Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2019 09:45

Şəhidlik - əbədilik

Sovet ideologiyası şəhidlik kəlməsinə dini yozum verməklə onu mahiyyətindən uzaqlaşdırmaq istəyirdi. Xalq digər mənəvi dəyərləri sırasında bu sözün ifadə etdiyi mahiyyəti də Vətən, torpaq, dövlət, dövlətçilik ifadələri kimi mənəvi ucalıqda yaşatdı...
Şəhidliyin nə olduğu Azərbaycanda Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlayandan sonra daha əhatəli dərk edildi. Bilənlər bilirdi, uşaqlar da, yeniyetmələr də, gənclər də bildilər ki, şəhidlik Vətən naminə ölümə qənşər getməkdi. Şair Əli Səngərli yazmışdı: "Ölüm nədi, kül ələyim gözünə..."; şəhidlər ölümün gözlərinə kül ələyənlərdi, ölümü gözündən güllələyənlərdi...
Tarixi orta əsrlərlə səsləşən şəhidliyin mahiyyəti əqidəyə, amala, inama sədaqətdi. Kəfəni son nəfəs olan sədaqət. Tarixin müəyyən dövründən sonra sərhədlə əhatələnən torpaq - buna Vətən deyildi - şəhid-şəhid qorunub. Xilafətə qarşı mübarizəyə (əslində müharibəyə) başçılıq edən Babəkin yaşam fəlsəfəsi bütün dövrlərdə "ömür Vətən üçün yaşanılmalıdı" qənaətiylə tən olub. Bu yaşarı, bəşəri fəlsəfə bütün türk xalqlarının düşüncəsinə hopub.
1028-1072-ci illərdə yaşamış Səlçuq sultanı Alparslan Malazgird zəfəri ərəfəsində ağ paltar geyinərək sərkərdələrinə deyib: "Bu, mənim şəhidlik kəfənimdir. Savaş meydanında ölsəm, məni bu paltarda dəfn edərsiniz..."...
Türkiyənin istiqlal savaşından əvvəl Şükrü paşa bir vəsiyyət yazıb: "Düşmən sərhədlərimizi keçdikdən sonra ölsəm məni dəfn etməyin, qoy ətimi itlər yesin. Düşmən sərhədlərimizi keçməmiş ölsəm sabunum, kəfənim çantamdadır"...
Məkan baxımından Səlçuq sultanının sərkərdələrinə tapşırığı uzaqda deyilsə də, Şükrü paşanın vəsiyyəti uzaqda yazılsa da, ruh baxımından Azərbaycanda olmuş kimi dərk edilir...
Şəhidliyiylə tarix yazanlar tarixdə əbədiyyən qalır. Babəklər kimi, Alparslanlar kimi, Şükrü paşalar kimi,... Cavad xanlar kimi,... Rasim İbrahimovlar, Etibar İsmayılovlar, Mübariz İbrahimovlar,... kimi...
Azərbaycanda müharibə başladı. İlk şəhidlərimiz Əli ilə Bəxtiyar oldu - iki uşaq, sabahlarımızın iki əsgəri, bəlkə də iki qəhrəmanı...
Azərbaycanda müharibə başladı. Yerli müdafiə batalyonları döyüşürdü, polis işçiləri döyüşürdü, əhali döyüşürdü. Döyüşənlər "Torpaq, uğrunda ölən varsa, Vətəndi" kəlamının şəhadətiylə döyüşürdü. Hər döyüşü son döyüş bilib döyüşürdü. Döyüşlərdə minlərlə əsgər, zabit, mülki vətəndaş şəhid oldu.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla həlli istiqamətində aparılan danışıqlar nəticə verməsə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan döyüşlə azad edəcək. Bu inam ordu quruculuğu istiqamətində aparılan irimiqyaslı islahatların möhtəşəm nəticələrinə inamdı, bu inam ordunun gücünə, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsinə olan inamdı, bu inam milli-xəlqi ruhun yaşarılığına inamdı, bu inam şəhidliyin müqəddəsliyinə, müqəddəsliyin əbədiliyinə inamdı. Bu inam şəhidlərə ehtiramdı. Bu ehtiram bütövlükdə cəmiyyəti əhatə edir...
Şəhid atalarının dedikləri yaddaşlara ictimaiyyətin şəhidliyə münasibəti kimi köçür: "...mənim oğlum idi, xalqın oğlu oldu". Yəni şəhidlərin hər biri hamının əzizidi.
1992-ci ilin fevralın sonunda Füzuli rayonunda ezamiyyətdəydik. Mayor Rasim İbrahimov yerə-göyə sığmayan bir yanğıyla, bir təəssüflə, bir hiddətlə  demişdi ki, Qaradağlı kəndində camaat rəhmətə gedənlərini gündüz dəfn edə bilmir, camaat bir yerə toplaşan kimi düşmən atəş açır. Qətiyyətlə deyirəm ki, şəhid olacağıq, ancaq erməniliyi Azərbaycandan uzaqlaşdıracağıq, - deyən mayor Rasim İbrahimov şəhidliyi Vətənə sipər bilirdi. 1993-cü ilin yayında Füzulidə sonacan döyüşdü Rasim, son nəfəsinəcən döyüşdü. Və qumbarayla özünü də, onu əsir almaq istəyən erməniləri də həlak etdi - şəhid oldu. Ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Mübariz İbrahimovun şəhidliyi təsdiqlədi ki, Azərbaycan hərbçisi həm situasiyaya görə şəhid olur, həm də sonda şəhid olacağını  bilə-bilə döyüşə gedir, döyüşür. Belə şəhidlik Vətən üçün, dövlət üçün, dövlətçilik üçün ağ işıqdı. Şəhidliyin mahiyyətinin dərki bu işığın mahiyyəti deməkdi.
Ağakərim kişinin oğlu Mübarizin ata-anasına yazdığı son məktub yüz illər, min illər bundan sonra da ehtiramlarla xatırlanacaq. Bu məktub Vətənə sədaqətin etiraf sənədi oldu...
Mübariz son döyüşündə neçə düşmən öldürdü? - belə bir şəhidliyin mahiyyəti müqabilində bu suala cavab almağa heç kim o qədər də həvəsiməz. Mübariz İbrahimovun şəhidliyi həmin döyüşdə öldürülənlərdən dəfələrlə çox düşməni mənən məhv etdi. Bu şəhidlik Azərbaycan Ordusunda Mübarizləşmə təyini yaratdı; 2016-cı ilin aprelində hər əsgər Mübariz İbrahimov qətiyyətiylə döyüşdü. Lələtəpə, Bayraqtəpə fatehlərinin sırasında Mübarizlərin ruhunun  da olduğuna necə inanmayasan?
Əlif Hacıyev xocalıları daha böyük faciələrdən xilas etmək üçün döyüşdü - şəhid oldu...
Etibar İsmayılov əsgər yoldaşlarını haqlamaqda olan tankın altına atıldı - düşmən tankını məhv etdi, özü şəhid oldu...
Müxtəlif məkanlarda müxtəlif situasiyalarda müxtəlif formalarda təzahür edən şəhidliklərin hamısının mahiyyəti eynidi: ömür Vətən üçündü, təki Vətən yaşasın...
Ruhi bağlılığımız heç zaman zəifləməyən, Azərbaycan əsgərinə xitabən deyirəm ki, şəhidlərimizin amalının, istəyinin, məqsədinin davamçısı olmaq sənin mənəvi borcundu. Dövlətə, dövlətçiliyə sədaqətini bu borcu necə yerinə yetirməyin müəyyənləşdirir. Sən uca ruhların arzuladığı əsgərsən, Azərbaycan əsgəri!..

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"