Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2019 10:19

“Əkinçi”ylə başlanan milli mətbuatımız

Bu gün Azərbaycan sivilizasiyaların qovuşduğu, bəşəriyyətin gələcəyi naminə açıq, konstruktiv dialoqların aparıldığı məkana çevrilib. Ötən yüzilliyin sonlarında müstəqilliyini  bərpa edən xalqımız əsrlər boyu qoruduğu milli dəyərləri və unikal xüsusiyyətləri bütün dünyaya təqdim etmək imkanı qazanıb. İndi artıq bizi hər kəs doğru-düzgün, olduğumuz kimi tanımağa, qəbul etməyə başlayıb. 28 illik müstəqilliyimiz dövründə əldə etdiyimiz uğurları gördükdə hər birimizin qəlbi fərəh hissi ilə döyünür.  Əslində, bu inkişaf xalqımızın minilliklər boyu yaradıb yaşatdığı milli-mənəvi dəyərlərdən güc alır. Ulu əcdadlarımızın bizə miras qoyduğu üstün dəyərlər əsrlər boyu qorunub, inkişaf etdirilib və nəsillərin yaddaşlarına hopub. Xalqın soy kökündən gələn dəyərləri isə məhv etmək mümkünsüzdür.
Milli-mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən düz 144 il keçir. Böyüklüyü və kiçikliyindən asılı olmayaraq, dünyanın bütün xalqları gec-tez öz tarixinə  iftixarla yazır: filan vaxtda bizdə ilk məktəb açılmışdır... Birinci qəzet, birinci jurnal, birinci kitab nəşr edilmişdir... Hər bir xalqın öz ana dilində ilk qəzet oxuması, şübhəsiz, bu da həmişə hər yerdə əlamətdar hadisə olur. Öz dövri mətbuatını Avropa XVI əsrdə, Rusiya isə XVIII əsrin ilk illərində yaratdığı halda, Azərbaycan buna ancaq 1875-ci ildə nail ola bilir. Feodal mütləqiyyəti və orta əsr geriliyi səbəbindən "Əkinçi"nin mənsub olduğu xalqın intizarı çox uzun çəkir.
 Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarilə o qədər də böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli oyanışın yeni mərhələsini təmsil edən "Əkinçi" qəzetinin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa öz güclü təsirini göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi. Həsən bəy Zərdabi "Əkinçi"ni nəşr etdirməklə, Azərbaycan demokratik mətbuatının bünövrəsini qoydu. "Əkinçi" Azərbaycanda ictimai fikrin canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını "Əkinçi" qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Xalqımızın ana dilində oxuması çox əlamətdar bir hadisə idi. "Əkinçi" də öz növbəsində ana dilinin saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Böyük ziyalı, işıqlı insan H.Zərdabi həyatı boyu, qəzetin səhifələrindəki yazı ilə xalqına fayda verməklə yanaşı, Azərbaycanda peşəkar teatrın bünövrəsini qoydu, xeyriyyə cəmiyyəti açdı, Bakı Realnı Məktəbində müəllimliyi və maarifçiliyi inkişaf etdirdi. O, zəhmətkeş xalqa, onun tərəqqisinə və mübarizəsinə xidmət edən, zülmə, haqsızlığa, rəzalətə qarşı mübarizə aparan mətbuatın tərəfdarı idi. H.Zərdabi yazırdı: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki... Qəzeti çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzilinə çata bilsin... Heç olmasa ki, doğru söz yerdə qalmasın".
XIX əsr Azərbaycan ictimai fikri, mətbuatı, ədəbiyyatı və dilinin, həmçinin təbiətşünaslıq elminin tarixini öyrənmək üçün "Əkinçi" çox böyük  və mühüm bir mənbə idi. Qəzetin "Daxiliyyə", "Elm xəbərləri", "Mətbuat", "Əkin və ziraət xəbərləri"  və "Əfhali-əhli-dehat" bölmələrində faktlara əsaslanan çox qiymətli yazılar dərc olunurdu. H.Zərdabi müxtəlif rubrikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostları Seyid Əzim Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Əhsənül-Qəvaid, Məhbus Dərbəndi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqalarının mütərəqqi fikirlərini yayır, məqsədinə nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi. Hər bir sahədən oxuculara bilik və məlumat verməyə, həmvətənlərində savad ehtiyatı yaratmağa səy göstərirdi. "Əkinçi"yə nəzər salarkən onun ictimai, iqtisadi, elmi, mədəni işi sırf əməli və maarifləndirici işlə bir yerdə paralel surətdə aparmasının canlı şahidi oluruq. Qəzetin səhifələrində dərc olunan yazıların əksəriyyətində  yeni tipli mədəniyyət yaradılması məsələləri  - qədim ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb və digər məsələlər əsas yerlərdən birini tuturdu. Eyni zamanda, kiçik yaşlı məktəb uşaqlarına dərslik əvəzinə "Leyi və Məcnun", "Min bir gecə", "Pişik və siçan" kimi əsərlərin təqdim edilməsi və onların mütaliə dairəsinin məhdudlaşdırılması tənqid edilirdi. Qəzet pedaqoji meyillərin təbliği ilə yanaşı, məktəb, təlim-tərbiyə məsələləri ətrafında mübahisə və müzakirələrdən də çəkinməmişdir. "Elmi xəbərlər" bölməsində dərc olunan yazılar, əsasən maarifləndirici məqsəd daşıyırdı. O zaman Bakıya gəlmiş bir fransız jurnalisti H.Zərdabi ilə söhbətində belə demişdi: "Doğrusu, siz əsl qəhrəmansınız. Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvənizə heyranam. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz". 
Xalqımız müxtəlif tarixi dönəmlərdə ayrı-ayrı imperiyaların tərkibində yaşamasına baxmayaraq, nə dilini, nə dinini, nə də adət-ənənəsini itirmədi. Bütün bu dəyərlər mətbuatımızın yaşamasında və inkişafında öz real təcəssümünü tapdı. "Əkinçi" özündən sonra "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərinin, "Molla Nəsrəddin" jurnalının meydana çıxmasına yol açdı. İctimai fikir və mətbuat tariximizdə Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin yeri və rolu əvəzsizdir. Onların ideya və baxışları sırf azərbaycançılıq məfkurəsi ilə yoğrulmuşdu, xalqı, milləti maariflənməyə, milli-mənəvi dəyərlərə yiyələnməklə bəşəri yüksəlişə və inkişafa səsləyirdi. Məhz bu səs-sədanın gücü ilə XIX əsrin ikinci yarısından başlayaraq XX yüzillikdə xalqımızın ictimai-siyasi və mədəni həyatında ölçüyə sığmayan inkişaf baş verdi. Xalqımız maarifləndi, savadlandı, onu cilovlayan müstəmləkə zəncirindən azad olmaq üçün mücadilə yoluna çıxdı. Müsəlman Şərqində ilk müstəqil demokratik dövlətini quran xalqımız bu dövrün zəngin mətbuat tarixini də yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dərc olunan nəşrlərdə milli şüura və ictimai fikrə təsir edən çoxlu sayda məqalələr işıq  üzü gördü.
Xalqı ideya və məfkurəcə maarifləndirməyin yeganə yolu yalnız və yalnız mətbuatdan və dövri nəşrlərdən keçirdi. Böyük naşir, tanınmış dramaturq C.Məmmədquluzadənin nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı nəinki Azərbaycanın, bütün Şərq dünyasının mətbuat tarixinin nadir sənət incisidir. Bu jurnal siyasi və ideoloji sistemdə deyil, şüurda, düşüncədə, həyat və yaşam tərzində inqilablar etdi.
Bu gün böyük mücadilə və mübarizələrdən keçən milli mətbuatımız 144 il ərzində  öz yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü  kimi qeyd olunur. Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqanı rəsmi qeydiyyatdan keçib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin  sürətli inkişafına  ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etdi. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha  geniş təşəkkülünə şərait yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident  yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz  və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"