Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2019 11:40

“Çingizi tələbəlikdən tanıyırdım”

"N" hərbi hissəsində keçirilən vətənpərvərlik tədbirlərindən birində fəallığıyla fərqlənən əsgərin kimliyiylə maraqlanmışdım. Öyrənmişdim ki, Cəmil Əliyevdi, Yardımlı rayonunun Aras kəndindəndir. Tay-tuşlarından oxumaq, öyrənmək həvəsiylə fərqlənib. Mühəndis olmağı qərara alıb. Memarlıq və İnşaat Mühəndisləri Universitetinə qəbul olub. 2018-ci il məzunudu.
Onu da öyrəndim ki, hərbi hissədə nümunəvi əsgər kimi tanınır, nizamnamələrin tələblərinə ciddi əməl edir, məsuliyyətlidir, əmr və tapşırıqları vaxtında yerinə yetirir.
Nümunəvi əsgər hərbi xidmətə qədərki illərindən danışdı:
- Tələbəlik illərində tanıdıqlarımızı heç zaman unutmuruq. Bilmirəm, bu, bəlkə də yaş psixologiyası ilə bağlıdır. İllər keçdikcə hər xatirə könlümüzdə öz məzmununa uyğun yenidən yaşanılır...
Söz sözü çəkdi. Cəmil özündən danışmadı, tələbə olanda tanıdığı bir tələbədən böyük ehtiramla, həsədlə, sevgilərlə söz açdı.
- Məndən iki kurs əvvəl oxuyurdu. Sakit  təbiətiylə çoxunun rəğbətini qazanmışdı. Hərdən universitet tədbirlərində görüşürdük, kitabxanada qarşılaşırdıq.
Əsgər Cəmil Əliyev 2016-cı ilin dekabrında qəhrəmanlığıyla düşməni vahimələndirən bir əsgər haqqında - Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov haqqında danışırdı.
- Çingizlə eyni universitetin məzunu olduğumla qürur duyuram. Bu qürurun həm də Azərbaycan əsgərinin qəhrəmanlığıyla bağlıdı. Çingiz də hərbi xidmətə bu hərbi hissədən başlayıb. 
Andiçmə tədbirində eşitdim ki, tələbəlik illərindən tanıdığım Çingiz də bu hərbi hissədə Hərbi and içib. 2017-ci ildə xidmət etdiyi posta Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adı verildi. Onda atası Salman Qurbanovun dediklərini indi də xatırlayıram: "Çingiz mənim oğlumuydu, indi Azərbaycanın oğludu...". O tədbirdə əsgərlərdən biri demişdi ki, Çingiz söhbətlərində tez-tez Mübariz İbrahimovu xatırlayırdı.
Əsgər Cəmil Əliyev deyir ki, hərbi hissəmizdə Çingiz həmişə ehtiramla xatırlanır. Demək, Çingiz bu hərbi hissədə xidmət edən, xidmət edəcək əsgərlərin hamısının əsgərlik yoldaşıdı...
Çingiz Qurbanov 2016-cı ilin dekabrında vətənsevərlik imtahanı vermişdi. Bu imtahan  qəhrəmanlığıydı. Belə qəhrəmanlıq tarix yazır. Çingiz Qurbanovun düşmənlə döyüşü, şəhidliyi, dəfni, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi universitetimizin müəllimlərinə də, tələbələrinə də müqayisəyəgəlməz qürur yaşatmışdı. Bir daha əmin olduq ki, xalq şairi Səməd Vurğun demişkən:

...Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər...

Çingiz Qurbanov kimi oğullar əbədiyyən yaşayır...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"