Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2019 11:40

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Dağlıq Qarabağ münaqişəsi, tarixi faktlar, nəticələr. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan mübarizədə döyüşçülərimizin göstərdikləri  qəhrəmanlıq nümunələri.

Qrup rəhbəri bu mövzunun şərhi zamanı hərbi hissənin döyüş yolu, döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbi qulluqçuları haqqında materiallar toplayıb öyrənməli, dərsin gedişində həmin məlumatlardan istifadə etməyə hazır olmalı, eləcə də dərsin keçirilməsinə hərbi hissədə xidmət edən müharibə iştirakçılarının nümayəndələrini cəlb etməlidir.

Suallar: 
1. 1991-1993-cü illərdə Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi.
2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdəki qəhrəmanlıq nümunələri və bu döyüşlərin tarixi əhəmiyyəti.

1991-1993-cü illərdə Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi

XX əsrin sonlarında ölkədə siyasi hakimiyyətin böhranlı hala düşməsi və müttəfiq respublikalarda milli-azadlıq hərəkatının genişlənməsi Azərbaycanda Müdafiə Nazirliyinin bərpası üçün real imkanlar açdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti "Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərar qəbul etdi. Həmin qərarın əsasında respublika prezidentinin 5 sentyabr 1991-ci il tarixli fərmanına əsasən, Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabrın 9-da isə Respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun qəbul edildi.
Lakin bir tərəfdən Azərbaycan daxilində hərbi-siyasi vəziyyətin mürəkkəb olması, hakimiyyətdə olan qüvvələrin ordu quruculuğu sahəsində səmərəli siyasət izləyə bilməməsi, bir tərəfdən də ictimai-siyasi hərəkatların ordu daxilində qarışıqlıq yaratmaq cəhdləri, eyni zamanda 6 ay ərzində Müdafiə naziri vəzifəsinə 4 dəfə təyinat aparılması həm Müdafiə Nazirliyinin, həm də Azərbaycan Ordusunun formalaşmasına dağıdıcı təsir göstərdi.
1993-cü ilin ortalarına kimi davam edən belə bir şəraitdə ordu quruculuğu vahid komandanlıq və bir mərkəzdən idarəolunma prinsipindən tamamilə məhrum edilmişdi. Çünki bu dövrdə dövlətə rəhbərlik edənlər öz şəxsi mənafelərinə xidmət edir və fərdi iddialarını həyata keçirirdilər. Elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı müharibə aparmalı olduğu halda, daha çox özünü qoruyub saxlamaq uğrunda mübarizə aparırdı. Ordu siyasiləşmiş, hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. Bu səhvlərin nəticəsi tez bir zamanda özünü göstərdi. Şuşa və Laçın işğal edildi, Dağlıq Qarabağla Ermənistan arasında strateji "dəhliz" açıldı və Azərbaycanın neçə-neçə rayonunun sonrakı işğalı üçün zəmin yaradıldı.
Azərbaycanda Müdafiə Nazirliyinin və ordunun real şəkildə formalaşdırılması ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də radio və televiziya ilə xalqa müraciətindən sonra başladı.  Müdafiə Nazirliyi qeyri-sağlam qüvvələrdən təmizləndi, orduya yeni qüvvələr cəlb edildi, ordu quruculuğunda köklü dəyişikliklər həyata keçirildi. Nəticədə qısa müddət ərzində ordu yenidən quruldu, təşkilatlandı və Azərbaycanın müstəqilliyinin müdafiəsində dayanmağa qadir olan bir qüvvəyə çevrildi.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunun bu mərhələsində apardığı işlərin hərbi-siyasi nəticəsi olaraq ordu daxilində dərinləşməkdə olan böhranın qarşısı alındı və bu sahədə keyfiyyət dəyişikliyi yarandı.
Dövlət Müdafiə Şurasının ilk iclasında cinayətkarlığa, Vətən qarşısında öz müqəddəs borcunu yerinə yetirməkdən boyun qaçıran şəxslərə qarşı barışmaz mübarizə aparılacağının bəyan edilməsi, çağırış və səfərbərlik işinin şəraitin tələblərinə uyğun qurulması, fərarilərə, hərbi xidmətdən yayınanlara qarşı ciddi tədbirlər tətbiq olunması istiqamətində atılan qəti addımlar Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəlməsinə səbəb oldu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının nəticəsində vahid komandanlıq prinsipi bərqərar edildi, ordunun maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi hissə və birləşmələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Azərbaycan Ordusuna tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin Azərbaycan Respublikasının sənaye müəssisələrində istehsal edilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
1993-cü il dekabrın 10-da Beyləqan istiqamətində hücuma keçən Ermənistan silahlı qüvvələri ilk dəfə ordumuzun mütəşəkkil müqaviməti ilə qarşılaşdı. Dekabr ayının sonlarında Goranboy, Tərtər və Ağdam istiqamətlərində düşmənin hücumlarının qarşısı alındı, onun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən qoşunlarımız işğal olunmuş torpaqlarımızın bir hissəsini azad edərək  düşmənin bu istiqamətdə yerləşən hərbi qruplaşmasını darmadağın etdilər. Belə bir şəraitdə ermənilər danışıqlar stolu arxasına gələrək 1994-cü il mayın 12-də atəşkəs haqqında sənədə qol çəkməyə məcbur oldular və bununla da Azərbaycan Ordusunun yenidən qurulmasına şərait yarandı.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdəki qəhrəmanlıq nümunələri və bu döyüşlərin tarixi əhəmiyyəti

1991-1993-cü ilin ortalarına qədər Azərbaycanın ordu quruculuğunda buraxılan səhvlərə baxmayaraq, 1993-cü ilin dekabr - 1994-cü ilin yanvar-may aylarında Azərbaycan Ordusunun döyüşlərdə qazandığı uğurlar bir daha sübut etdi ki, vahid dövlət və ordu quruculuğu sahəsində dövlətin apardığı siyasət əsaslandırılmış və ardıcıl olarsa, yüksək nailiyyətlər əldə etmək olar.
Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polkovnik-leytenant Murad Mirzəyev, mayor Rasim İbrahimov, mayor Samid İmanov, gizir Mübariz İbrahimov, çavuş Etibar İsmayılov, əsgər Çingiz Qurbanov, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş əsgər Şamil Cəbrayılov və yüzlərlə digər Azərbaycan vətəndaşı döyüş meydanlarında əsl qəhrəmanlıq göstərmişlər.
Mayor Rasim İbrahimov Füzuli istiqamətində döyüşən taborlardan birinin komandiri idi. O, 1992-ci il iyunun 28-də döyüş zamanı bir neçə əsgəri ilə düşmən mühasirəsinə düşən döyüşçülərimiz sayca özlərindən dəfələrlə çox olan düşmənə qarşı son güllələrinədək vuruşaraq onlarla ermənini məhv etdilər. Bu qeyri-bərabər döyüşdə tək qaldığını görən ermənilər, Rasimin təslim olacağını güman etdikləri halda o isə "Azərbaycan zabiti əsir düşmür" sözləri ilə sonuncu qumbarasını partladaraq həm özü həlak olmuş, həm də bir neçə düşmən əsgərini məhv etmişdi.
Çavuş Etibar İsmayılov 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun "Nərgiztəpə" yüksəkliyi uğrunda gedən döyüşdə şəxsi igidlik göstərərək düşmən səngərinə birinci daxil oldu və əsgərlərimizin irəliləməsi üçün şərait yaratdı. Geri çəkilən düşmən yeni qüvvə toplayaraq tankların köməyi ilə əks-hücuma keçdi və döyüşçülərimizin mühasirəyə düşmək təhlükəsi yarandı. Düşmən tankının səngərə yaxınlaşdığını görən Etibar axırıncı tankəleyhinə qumbara ilə düşmən tankının altına atılaraq tankı məhv etməklə öz yoldaşlarını mühasirədən qurtardı.
Əsgər Şamil Cəbrayılov 1993-cü ilin axırında hərbi xidmətə çağırılmışdır. Qısa bir müddətdə öz silahından bacarıqla istifadə etməyi öyrənən Şamil dekabrın 13-də zirehli texnikanın dəstəyi ilə hücuma keçən düşmənlə döyüşdə soyuqqanlıqla ermənilərin 2 tankını məhv etmişdir.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına  bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Polkovnik-leytenant Murad Mirzəyev 2016-cı ildəki aprel döyüşlərində ermənilərin təxribatının qarşısının alınmasında misilsiz rəşadət göstərib. Vətənin cəsur, qeyrətli oğlu komandiri olduğu xüsusi təyinatlı qrupla birlikdə yüzlərlə ermənini Talış kəndi ətrafında məhv edərək, qeyri-bərabər döyüşdə tutduğu mövqeyi bir addım belə tərk etməyib. Aprelin 3-dən 4-ə keçən gecə ağır yaralanan polkovnik-leytenant M.Mirzəyev son gülləsinə və son damla qanına qədər düşmənlə mübarizə apararaq, qəhrəmancasına şəhid olub.
Mayor Samid İmanov 2016-cı ilin aprelin əvvəlində sonuncu dəfə döyüşə qatılıb. Azərbaycan-Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənlə döyüşə girib. Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor S.İmanov ayağından və çiynindən yaralanıb. Əsgərlər onu döyüş meydanından çıxartmaq istəsələr də, Samid İmanov bununla razılaşmayıb və onun əvəzinə yaralı gizirinin çixarılmasını əmr edib. Əsgərlər giziri çixardıqdan sonra yenidən döyüş meydanına qayıtsalar da erməni tərəfə əsir düşməmək üçün yerini dəyişən mayor Samid İmanovu tapmayıblar.
2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən əsgər Qurbanov Çingiz Salman oğlu dörd erməni əsgərini öldürür və daha üçünü isə yaralayaraq qeyri-bərabər döyüşdə şəhid olur. Ancaq onun nəşi erməni tərəfdə qalır. Şəhid Çingiz Salman oğlu Qurbanovun nəşi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bilavasitə göstərişinə əsasən dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm və ardıcıl tədbirlər nəticəsində 39 gün sonra - 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınmışdır.
Vətən uğrunda döyüşlərdə belə qəhrəmanlıqlar göstərən zabit, gizir və əsgərlərimiz çoxdur. Onların qəhrəmanlıqları dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib və öz qəhrəmanlıqları ilə özlərini əbədiləşdiriblər. Ordumuz məhz həmin qəhrəmanlıq nümunələri əsasında formalaşır, qurulur, böyüyür, artıq bu gün Azərbaycanın dövlət müstəqilliyini, ölkəmizin hüdudlarını, ərazisini qoruya bilən qüdrətli bir orduya çevrilibdir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu məsələlərini öz diqqət mərkəzində saxlayır və öz çıxışlarından birində demişdir: "Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır".
Bu gün səmərəli hərbi təhsil sistemi yaradılmış, hərbi kadr və mütəxəssislərin hazırlıq proqramları, hərbi təhsilin pillələri və onları həyata keçirən hərbi tədris müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən edilmişdir.
Hazırda təlim mərkəzlərində dünyanın ən qabaqcıl, müasir ordularının döyüş və mənəvi-psixoloji hazırlıq üsullarından istifadə edilir. Bu istiqamətdə bir çox böyük dövlətlərin Azərbaycanla hərbi əməkdaşlıq sahəsində imzaladığı müqavilələr xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusu NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan bütün tədbirlərdə, təlimlərdə fəal iştirak edərək, dünya dövlətlərinin ordu quruculuğu sahəsində qabaqcıl təcrübələrə yiyələnir.
Məhz 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci  ilin mayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan dövlətinin yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Son illər ərzində maddi-texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir".

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi