Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2019 10:25

Oğulların yolu ataların yoludu

Səngərlərin istisindən-bürküsündən, soyuğundan-sazağından keçib döyüşlərdə iştirak edən, yaddaşı tarixlərin yaddaşına dönən, bir ömürdə neçə-neçə şəhid əsgərin də ömrünü yaşadan ataların döyüş yolunu oğullar həmişə sevgiylə, sədaqətlə davam etdiriblər, indi də davam etdirirlər. Yola ömür də deyirlər. Yol kəlməsinin yozumlarını nəzərə alanda Vətənlə, dövlətlə bağlı olanlardan birinə, döyüş yoluna daha həssas münasibət yaranır və bu səbəbdən də yolun davamına tərəddüd etmədən ömrün davamı deyə bilərik...
Oğulların dünyagörüşü həm də ata (baba) söhbətləriylə, ata (baba) xatirələriylə daha da genişlənir, kitablardan, qəzetlərdən oxunanlar, yaşa, hafizəyə müvafiq dərk edilənlər ata (baba) kəlamlarıyla tamamlanır. Hərbi xidmətə həm də bu kəlamların aşıladığı mənəvi dəyərlərin zəmanətiylə başlayan oğulların düşüncələri də zənginləşir...
Hər şeirini həyat fəlsəfəsi bildiyimiz xalq şairi Məmməd Araz İnfil kişinin kəlmələrinin cəminə "Atamın kitabı" demişdi. Müharibə görmüş, döyüşmüş ataların, babaların döyüş xatirələri oğulların (nəvələrin) dəyərli vətənpərvərlik kitabıdı.
Zamanında atalar hərbi xidmətdə olub; hərbi xidmətin bəlkə də hər günü yaddaşlarındadı. Ataların yaddaşlarından süzülüb kəlmələşən məsləhətlər, mətləbli xatirələr oğulların yüksək məsuliyyətli, incə hissiyyatlı vətəndaş kimi formalaşmasında əhəmiyyətlidir, müəyyən mənada, pedaqoji xarakterlidir. Atanın (babanın) dediklərini, hərbi xidmətlə bağlı xatirələrini - söhbətlərini çağırışçı oğullar (nəvələr) maraqla dinləyir, dinləyə-dinləyə düşüncələrinə hopdurur. Bu, Vətənin müqəddəslik mərtəbəsində dərkinə (və yaşadılacağına!) zəmin deməkdir. Zamanında hərbi xidmətdə olmuş ataların (babaların) belə söhbətlərinin mahiyyəti illərdən sonra da Vətənə xidmət deməkdi.
Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq keçirilən "Açıq qapı" günündə diqqətimi hərbi hissənin qarşısında narahatlıqla gəzişən, baxışları nəzarət-buraxılış məntəqəsinin giriş qapısından üzülməyən 10-12 yaşlı uşaq çəkmişdi. Ünsiyyət yaratmaq, söhbətləşmək istəmişdim. Tərəddüd etmədən yaxınlaşmışdım. Əlim aramla iki üç dəqiqədən sonra tanıyacağım uşağın saçlarına enmişdi. Nəsə soruşmaq istəmişdim. Nə soruşacağımı, necə soruşacağımı qətiləşdirənə kimi Rəvan həvəslə demişdi:
- Hamının atası kimi mənim də atam əsgər olub, Murovdağda xidmət edib. Atamın söhbətlərini həmişə maraqla dinləmişəm. Atam deyir ki, əsgərlik borcdu, hər oğlan bu borcu yerinə yetirməlidi. Böyük qardaşım Kənan əsgərdi, bu gün onun yanına gəlmişik. Bir azdan görüşəcəyik. Qardaşım cəsarətli oğlandı. İnanıram ki, yaxşı əsgərdi. İstəyirəm ki, komandirlər onu tərifləsinlər. Böyüyəndə mən də onun kimi əsgər olacam.
Mənə elə gəlmişdi ki, Rəvanı hərbi hissəyə təkcə əsgər qardaşıyla görüşmək istəyi deyil, həm də atasının hərbi xidmət xatirələrindən boy göstərən maraq gətirmişdi. Kim bilir, bəlkə də bu maraq gələcəkdə arzuya, niyyətə çevriləcək, bu arzunun, niyyətin işığı onun hərbi məktəbə aparacaq yolunu nurlandıracaq. Hamımıza məlumdur ki, ata söhbətləri oğulların peşə seçimində də əhəmiyyətli təsirə malik olur...
Oğulların atalarıyla, ataların oğullarıyla qürurlanması Azərbaycanda həyat, yaşam fəlsəfəsinin tərkib hissələrindəndir və bu yaşarı fəlsəfəni atalar da böyük sədaqətlə yaşadır, oğullar da.
Yadımdadır, "Açıq qapı" günündə əsgər atası Amil İsgəndərov demişdi:
- Əsgər olanda çox qürurlanırdım. Elə bilirdim ki, alçaq dağları mən yaratmışam. İllər keçdi, əsgər atası oldum. Məni bu adla tanıtdığına, bu adla qürurlandırdığına görə oğlum Emilə minnətdaram. Sən demə, əsgər atası olmaq adama əsgər olmaqdan daha böyük qürur yaşadırmış...
Amil İsgəndərovun səmimi kəlmələrindən sonra qət etdim ki, əsgər atası adıyla qürurlanmaq mənəvi kamillikdi və milli mentalitet səviyyəsində yaşadılır. Bu, mahiyyəti baxımından azərbaycançılıqdır. Daha əhatəli duyğusallıqla, daha böyük məsuliyyətlə yaşadılan mənəvi kamillik ifadəsini azərbaycançılıq ifadəsinə müvafiq bilirəm.
Ata yolu ifadəsi təkcə ixtisasla, peşəylə bağlı deyil; hərbçi atanın oğlu hərbçi olmadan da ata yolunun davamçısı olur - Vətən sevgisiylə, yüksək vətəndaşlıqla, atanın milli-mənəvi dəyərlərə sədaqətini yaşatmaqla, ...
"Ataların yolu oğulların yoludur" - deyənlərə bir həqiqəti də xatırladıram: bu yol Vətən üçündürsə, bu yol dövlət, dövlətçilik üçündürsə, bu yol tariximizə sədaqət yoludursa, ..., bəli, oğulların yolu ataların yoludur, ataların yolu oğulların yol göstərənidi...
Müharibə şəraitində oğul ata yolunu daha qətiyyətlə davam etdirir. Kim bilir, bəlkə də əsgər Elvar Əbilov gələcəkdə atası kimi zabit olacaq...
1993-cü ilin dekabr ayının son günləriydi. Murovdağda ezamiyyətdəydim. Şaxtaydı. Sazağıydı. Niyə burada olduğunu dərk edənlərin əhatəsində hiss etmədiyimizə görə şaxtadan, sazaqdan gileyli deyildik. Əsgərlərə "Şaxtanı, sazağı sizin Vətən sevginiz, döyüş əzminiz, qələbə ruhunuz yumuşaldır", - demişdim. Iki günün içində aramızda adilikdən yüksəkdə dayanan münasibət yaranmış əsgər Sabir Qurbanov gülümsünərək, "Atam əsgər oldu - beş il torpağı qorudu, mən də əsgər oldum - iki ildi torpağı qoruyuram, qismətimdə varsa oğlum da əsgər olacaq - torpağı qoruyacaq. Ömür Vətən üçün yaşanılmalıdı, qardaş...", - demişdi...
İllər keçdi.
2018-ci ilin ilkin yazında Murovdağda ezamiyyətdəydim. Məni 24 ildən sonra həmin mövqedə dayanmaq, nələr haqdasa düşünmək duyğulandırmışdı. Komandirin təqdimatıyla əsgər Samir Qurbanovla söhbətləşirdik. Samir sözarası dedi ki, ömür Vətən üçün yaşanılmalıdı. Mənə doğma kəlmələr düşüncələrimi, illərin o üzündə qalmış anların xatirələrini titrətdi. Davamlı baxışlarım əsgərin gözlərinə dikildi...
Nələrisə dəqiqləşdirməyə xidmət edən suallara aldığım cavablardan bir ürək tutumunca kövrəlmişdim - əsgər Samir Qurbanov 1993-cü ilin dekabr ayının sonlarında həmin məkanda kəlmələşdiyim əsgər Sabir Qurbanovun oğluymuş! Oğulların yolunun ataların yolu olduğuna necə inanmaya bilərdim? Murovdağdan aşıb qələbə döyüşünə başlamaq niyyətli əsgərin oğlu həmin mövqedən döyüşə başlayacaqları günün intizarındadı...
1993-cü ilin dekabrını birlikdə xatırladıq. Samiri bağrıma basdım - nümunəvi əsgər olduğuna görə, igid bir əsgərin oğlu olduğuna görə, ata kəlamını yaşatdığına görə...
Görəsən Sabir Qurbanov oğlunun da burada xidmət elədiyini biləndə hansı hissləri keçirib? - kövrəklik, qürur, sevinc, şükranlıq...
Əsgər Samir Qurbanovun hərbi xidmətini atası əsgər Sabir Qurbanovun hərbi xidmətinin davamı bilirəm. Bu inamla da deyirəm: Əlbəttə ki, oğulların yolu ataların yoludu...


Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"