verərək çox uzaqgörənliklə: "Bir millət - iki dövlət" demişdir. Ümummilli liderin dediyi bu sözlər Türkiyə və Azərbaycan dostluğunu gözəl, dəqiq ifadə edən ən qiymətli fikirdir. Ötən il Bakının azad edilməsinin 100 illiyi mübasibəti ilə keçirilən möhtəşəm parad, həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın bu tədbirdəki çıxışları, dedikləri sözlər, səsləndirdiyi dəyərli fikirlər əbədi olaraq yaddaşımızda qalacaq. İnanırıq ki, bu görüşlər, bu çıxışlar, bu sözlər Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını daimi, əbədi və sarsılmaz edəcəkdir.

Vahid MƏHƏRRƏMOV