Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2019 10:09

“Davamlı rabitə döyüş hazırlığında vacib şərtdir”

Dünyanın ən güclü orduları sırasında dayanan ordumuzun digər xidmətləri ilə yanaşı, rabitə sistemi də gündən-günə təkmilləşir. Azərbaycan Ordusunun maddi-texniki təminatına ən müasir rabitə sistemləri daxil edilir.  Rabitənin üstünlüklərindən danışılarkən bildirilir ki, rabitə olmadan döyüşü aparmaq mümkünsüzdür. Rabitəsiz döyüş heç zaman idarə oluna bilməz.  Qeyd etmək lazımdır ki, rabitədə əsas şərt davamlı və dayanıqlı rabitə əlaqəsinin yaradılmasıdır.
Cəbhə bölgəsində yerləşən "N" hərbi hissənin rabitə sistemi də əsas şərtlərə uyğun qurulub. Ən müasir rabitə qurğuları ilə təchiz edilən hərbi hissənin rabitə sistemi daim döyüşə hazırlıq səviyyəsindədir. Biz hərbi hissədə ezamiyyətdə olarkən  rabitəçilərin  çöl şəraitində keçirilən ixtisas hazırlığı dərslərini izlədik.
Rabitə bölməsinin zabiti Elvin Hüseynovdan öyrəndik ki, dərslərin gündəlik olaraq keçirilməsində əsas məqsəd rabitəçilərin bilik və bacarıqlarının, peşə vərdişlərinin daim artırılmasına yönəlib. Hər gün ixtisas üzrə yeni mövzular ətrafında hazırlıqlarını artıran rabitəçilərimiz müasir qurğulardan istifadə qaydalarını praktiki mənimsəyirlər.
- Müharibə şəraitində daha çox hansı rabitə vasitələrindən istifadə olunur? sualını cavablandıran leytenant  E.Hüseynov bildirdi ki, praktika  naqilli rabitədən çox istifadə edildiyini göstərir. "Ona görə ki, naqilli rabitə etibarlıdır və dayanıqlılığı qoruyur. Ümumiyyətlə, həm naqilli, həm də radio rabitə vasitələrinin işinin saz və dayanıqlı saxlanması əsas götürülür. Davamlı rabitə döyüş hazırlığında vacib şərtdir.  Peşəkar rabitəçi ərazinin relyefini hərtərəfli öyrənməlidir. Dağlıq, təpəlik, sıldırım qayalıqlarda rabitə sisteminin uyğun qaydalar üzrə yerləşdirilməsi onun etibarlılığını daha da gücləndirir. Rabitənin yerləşdirilməsi bir qayda olaraq əraziyə görə seçilir. Soyuq, qarlı-yağışlı, dumanlı havada ərazini əgər tanımırsansa, kəsilmiş rabitə xəttinin bərpası çətinləşir. Bu səbəbdən də müasir rabitə vasitələrinin sirlərini mükəmməl öyrənmək vacibdir. Rabitə sahəsində hər gün, hər saat yenilik var. Müasir dünyamızı rabitəsiz təsəvvür etmək olmaz. Rabitə bölməsində yeni xidmətə başlayan hərbi qulluqçulara tövsiyəm odur ki, rabitənin orduda əhəmiyyətini dərindən başa düşüb, peşəkarlıqlarını daim artırsınlar, vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirsinlər. Biz zabitlər də öz növbəmizdə çalışırıq ki, təcrübədə  qazandığımız bilik və bacarıqlarımızı şəxsi heyətə çatdıraq".
Gənc zabit E.Hüseynov şəxsi heyətə səhra telefon aparatlarının imkanları barədə məlumat verdi: "Səhra telefon aparatları səhra şəraitində naqilli rabitəni təmin etmək üçün nəzərdə tutulub. Müxtəlif tipli  rabitə xidmətlərindən istifadə etməklə, uzaq məsafədən rabitə əlaqəsi yaratmaq imkanına malikdir".
Zabitlərdən baş leytenantlar Tarix Aslanov, Şükür Babazadə, müddətdən artıq həqiqi hərbi  xidmət hərbi qulluqçuları baş çavuş Samir Səfərov, çavuşlar Gülüş Ağazadə, Tofiq Fəttahov və başqaları şəxsi heyətin ixtisas hazırlığında bilik və bacarıqlarını onlara aşılayır və onlar hərbi hissənin rabitə xidmətinin yüksək səviyyədə qurulmasında böyük rol oynayırlar. Rabitəçilərimizin də ən böyük arzusu düşmən işğalında olan torpaqlarımızın azad edilməsində bilik və bacarıqlarını nümayiş etdirməkdir. Qoy, onlar tezliklə Qələbə xəbərini Azərbaycan xalqına çatdırsınlar!

Lalə HÜSEYNOVA,"Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR