Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2019 09:41

“Konflikt jurnalistikası məktəbi”nin təlimləri davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə "Milli təhlükəsizliyə xələl gətirən informasiyaların və dövlət sirri təşkil edən hərbi məlumatların qorunmasına dair təşəbbüslər" istiqaməti üzrə "Dinc Dünya" Araşdırma Mərkəzinin icra etdiyi "Konflikt jurnalistikası məktəbi"nin  ikinci mərhələsinə start verildi. Heyət əvvəlcədən təsdiq edilmiş on günlük təlim-tədris planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin qarşısından düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinə yola düşdü. Layihə rəhbəri Əlisəfa Mehdiyev bildirdi ki, auditoriya təlimlərindən sonra çöl təlimlərinə start verilir. "Artıq 5-ci ildir ki, Müdafiə Nazirliyinin bazasında bu təlimləri keçiririk. Builki, təlimlərdə yenilik ondan ibarətdir ki, hər bir məşğələdən sonra təlimalanlar normativlərdən imtahan verəcək, müsabiqələrdən keçəcəklər. Sonda normativ göstəricilərə əsasən, fərqlənənlərə diplomlar təqdim olunacaq. Çöl təlimlərindən sonra Müdafiə Nazirliyinin müxtəlif  qoşun növlərinə məxsus hərbi bölmələrə ekskursiyalar təşkil olunacaq  və bununla da təlimalanlar ordumuzla kompleks şəkildə tanış olacaqlar.
"N" hərbi hissədə təlimalanları qarşılayan zabit Nihat Abdullayev onları hərbi hissənin ərazisi ilə tanış etdi, təlim müddəti ərzində bütün təhlükəsizlik qaydalarını çatdırdı və təlimalanların təyin olunmuş yerdə yerləşdirmə prosesi həyata keçirildi.
Proqrama əsasən, günün ikinci yarısında hərbi hissənin ideoloji sinfində növbəti auditoriya təlimi oldu. Təlimalanlar qarşısında çıxış edən "Konflikt jurnalistikası məktəbi" lahiyəsi rəhbərinin köməkçisi Teymur Zahidoğlu jurnalistlərin hərbi mühitə adaptasiya olma, fərdi situasiyalarda davranış qaydalarından danışdı. "Hərbi sahədən material hazırlamağa və ya aktiv döyüşlər gedən əraziyə ezam olunan jurnalistlərin, redaksiya tərəfindən əvvəlcə xarakterik xüsusiyyətləri, fərdi keyfiyyətləri  nəzərə alınmalıdır. Jurnalist gedəcəyi hərbi hissə haqqında, oranın komandanlığı haqqında məlumatlı olmalıdır. Bununla yanaşı, hərbi nizamnamələrdən, hərbi rütbələrdən də ilkin anlayışı olmalıdır. Hadisə yerində işləyənlərə mane olmamalı, onlara təsir etməməli, qadağan olunmuş hərbi sirrin yayılmamasına ciddi riayət etməlidir. Qaynar nöqtəyə getməzdən əvvəl həmin ərazidə nələrlə qarşılaşacağını, onu hansı situasiyaların, çətinliklərin, risklərin gözlədiyini düşünməli, özünü psixoloji cəhətən də hazırlamalıdır. O, bilməlidir ki, döyüş şəraitində intensiv atəş zamanı özünə necə  təhlükəsiz mövqeni seçmək, atəş açılan texnikalardan, silahlardan hansı məsafədə dayanmaq lazımdı. Bu vacib şərtləri bilən müxbir asanlıqla redaksiyasının tapşırığını yerinə yetirəcək, dəqiq və dolğun məlumatları əldə edəcək.  Bu cəhətdən də "Konflikt jurnalistikası məktəbi"nin  çöl-meşə təlimləri sizin hazırlıqlı, hərb sahəsində bacarıqlı jurnalistlər kimi formalaşmağınızda  mühüm rol oynayacaq. Burada qazandığınız nəzəri və təcrübi biliklər yaradıcı fəaliyyətinizə müsbət təsir edəcək.”
Təlimalanlarla görüşən polkovnik  Babək Səmidli dövlət və hərbi sirrin qorunması və ictimailəşdirilməsi mövzusunda danışdı. Zabit bildirdi ki, dövlətin hərbi, xarici-siyasi, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan, dövlət tərəfindən mühafizə edilən və yayılması dövlətimizin təhlükəsizliyinə ziyan vuran faktların sosial şəbəkələrdə və internet saytlarında yayılması yolverilməzdir və qanunla qadağandır. "Artıq hamıya məlumdur ki, XXI əsr informasiya müharibəsi dövrüdür. Bu müharibənin əsgərləri də məhz siz jurnalistlərsiniz. Söz savaşında qalib gəlmək sizdən peşəkar hazırlıq tələb edir. Hərbi sahədən hər hansı məxfiçilik təşkil edən məlumatın yayılması düşmənə şərait yaradır ki, informasiyanın köməyi ilə bu məlumatları əldə etsin. Hərbi sahədən material hazırlayarkən  hərbi texnikaların hərəkət istiqaməti, dislokasiya nöqtəsi, şəxsi heyətin və silah-sursatın sayı, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri və texnologiyaları haqqında informasiyaların qorunmasına xüsusi diqqət yetirin. Siz redaksiyanızın tapşığını yerinə yetirərkən, dövlət sirrinin mühafizəsi işini də ön planda tutmalısınız. Həmçinin hər hansı fakt əldə etdikdə onu ictimailəşdirməzdən əvvəl  yuxarı komandanlıq ilə razılaşdırmalısınız. Unutmayaq ki, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında hər birimizin rolu vacibdir. Dövlət sirrini qorumaqla yanaşı, dövlət sirri təşkil edən məlumatları yayan, eləcə də dövlət sirri təşkil edən məlumatları xarici dövlətlərə, xarici təşkilatlara və ya onların nümayəndələrinə verən və yaxud vermək məqsədilə oğurlayan, toplayan və ya saxlayan şəxslər barədə müvafiq orqanlara məlumat vermək hər bir vətəndaşın müqəddəs borcudur".
Təlimin növbəti günündə hərbi hissənin kollektivi ilə görüş keçirildi. Hərbi maşınlarla və texnikalarla tanışlıq oldu. Hərbi hissənin zabit, gizirləri təlimalanlara texnikalar və silahlar haqqında geniş məlumat verdilər. Sonra iştirakçılara döyüş imitasiyası şəraitində düşmən texnikasının pusquya salınması və canlı qüvvəsinin əsir götürülməsi zamanı peşə fəaliyyətinin yerinə yetirilməsi fəaliyyəti öyrədildi. Dərs prosesində təlimalanlar zirehli texnikanın altında uzanma, üzərində oturma, içindən və üstündən çəkiliş etmə, döyüş vaxtı texnikadan yararlanmanın qaydaları, eləcə də döyüş şəraitində təhlükəsiz şəraitdə informasiya əldə edilməsini məşq etdilər. Bu zaman jurnalistlərə yaranan situasiyada hansı mövqedə dayanması və düzgün mövqedən müşahidə aparması öyrədildi. Daha sonra hərbi hissənin trenajor zalında simulyasiya qurğuları ilə tanışlıq oldu.
Təlimin növbəti günlərində isə meşə-çöl təlimi baş tutacaq. Hərbi hissənin atış poliqonunda keçiriləcək praktiki təlimdə döyüş şəraitində məlumatın təhlükəsiz şəkildə əldə edilərək redaksiyaya göndərilməsi, döyüş meydanında davranış, silah və texnikalarla hansı məsafədə dayanmaq lazım olduğu və digər vacib faktlar öyrədiləcək.
Gündəlik təlim planına əsasən, hər günün sonunda yekun iclas keçirilir və layihə iştirakçıları dəyirmi masa ətrafında mənimsənilən mövzulardan, keçirilən dərslərdən diskussiya aparır, təlimalanların fəaliyyəti layihə rəhbərləri tərəfindən qiymətləndirilir.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"