Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2019 11:42

Mətbuat - mənəvi kamilliyin cəfakeşi

"Əkinçi" qəzetinin nəşrə başlaması böyük tarixi hadisə idi.  Milli mətbuatın yaranması maarifləndirmə işinin daha səmərəli təşkilində xüsusi əhəmiyyətə malik oldu.  Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin nəşri həm də ədəbiyyatımızın, dilimizin inkişafına, oxucuların düşüncə tərzinin genişlənməsinə, milli-mənəvi dəyərlər əsasında şəxsiyyət kimi formalaşmasına təsir göstərdi.
Dövrün ziyalılarının ömür payını xalqına işıq edənlərin yazdığı məqalələr maarifləndirmə prosesinin əhatəliyini, məzmununu təmin edirdi. Başlanğıcını "Əkinçi" qəzetindən götürən qəzetlərin əksəriyyəti onun amalının davamçısı oldu...
Azərbaycanda müstəqillik uğrunda əvvəl gizlin, sonra aşkar mübarizə milli-azadlıq hərəkatı səviyyəsində genişləndi. Bu mübarizənin mütəşəkkilliyinə "Əkinçi"nin amalıyla fəaliyyət göstərən mətbuatın da böyük təsiri oldu. İmperiyanın ciddi qadağalarına baxmayaraq yeni qəzetlər nəşrə başladı. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra nəşrə başlayan bu qəzetlər də həmin amalın davamçıları oldu; Azərbaycan mətbuatı həm məzmun, həm də ideya baxımından tamamilə yeniləndi. Bu yenilənmə çağdaş jurnalistikamızda yeni bir mərhələ kimi tarixləşdi. Yeni düşüncə tərzi, fakt və hadisələrə milli-xəlqi mövqedən yanaşma, onları məhz bu baxımdan dəyərləndirmə - çağdaş jurnalistikamızı belə xarakterizə etmək olar.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasıyla Azərbaycan Ordusu yarandı.  Azərbaycan Demokratik Respublikasının mənəvi varisi olan Azərbaycan Respublikasının ordusu Cümhuriyyət ordusunun varisi oldu. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il  "Azərbaycan Xalq Cümhuriyyəti İli"  elan edildi, Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan mətbuatı bu tarixi hadisələrə olduqca həssas yanaşdı, bu tarixi hadisənin tarixləşməsində peşəkar vasitəçi oldu.
Çağdaş jurnalistikamız milli mentalitetə əsaslanan dünyagörüşün formalaşmasının cəfakeşidir. Milli mentalitetimizi müəyyənləşdirən başlıca xüsusiyyət vətənsevərlikdir. Mətbuatımız gənclərin vətənpərvərlik duyğularının yüksək səviyyədə inkişafında, gənclərin yüksək Vətən sevgisinə malik şəxsiyyət kimi formalaşmasında bütün forma və metodlardan istifadə edir.
Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının  yüksək səviyyədə olduğunu 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri, son illərdə həyata keçirilən islahatların nəticələri təsdiqləyir. Çağdaş jurnalistikamızın mühüm tərkib hissələrindən olan hərbi jurnalistikamız bu mühüm amili həmişə diqqət mərkəzində saxlayır, Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu haqqında təhlilə söykənən əhatəli  məqalələr, qələbə ruhunu  əhatələyən reportajlar, publisistik məqalələr dərc olunur ki, bunların da hər biri ordu quruculuğuna jurnalistikanın xidməti kimi qəbul edilməlidir.
22 İyul Mətbuat Günüdür.
22 iyul cəmiyyətin mühüm tərkib hissələrindən olan jurnalistikanın peşə bayramı günüdür. "Azərbaycan Ordusu" qəzeti 27 ildi Azərbaycan əsgərinin mənəvi dünyasının söz cəfakeşidi. Bu bayram münasibətilə qəzetin yaradıcı kollektivini səmimiyyətlə təbrik edirəm. Əminəm ki, Böyük Qələbədən ilk reportajı "Qızıl əsgər", "Savadlı qızıl əsgər" məcmuələrinin, tam artilleriya generalı Əlağa Şıxlinskinin rəhbərliyiylə nəşr olunan "Hərbi Bilik" jurnalının mənəvi davamçısı olan  "Azərbaycan Ordusu" qəzetində oxuyacağıq.

Gülsurə HÜSEYNOVA, Hərbi Akademiyanın  Adyunktu




“Əkinçi”dən başlayan yol

Zaman bəşərə verilən ən gözəl fürsətdir. Onu vaxtında dəyərləndirmək və yerində istifadə etmək böyük hünər, cəsarət tələb edir. Filosof, Konfutsiyə görə, "Heçnə nə gec olur, nə də tez. Hər şey vaxtında olur".  Bir şeirdə deyildiyi kimi: "Tarixin gedişinə təsir göstərə bilənlər dünyaya vaxtında gələnlərdi". Həsən bəy Zərdabi kimi...
Milli mətbuatın yaradılması zərurətini Həsən bəy Zərdabi də çox yaxşı anlamışdı. Əsarət altında yaşamaq xalqa qəlpə yaraları qədər əzab verirdi. Həsən bəy Zərdabi çətin və məşəqqətli sınaqlarla dolu 7 illik əziyyətdən sonra Azərbaycan mətbuatının əsasını qoymağa müvəffəq oldu. Reallaşan arzu neçə-neçə arzunun başlanğıcı nöqtəyə gəldikdə isə oradan min olur. Hər biri də xalqın rifahı, gələcəyi üçün olan arzular. Yeni məktəbin əsası qoyuldu. 1875-ci ilin iyulundan başlandı jurnalistlərlə xalqın əlaqələri. Mətbuatla əməkdaşlıq edənlər  xalqa xidmət edir, dövlətə, dövlətçiliyə xidmət edir. Jurnalistin gördüyünü az sonra xalq da görür, jurnalistin yazdığı xalqındı...
Onlar gördükləri çətin və məsuliyyətli iş sayəsində hər kəsin övladı olmağı bacardılar.
Mətbuat cəmiyyətlə əlaqə yaratmağın ən etibarlı yollarından biridir. Mətbuat azadlığın tribunasıdır. Bu azadlığı həm də qələmin qılınc üzərində təntənəsi hesab etmək olar...

Hüsniyyə İDRİSOVA, BSU-nun III kurs tələbəsi