Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2019 11:40

“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi keçirildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti auditoriya təlimi keçirildi.
Layihə rəhbəri Əlisəfa Mehdiyev çıxışında belə təlimlərin keçirilməsinin mahiyyətinə toxunaraq jurnalistlərin bu istiqamətdə təcrübə toplamasının vacibliyini qeyd etdi. O bildirdi ki, ekstremal şəraitdə jurnalistlərin özünü qoruması və  baş verən hadisələr haqqında ilk mənbədən, dolğun və dəqiq informasiyaların alınıb cəmiyyətə çatdırılmasının öyrədilməsi məqsədi daşıyan layihə çərçivəsində keçirilən nəzəri və praktiki təlimlər, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına və cəbhədən xəbərlər yayan jurnalistlərin peşəkarlığının artırılmasına istiqamətlənib.
Çıxışına davam edən layihə rəhbəri jurnalistika peşəsi haqqında ümumi məlumat verərək planlaşdırma, jurnalist araşdırması, planlaşdırmanın növləri, mərhələləri və proseslərindən söz açdı. "Müasir dövrü jurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Bunun üçün isə jurnalist öz sahəsini mükəmməl şəkildə bilməlidir. Jurnalist cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir. Jurnalist ölkənin siyası xüsusiyyətlərini və qanunlarını, hüquq normalarını bilməli, araşdırma jurnalistikasının davranış qaydalarına riayət etməli, müxtəlif qurumların nümayəndələri ilə işləməyi bacarmalıdır. Həmçinin hərbi sahədən yazan jurnalistlər hərbçilərin rütbələri, vəzifə səlahiyyətləri, hərbi bölmələrdə nizam-intizam qaydaları haqqında məlumatlı olmalıdırlar."
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı layihə iştirakçılarını salamlayaraq bölmələrimizdə baş verən hadisələr, keçirilən təlimlər, qoşunların təmas xəttində yaranan gərginlik zamanı məlumatı ictimaiyyətə ilk mənbədən, dəqiq, müvafiq qurumla razılaşdırılmış şəkildə çatdırmağın vacibliyini diqqətə çatdırdı. Bu məqsədlə jurnalistlərin hərbi biliklərinin artırılması və hərbi qulluqçuların KİV-lərlə işləməsi ilə bağlı təlimatın hazırlanaraq hərbi hissələrə göndərildiyini qeyd etdi. Polkovnik Vaqif Dərgahlı vurğuladı ki,  Müdafiə Nazirliyinin Mətbuat Xidməti informasiyanın mediaya ötürülməsi üçün zəruri işləri görür, həmçinin jurnalistlərin  hərbi hissələrə getməsi üçün şərait yaradır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun KİV nümayəndələrinin cəbhəboyu zonada fəaliyyətinin tənzimlənməsi haqqında müvafiq əmrini xatırladan polkovnik Vaqif Dərgahlı media nümayəndələrinin hərbi jurnalistikaya meyil etməsinin sevindirici olduğunu bildirdi. "Media cəmiyyətin inkişafı və formalaşmasında, ordu quruculuğunda mühüm rol oynayır. Bu  layihə hərbi jurnalistika sahəsinə dair bütün məqamları əhatə edəcək. Lakin jurnalistlər hərbi sahədən yazarkən diqqətli olmalı, peşə və vətəndaşlıq borcuna vicdanla yanaşmalıdırlar. Gənc jurnalistlərin formalaşması və yetişdirilməsi sahəsində Müdafiə Nazirliyinin QHT-lərlə, cəmiyyətlə, müvafiq təşkilatlarla əməkdaşlığı baxımından bu təlimlər böyük əhəmiyyət kəsb edir".
Auditoriya təlimindən sonra təlimalanlar Hərb Tarix Muzeyinə ekskursiya etdilər, xatirə şəkli çəkdirdilər.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"