Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2019 10:10

Muzey döyüş şöhrəti aşılayır

Naxçıvan həm zəngin tarixi abidələri ilə məşhurdur, həm də muzeylərinin sayına və zəngin eksponatlarına görə də öncül yerlərdən birini tutur. Yaşı min illiklərlə ölçülən bu qədim diyarda 30 muzey və muzey tipli müəssisə fəaliyyət göstərir. Bu muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunur. Ötən il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ərəfəsində Naxçıvanda yeni bir muzey istifadəyə verildi. Naxçıvan hərbi şəhərciyində açıq səma altında yaradılan Döyüş Şöhrəti Muzeyi profilinə görə muxtar respublikada yaradılmış ilk muzeydir.
13 min kvadrat metr sahəni əhatə edən muzeyi gəzəndə insan sanki özünü döyüş meydanında hiss edir. Nələr yoxdur bu meydanda? - Əsasən 90-cı illərdə muxtar respublikanın müdafiəsində istifadə olunmuş onlarla hərbi texnika və qurğu. Bu silah və qurğular blokadaya salınmış muxtar respublikanın ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük rol oynayıb.
Ümumilikdə, müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğu - haubitsa, top və minaatan, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit-raket qurğuları, "Mi-8T" döyüş-nəqliyyat vertolyotu, yer qazan və maneə ləğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər. Nümayiş etdirilən hərbi texnikaların hər birinin yanında məlumat lövhələri qoyulub. Bu lövhələr vasitəsilə texnikaların istehsal ili, istifadə sahələri, texniki xüsusiyyətləri, döyüşlərdə iştirakı haqqında məlumat əldə edilir. Muzey xalqımızın döyüş ruhunu, qələbə əzmini nümayiş etdirməklə yanaşı, həm də tamaşaçılara döyüş şöhrəti aşılayır. Bu texnikaların hər birini  hərəkətə gətirən qəhrəman oğullar olub. 90-cı illərdə az sayda texnika ilə düşmənin qarşısına çıxıblar və son damla qanlarına qədər döyüşüblər. İndi eksponata çevrilmiş bu texnikalar həmin dövrün canlı şahidləri kimi sanki dil açıb danışır. Müharibə illərindən, insanların döyüş əzmindən bəhs edir. 90-cı illərin ağır, böhranlı illərində milli ordu quruculuğuna da məhz Naxçıvandan başlanılmışdı. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Ümummilli Liderimiz muxtar respublikanın sərhədlərinin möhkəmləndirilməsi və müdafiəsinin təşkili haqqında qərarlar qəbul etmiş, bununla da hərbi hissələrə və könüllü dəstələrə vahid rəhbərlik təmin olunmuşdu. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk briqada təşkil edildi. 27 il bundan əvvəl - 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev deyirdi: "Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır".
Azərbaycanın qüdrətli ordusu vardır. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin miqyası və əhəmiyyəti ilbəil artmaqla yanaşı, həm də gənclərin hərb peşəsinə marağının artırılması, hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması da diqqətdə saxlanılır. Bu baxımdan Döyüş Şöhrəti Muzeyi əhəmiyyətli rol oynayır.
Muzeyə maraq artır. Tamaşaçılar içərisində uşaq və gənclər üstünlük təşkil edir. Hər kəs eksponatlara çevrilmiş döyüş texnikalarına maraqla baxır, məlumat əldə edir. Muzey gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Tədris ilində məktəblilərin Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil olunur. Açıq səma altında yerləşən muzey Naxçıvan şəhərinə gələn turistlərin də üz tutduğu ünvanlardan birinə çevrilib.
Danılmaz faktdır ki, bu gün ordumuzun arsenalı müasir tələblərə yüksək səviyyədə cavab verən milli və dünyanın aparıcı silah sənayelərinin istehsalı olan hərbi texnikalarla təchiz olunub. 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad və ötən il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi parad da bunu bir daha təsdiq etdi. Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin birgə döyüş atışlı "Sarsılmaz qardaşlıq-2019" taktiki təlimi bir daha onu göstərdi ki, Naxçıvandakı ordu hissələri böyük potensiala malikdir.
Hər muzey özündə tarixi hifz edir, tarixi hadisələrin canlı şahidi kimi keçmişlə gələcək arasında körpü rolunu oynayır. Bu körpüdən keçməklə istər yerli sakinlər, istər turistlər ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı, eləcə də hərb tarixi barədə geniş bilgilərə sahib ola bilərlər. Bu mənada Döyüş Şöhrəti Muzeyi təkcə hərb tariximizin şöhrətini deyil, eyni zamanda, ordumuzun müasir gücünü də göstərir. Bu güc orduya inamı daha da artırır, eləcə də ordu sıralarında xidmət etmək, Vətənin müdafiəsində dayanmaq istəyini də…



Ruhiyyə RƏSULOVA, Naxçıvan televiziyasının baş redaktoru