Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2019 10:09

Ulu öndər Heydər Əliyev - müasir Azərbaycanın qurucusu

Tarix üçün əlli il kiçik rəqəm deyil. Əlli ildə xalqın sabahları üçün olduqca böyük işlər də görülə bilər. Azərbaycanda olduğu kimi...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra respublikanın iqtisadiyyatında nəzərəçarpacaq irəliləyiş hiss edildi. Qısa müddətdə Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrildi. Neçə-neçə zavod fəaliyyətə başladı. Bu sıradan Kondisionerlər zavodu, Radio zavodu, Azon zavodu və s. bu qəbildəndir. Sənayenin inkişafı həm də respublikanın ittifaq miqyasında tanınmasına, milli mədəniyyətin daha şəbəkəli səviyyədə təbliğinə şərait yarandı. Bakının ittifaq miqyasında ən iri şəhərlərdən birinə çevrilməsi də həmin illərə təsadüf edir. Bakıda metro tikintisi başa çatdı, yeni ali təhsil ocaqları fəaliyyətə başladı. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu Azərbaycanın müttəfiq respublika kimi inkişafında önəmli rol oynadı.
Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin inkişafı üçün tarixi işlər gördü. Elm, ədəbiyyat, incəsənət korifeylərinin yubileyləri keçirildi, adları əbədiləşdirildi, ittifaq miqyasında təbliği mexanizmi müəyyənləşdirildi.
Dahi  şəxsiyyət azərbaycanlı gənclərin ittifaqın müxtəlif şəhərlərində, Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almalarını təmin etdi ki, bu da sonradan respublikada elmin dinamik inkişafında müstəsna əhəmiyyətə malik oldu.
Ötən əsrin 70-ci illərində azərbaycanlı çağırışçıların, əsasən tikinti təmayüllü hərbi hissələrdə xidmət etməsi dahi şəxsiyyətin konkret tədbir görməsində vəsilə oldu. Yüzlərlə gənc ittifaqın müxtəlif ali hərbi məktəblərinə göndərildi ki, bu da gələcəkdə kifayət qədər təsirli nəticələrin başlanğıcı kimi dəyərləndirilməlidir.
C.Naxçıvanski adına ibtidai hərbi məktəbin yaradılması Azərbaycanın həmin dövrünə deyil, neçə onillərdən sonrakı dövrünə hesablanmışdı və zamanında olduqca gərəkli olduğu öz təsdiqini tapdı. Ulu Öndər gələcəkdə Azərbaycanın hərbçi kadrlara olacağı ehtiyacı 20-25 il əvvəl önləmişdi. İttifaq rəhbərliyi bu təhsil ocağının açılmaması üçün  nə qədər ciddi etiraz etsə də, böyük tarixi şəxsiyyət bu etirazları dönməz məntiqiylə aradan qaldırmışdı...
Azərbaycanda milli demokratik hərəkat genişləndi. Xalqın müstəqillik mübarizəsi geniş vüsət aldı və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi... Azərbaycanın müstəqilliyi bərpa olundu...
Azərbaycanda vətəndaş qarşıdurması separatçılıq meyilləri, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Ulu Öndər  xalqın israrlı dəvətini qəbul etdi, Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı.
Xalqın böyük əksəriyyətinin səsi ilə  Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərin olduqca gərəkli siyasətinə əsasən qısa müddətdə beynəlxalq müqavilələr imzalandı ki, bunlar da respublikanın iqtisadi  inkişafına güclü təsir göstərdi. Bu inkişaf digər sahələrin də inkişafına şərait yaratdı. Ordu quruculuğuna xüsusi diqqət yetirildi. Qısa müddətdə yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi, hərbi vəzifələrə peşəkar zabitlər təyin olundu. Ordunun şəxsi heyətinin döyüş hazırlığı ilə bir sırada mənəvi-psixoloji hazırlığı da yüksəldildi. Ulu Öndərin sərkərdəliyiylə Horadiz əməliyyatı bu hazırlığı yüksək səviyyədə tamamladı. Bunlar da Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasını təmin etdi. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarıdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş  Komandan kimi Heydər Əliyevin ön xətdə əsgər və zabitlərə tövsiyələri hərbi xidmətdə fərqlənənlərin bilavasitə səngərdə təltif edilməsi  şəxsi heyətin mənəvi-psixoloji hazırlığında nəzərəçarpacaq yüksəliş yaratdı... Ulu Öndər fəxrlə deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu kəlam hər bir azərbaycanlının həyat amalıdır. Bu kəlam tarixin əlli ilinin nəyə istinadən yaşanıldığının göstəricisidir.
Ulu Öndər Azərbaycanın beynəlxalq imicinin formalaşmasında, dünyanın aparıcı dövlətlərinin Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr bağlamasında müqayisəyəgəlməz siyasi düha nümayiş etdirdi...
...Əlli il tarix üçün böyük rəqəm deyil. Görülən işlərin şəbəkəsini, miqyasını, milli-xəlqi dəyərini nəzərə alanda  bu rəqəm möhtəşəmləşir. Bu baxımdan Azərbaycanın son əlli illik tarixi olduqca qüdrətli tarixdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyiylə bu tarix möhtəşəmliklə davam etdirilir;  Azərbaycanın sabahları daha nurlu olacaq!..

Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri