Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2019 10:28

Türk dünyasının qəhrəmanlıq salnaməsi

 

 

Qürurla xatırlanan tarixi gün


XX əsrin əvvəlləri Türkiyənin dövlətçilik tarixində yeni bir səhifə açaraq, qurtuluş müharibələri, istiqlal illəri kimi tarixləşdi. 1914-1918-ci illəri əhatə edən Birinci Dünya müharibəsində məğlub olan Osmanlı dövlətinin ərazilərinin imperialist dövlətlər arasında bölüşdürülməsi planının qarşısı əzmkar türk xalqının milli mübarizəsi sayəsində qətiyyətlə alındı. Türk milləti dünyanın müstəmləkəçi dövlətlərinin parçalama siyasətini iflasa uğradıb istiqlal mübarizəsinə başladı və bu ölüm-dirim mübarizəsindən qalib çıxdı. 30 avqust Türkiyə Respublikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı.
Türkiyə 1922-ci il 30 avqustda dövlətçilik tarixinin qürur səhifəsini yaşayaraq,  sərkərdə Mustafa Kamal Paşanın başçılığı altında işğalçı qüvvələrdən azad olundu. Bu böyük hadisə  Türkiyə tarixinə Zəfər bayramı kimi yazıldı. Türk xalqı Zəfər bayramını ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə təntənəli şəkildə keçirilməsinə nail oldu. Dövlət bayramı kimi  1936-cı ilin mayında rəsmi bayram elan edildi.
Bu gün Türkiyədə, eyni zamanda Azərbaycanda da 30 Avqust - Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü geniş tədbirlərlə təntənəli şəkildə qeyd olunur.  Zəfər bayramının əhəmiyyəti ondan ibarətdir ki, Birinci Dünya müharibəsində məğlubiyyətə uğrayan qosqoca Türkiyəni parçalayaraq, onu işğal altında saxlamaq arzusunda olan güclü dövlətlər məhz 30 avqust qələbəsindən sonra işğalçı niyyətlərinin heç bir vaxt baş tutmayacağını, Anadoluya sahib ola bilməyəcəklərini bir daha anladılar. Dünyanın nəhəng imperiyaları iki min illik hərb tarixi olan türk xalqının Vətənə olan sonsuz sevgisi, azadlıq eşqi qarşısında aciz qaldıqlarını etiraf etməyə məcbur oldular. Düşmən öz qoşununu Türkiyə ərazisindən çıxardığı zaman onun əsgər və zabitləri  Vətən uğrunda şəhid olan türklərin al qanına boyanmış aylı-ulduzlu bayrağa heyrətlə, təəccüblə baxmış, onun qarşısında baş əyməyi də unutmamışdılar.

 

Yenilməz türk ordusunun əməliyyat planı və  misilsiz qələbəsi



Ötən əsrin 20-ci illərinin əvvələrinə dair Türkiyə ordu tarixində "Böyük hərbi hücum" adlandırılan hərbi əməliyyat planı yüksək peşəkarlıqla, tam məxfi qriflə hazırlanıb həyata keçirilmişdi. 1922-ci ilin yay aylarında azadlıq mücadiləsinin  banisi Mustafa Kamal Paşa cəbhədəki vəziyyəti yerində öyrənmək və ordunun hərbi əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsinə şəxsən nəzarət etmək üçün qərb cəbhəsinə yollanmağı planlayırdı.  Ancaq Yunanıstan və bir çox dövlətlər onun hər addımını diqqətlə, qorxu içərisində izləyirdilər. Onların Mustafa Kamal Paşanın qərb cəbhəsinə gəlməsindən xəbər tutmaları, özü tərəfindən hazırlanan hərbi əməliyyat planının uğurla həyata keçirilməsinə mane ola bilərdi. Səfərin sirr olaraq saxlanılması mühüm əhəmiyyət kəsb edirdi. Bu məqsədlə Ankara guya Mustafa Kamal Paşanın 1922-ci il iyulun 24-də Konyaya gələrək ingilis generalı Tovnşedlə görüşəcəyi barədə xəbərlər yaydı. Atatürk iyulun 23-də qərb cəbhəsi qərargahında İsmət Paşadan cəbhədəki vəziyyət haqqında məlumat aldı. İyulun 28-də isə o, Ağşəhərdə Fevzi Çakmak və İsmet İnönü ilə keçirdiyi məxfi toplantıda özünün hazırladığı hərbi əməliyyat planını müzakirəyə çıxardı.
Bu əhəmiyyətli toplantının daha geniş bir müzakirə və müşavirə mahiyyəti qazanması məqsədilə bəzi hərbi korpusların komandirləri də Ağşəhərə çağırılmışdılar. Belə gərgin günlərdə komandirlərin müşavirə keçirmələri şübhə yarada bilərdi. Buna görə də iyulun 28-də zabitlər arasında futbol yarışı təşkil olundu.  Hərbi korpuslarda xidmət edən zabitlərlə keçirilən bu yarışı korpus komandirləri də "izlədilər". Türkiyə mətbuatı da Ağşəhərdə keçirilən futbol matçını geniş işıqlandırdı. Hətta Mustafa Kamal Paşanın, İsmət Paşanın, sahə qərargah rəisi Asim bəyin yarışı izləməsinin zabitlərdə böyük ruh yüksəkliyi yaratdığı barədə məlumatlar da qəzetlərdə dərc olundu. Bununla da gizli keçirilən fövqəladə müşavirədən heç kəsin xəbəri olmadı. Türk ordusu hücuma tam hazır vəziyyətə gətirilmişdi. Lakin bəzi dövlətlər "sülh" məsələsini gündəmə gətirdiklərinə görə, Yunanıstanla sülh danışıqları aparılmadan hərbi əməliyyatlara başlanılması həmin dövrdə beynəlxalq ictimaiyyət tərəfindən "düzgün" başa düşülməzdi. Buna görə də Türkiyə diplomatları qonşu ölkənin diplomatları ilə növbəti danışıqlara başladılar. Türkiyə tərəfi  Yunanıstandan öz ordusunu qeyd-şərtsiz Anadoludan çıxarmağı bir daha tələb etdi. Ancaq yunanlar bu tələbi açıq şəkildə rədd etdilər və  həmin ərazilərin onlara aid olduğunu dəfələrlə vurğuladılar. Beynəlxalq ictimaiyyətin "gözü" qarşısında aparılan sülh danışıqları bir daha nəticə vermədi və bu, Mustafa Kamal Atatürkə tam əsas verdi ki, hərbi əməliyyatlara yenidən başlasın.
Mustafa Kamal Paşa hücum barədə qərar qəbul etdikdən sonra 1922-ci il avqustun 18-də gecə Ankaradan qərb cəbhəsinə getdi. Bu tamamilə gizli saxlanılmışdı. Hətta mətbuata və xəbər agentliklərinə Mustafa Kamal Paşanın avqustun 21-də Çankaya köşkündə ziyafət verdiyi bildirilmişdi. Əslində isə o, qərb cəbhəsi qərargahında hərbi əməliyyatlara hazırlığı yoxlayır, lazımi göstərişlərini verirdi. Türk ordusu hücum üçün sübh çağını gözləyərkən, yunan ordusunun zabitləri general Trikopislə birlikdə Afyonda "Böyük Yunanıstan" şərəfinə verilən ziyafətdə "böyük qələbə"ni qeyd edirdilər.
26 avqust 1922-ci ildə səhər sübh tezdən Kocatəpədən başlayan meydan müharibəsi böyük türk xalqını ağır sınağa çəkir... Mustafa Kamal Paşanın komandanlığı ilə idarə edilən döyüşdə qəhrəman türk ordusu cənub, şimal istiqamətlərindən hərəkətə başlayır və sürətlə irəliləyir. Türk ordusu yunanların müdafiə xəttini yarır və 26-27 avqust tarixlərində düşmən qüvvələrinin silah-sursatı ələ keçirilir. Yunanların cəbhəsində yaranan zəiflik Afyonun işğaldan azad olunması ilə nəticələnir. Dumlupınara doğru geri çəkilən bütün yunan ordusu məğlub olur...
Hücumun avqustun 26-a təyin edilməsi türk tarixini dərindən bilən Mustafa Kamal Atatürkün böyüklüyünü, müdrikliyini bir daha təsdiq edirdi. Mustafa Kamal Atatürkün əsas məqsədi Anadolunu dünya türklərinin əbədi məkanına, istiqlaliyyət ocağına, türk dünyasının dayağına çevirmək idi. Çünki on yeddi imperiya quran türklər on səkkizinci dövlətlərini - Türkiyə Cümhuriyyətini qurmaqla iki min illik dərin dövlətçilik ənənələrini Anadoluda qoruyub saxlamağa qərar vermişdilər. Əsrlərin, yüzilliklərin sınağından uğurla çıxan bu ənənələrin yaşadılmasında daim aparıcı mövqedə olan Azərbaycan türkləri İstanbulun fəthində Fatih Sultan Mehmetin müəllimi Ağşəmsəddinin, 1922-ci ildə isə "Böyük hərbi hücum"da könüllü iştirak edən yüzlərlə əsgər və zabit həmyerlilərimizin simasında qan qardaşları ilə birlikdə bu missiyanı uğurla yerinə yetirdilər. Bu qardaşlıq yardımı, bu həmrəylik türk dünyasına növbəti şanlı zəfərini bəxş etdi. Düşmən tam məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur oldu. Yeni qurulacaq qüdrətli dövlətin ərazisinin böyük bir qismi düşməndən azad edildi. Dünya bir daha gördü ki, Malazgirt zəfərinin qazanılması üçün gecə vaxtı atla dəniz boğazını üzüb keçən, İstanbulu fəth etmək üçün gəmiləri qurudan aparan türklərin qəhrəmanlığı, fədakarlığı və yenilməzliyi əbədi olaraq türk millətinin timsalında yaşayacaqdır.
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən böyük Atatürkdən və "Bir millət, iki dövlət" söyləyən ulu öndər Heydər Əliyevdən aldığımız bayrağı daima irəli aparmaq bu gün hər bir türkün müqəddəs vəzifəsidir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"