Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2019 10:09

“Milli tariximizin unudulmaz günü”

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibəti ilə  "N" hərbi hissəsində "Milli tariximizin unudulmaz günü" adlı tədbir keçirildi. Tədbirdə hərbi hissənin şəxsi heyəti, Qusar rayonunun Veteranlar və Ağsaqqallar Şurasının nümayəndələri və "Sağlam ailə" Ailələrin Maarifləndirilməsinə Köməklik İctimai Birliyinin üzvləri iştirak edirdilər.
Ulu Öndərin büstü qarşısına güllər qoyulub, xatirəsinə hörmət və ehtiram ifadə edildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə iştirak edən qonaqlar şəxsi heyət qarşısında "14 iyul 1969-cu il - Azərbaycanın sosial-iqtisadi, mədəni, hərbi və siyasi inkişafının başlanğıc nöqtəsi" mövzusunda çıxışlar etdilər.
Çıxış edənlər bildirdilər ki, ümummilli lider Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmışdır. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə aktualdır. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü də xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə xatırlanır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi şəxsiyyət neçə illərin sükunətini hərəkətə gətirmiş, milləti, milli düşüncəni oyatmış, güclü iqtisadi potensial yaratmışdır.
Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi".
1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.
Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur".
Ulu Öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldıraraq, Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı.
Ulu öndər Heydər Əliyev ana dilinin inkişafını da xüsusi diqqət mərkəzində saxlamış, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirmişdir. Dahi rəhbər Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Həmin dövrdə belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. O zaman Ulu Ondərə millətçi damğası vurmaq təhlükəsi yaranmışdı. Ancaq müdrik şəxsiyyət bütün bunlardan qorxmamış, ana dilinə olan məhəbbəti, milli təəssübkeşliyi hər şeyi üstələmişdi.
Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atmışdı. İmperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda hərbi məktəbin açılmasına nail olmuşdu. Həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilmiş, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapmışdır. Xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycanın Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynamışdır.
1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültə açılmış, 100-ə qədər yeni ixtisasın hazırlığına başlanmışdı. Həmin illərdə ölkədə 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdı. Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə sisteminin müasirləşdirilməsi, ölkənin yol infrastrukturunun daha da yaxşılaşdırılması, eləcə də Ulu Öndər tərəfindən reallaşdırılan bütün tədbirlər müstəqil Azərbaycan Respublikası naminə həyata keçirilirdi.
Əsası 1969-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürərkən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü siyasət həyata keçirəcəkdir. Görülən işlər ölkəmizi günü-gündən irəliyə doğru aparır.
Sonda "Sağlam ailə" Ailələrin Maarifləndirilməsinə Köməklik İctimai Birliyinin üzvləri hərbi hissənin bədii özfəaliyyət kollektivi ilə birlikdə konsert proqramı ilə çıxış etdilər. 

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"