Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2019 11:35

“Yaxın vaxtlarda Böyük Qələbədən reportajlar oxuyacağıq”

Yenə ön xətdə "N" hərbi hissəsində tanıdığımız-tanımadığımız əsgərlərimizin əhatəsindəyik. Tanıdıqlarımızı ki, tanıyırıq, tanımadıqlarımızı da doğmalarımız bilirik. Səmimi görüşdü; belə bənzərsiz bir səmimiyyətin cazibəsində eyni mətləbin - Vətən sevgisinin eyni istəkli tərəfdaşlarıyıq. Belə məqamlara, belə görüşlərə, belə kəlmələşmələrə xalq şairi Zəlimxan Yaqub ömürə yazılan dəqiqələr deyərdi. Ömrümüzə yazılan dəqiqələrin könül xoşluğunu ön xətdə öz bəşəri dəyərində ifadə etməyə uyarlı söz tapa bilmirəm; təbiətin gözəlliyini əsgərlərdən eşitdiyim gözəl sözlərin gözəlliyi tamamlayır.
Əsgərlər Hərbi anda sədaqətdən danışdılar:
- Hərbi and hər birimizin hərbi xidmətimizin əsasıdır.
Əsgərlər döyüş əzmindən danışdılar:
- Ali Baş Komandanın döyüş əmrinə hazırıq.
Əsgərlər qələbə ruhundan danışdılar:
- Biz 2016-cı ilin Aprel döyüşlərinin qaliblərinin davamçıları olacağıq.
Əsgərlər torpaqlarımızın işğaldan azad ediləcəyindən - Böyük Qələbədən danışdılar:
- Torpaqlarımız işğaldan tamamilə azad ediləcək, Azərbaycanın sərhədləri daxilində indən belə səngər olmayacaq!
 Əsgərlər danışmışdı, biz dinləmişdik...
Dinləyə-dinləyə düşüncələrimizin axarını özünə çəkdi. Əsgərlərin nəsə eşitmək istəyini sezmək çətin deyildi. Bu sezilən istəyin də umacağının  Vətənə, dövlətə, dövlətçiliyə ad olası söz olduğunu da sezirdik.
Əsgərlərə xitabən "Azərbaycan Ordusu" qəzeti sizin qəzetinizdi. Dərc edilən məqalələr həm də sizin üçündü. Reportajları, oçerkləri, düşüncələri, informasiyaları sizin zövqünüzcə, könlünüzcə hazırlamaq bizim vəzifə borcumuzdur. Dərc edilən məqalələrin sizin döyüş və mənəvi-psixoloji hazırlığınıza vasitə olmasını təmin etməyə çalışırıq...", - dedim. Həm öz adımdan, həm də həmkarlarımın adından.
Sözdən söz açdım. Söz kəlmədi, söz kəlamdı, söz mətləbdi. Xalq öz varlığını təkcə sıyrılı qılıncıyla deyil, həm də dürüst sözüylə, dürüst sözündə yaşadıb - dedim.
Mən danışırdım, əsgərlər dinləyirdi. Bir azdan əsgərlər danışacaqdı, biz dinləyəcəkdik...
- Hələ qəzet-kitab olmadığı zamanlarda xalq istəyini, diləyini, mətləbini bəngüdaşlara - daş kitabələrə yazırdı, yazılanlar tarixin cığırdaşı olurdu...
Azərbaycanda yazılı ədəbiyyatın tarixi min illərlə səsləşir. Şifahi xalq ədəbiyyatımızın tarixi çox-çox qədimlərlə bağlıdı. Azərbaycanımızda söz (kəlmə) - kəlam, söz - mətləb həmişə ucalıq mərtəbəsində olub, qüdrətini ucalıqlardan göstərib. Zaman-zaman söz nəhəngləri - söz korifeyləri sözü - şeiri həmişə yüksək dəyərləndiriblər. Yaşı min beş yüz illə səsləşən oğuz şeiri - könüllər şeiri, duyğular, düşüncələr şeiri sözü dünyadərkinə üçün vasitə bilib...
Hələ biz danışırdıq, əsgərlər dinləyirdi:
- Söz-kəlam, söz-mətləb qəzetdə daha çevik, daha incə, daha intensiv, daha məhsuldar təsirə malik olub. Yüz illərdi belədi. Milli qəzetçiliyimizin ilkini olan "Əkinçi" də dürüst sözün gücünə istinadən xalqın maarifləndirilməsi missiyasını öz üzərinə götürmüşdü. Mir Cəlal deyirdi: “Biz (yazıçılar - R.H.) hamımız Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışıq.” Bu anlamda 144 yaşlı qəzetçiliyimiz, jurnalistikamız "Əkinçi" qəzetinin mənəvi davamçılarıdı. Bu baxımdan Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan Ordusu"  qəzeti də "Əkinçi"nin sələfidi...
"Azərbaycan Ordusu" qəzetində dərc olunan məqalələrin əhatəliyindən, ön xətdən yazılan reportajlardan, ön xətdə jurnalist düşüncələrindən, "Ordu quruculuğu"ndan, "Gənc zabitlərimiz"dən, "Nümunəvi xidmət"dən, "Xidmət dövründə test"dən, "Sərkərdələrimiz"dən,...  danışdıq:
- Bunlar Azərbaycan əsgərinin döyüş hazırlığını tamamlayan mənəvi-psixoloji hazırlıq üçündü. "Azərbaycan Ordusu" 2016-cı ilin Aprel döyüşlərində də Azərbaycan əsgərinin yanındaydı. Lələtəpədə, Bayraqtəpədə dalğalanan bayrağımızın əzəmətli qələbə monoloqunu dünyaya ilkin yayanlardan biri də "Azərbaycan Ordusu" oldu. Azərbaycan Ordusunun zabit və əsgərlərinin düşüncələrinin, marağının cəfakeşi olan "Azərbaycan Ordusu" həmişə Azərbaycan əsgərinin sırasında olub - fəaliyyəti, belə demək mümkünsə, əsgəri xidmət olub. "Azərbaycan Ordusu" Aprel döyüşlərindən az sonra döyüşlərdə iştirak etmiş əsgərin ürəyindən keçənləri belə ifadə edirdi:
 
Tanrım verən ömür sənindi, Vətən,
Sinənə daş dəysə dağ-dağ olaram!
İrili-xırdalı yaralarına
Sarğı əvəzinə yarpaq olaram!
 
Bu xatırlama, xatırlatma əsgərləri duyğulandırdı. Əsgər Nemət Abbasov dedi ki, bu misralar hər bir əsgərin hərbi xidmətinin misralarıdı. Hər birimiz Vətənin müqəddəsliyini bu səviyyədə yaşadırıq...
Hərbçilər danışırdı, biz dinləyirdik.
 Baş leytenant Bünyad Əliyev dedi ki, Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlar Azərbaycan Ordusunun qüdrəti kimi izlənildi. İzləyənlər də, izləməyə macal tapmayib izləyənlərdən eşidənlər də əmin oldular ki, belə bir ordu torpaqlarını işğaldan azad etməyə qadirdir. "Azərbaycan Ordusu" qəzetində bu paradlar haqqında yazılan fikirlər, əsasən də "Bu parad azərbaycançılığın paradı idi", "Bu parad milli ruhun paradı idi", "Bu parad yaxın gələcəkdə qazanılacaq qələbələrə zəmanət paradı idi" kimi fikirlər hamımızın könlünə yatdı, hamımızın duyğularını coşdurdu. Qəzetdə dərc edilən bir reportaj bizim də əsgərlərimizin döyüş əzmini, qələbə ruhu-nu kükrətdi: "Səngərləri sərhədlərə köçürəcəyik!". Əsgərlərimiz bu reportajı hərbi xidmətin amalına əminliklə oxudular. Bəli, biz Ali Baş Komandanın döyüş əmriylə səngərləri dövlət sərhədlərimizə köçürəcəyik.
Zabit dedi ki, Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində tarixi qələbə qazandı. "Azərbaycan Ordusu" qəzetində istər tarixilik, istərsə də vətənpərvərlik baxımından gərəkli məqalələr də dərc edildi. O döyüşlərin, o qələbənin üçüncü il dönümündə də könlümüzə yatan məqalələr oxuduq. Bu məqalələrin ən böyük dəyəri həmin döyüşlərdə iştirak edənlərin dedikləri əsasında hazırlanmasıydı, yəni, hadisəni döyüşlərin iştirakçıları şərh edirdi. Biz bu məqalələri həm ordumuza, həm də döyüşlərin iştirakçılarına ehtiramlarla oxuduq. İnanırıq ki, "Azərbaycan Ordusu" belə məqalələri müntəzəm dərc edəcək.
Əsgər Azər Qənbərli dedi:
- Hər xalq öz qəhrəmanları ilə qürurlanır. Orta məktəbdə oxuyanda xalq qəhrəmanlarımızı tanıyırdıq, onları sevirdik. Orta məktəbdə oxuyanda indi xalq qəhrəmanlarımızla bir sırada  sərkərdələrimizi - Xətaini, Cavad xanı, Mixaylonu, Həzi Aslanovu tanıdıq, sevdik. Sonralar - dövlət müstəqilliyi bərpa olunduqdan sonra Ermənistana qarşı vuruşan, şəhid olan qəhrəmanlarımızı tanımışıq, sevmişik. Onlar haqqında dərc edilən məqalələri böyük maraqla oxuyuruq. Belə məqalələr tanıdığımız qəhrəmanları daha əhatəli tanıdır. "Azərbaycan Ordusu" qəzetində "Milli qəhrəmanlarımız" rubrikası ilə dərc edilən məqalələri də maraqla oxuyuruq.
Əsgər Vasif Əhmədov dedi:
- Uşaqlıqdan şeirə böyük marağım olub. Heca vəznində yazılmış şeirləri daha çox sevirəm. Qəzetinizdə "Könlüm şeir istəyir" rubrikası ilə dərc edilən şeirləri böyük maraqla oxuyuruq. Dövlət bayrağına xitabən yazılmış "Bayraq" şeirini heç zaman unutmayacam. Bu şeir hər bir azərbaycanlının şeiridi. Hərbçi gənclərin şeirlərini də dərc etməyinizi istərdik...
Əsgər Ayxan Nağıyev dedi:
- Qəzetinizdə "Ordu və cəmiyyət" rubrikası ilə müsahibələr də dərc edilir. Əməkdaşlarınız redaksiyanızda, əsasən, cəmiyyətdə müəyyən nüfuza malik olanlarla söhbətləşirlər. Müsahibələrin konkret mövzuya həsr olunması daha səmərəli olardı. Vətənpərvərlik, qəhrəmanlıq, şəhidlik və c. kimi mövzular ordu-cəmiyyət münasibətini daha yüksək səviyyəyə çatdırar.
Əsgər Balakişi Cəfərov dedi:
- Bəzi məqalələri illüstrasiya ilə verirdiniz. Bu, həm məqalənin məzmununun dərkini asanlaşdırır, həm də ona gözəllik verir.
- Yəni, tərtibatı gözəlləşdirir, -  əsgər Vasif Şıxəlizadə Balakişinin fikrini belə tamamladı.
Hər iki əsgərin dedikləri mənə könül xoşluğu verir: oxucu qəzetçiliyin bəzi məqamlarını standartlardan ayıra bilir. Belə düşünən əsgərlərin bədii zövqü dünyagörüşünün formalaşmasında müəyyən əhəmiyyətə malik olur. Bu qeyd-fikir "Azərbaycan Ordusu"nun fəaliyyətinə estetik biçim verə biləsi qeyd-fikir kimi dəyərlidir; əsgər Azərbaycan Ordusunun "Azərbaycan Ordusu"nu müasir qəzetçilik baxımından nöqsansız görmək istəyir...
Əsgər İlkin Hüseynov dedi:
- İdmançı olmasam da, idman həvəskarıyam. "Azərbaycan Ordusu" qəzetində ordumuzun idman həyatından da məlumatlar verilir, dünya idmanı haqqında da. Hərbçi idmançılarımız beynəlxalq yarışlarda kifayət qədər uğurla çıxış edirlər. Həmin yarışlar haqqında daha geniş məlumatlar almaq, hərbçi idmançılarımızı daha yaxından tanımaq istəyirik.
Əsgər Balakişi Cəfərovun dediklərini mahiyyət baxımdan yeni yanaşma bildik.
- Qəzetimizdə dərc edilən məqalələrin hamısı gərəklidir. Biz "Əsgərin tribunası", "Nümunəvi xidmət" rubrikası ilə dərc olunan məqalələri də maraqla oxuyuruq. Bilirik ki, əməkdaşlarınız hərbi hissələrdə ezamiyyətdə olanda komandirlərin, zabitlərin təqdimatıyla əsgər haqqında məqalə hazırlayırlar. Çox istərdim ki, belə məqalələri əməkdaşlarınızın köməyiylə əsgər hazırlayaydı. Onda həm məqalə xeyli səmimiləşərdi, həm də əsgər dostluğu daha da möhkəmlənərdi.
- Hərbi xidmətin hər günü yaddaqalandır. Ön xətdə xidmətin məsuliyyəti də, qüruru da  bir qədər fərqlidir. Ön xətdən yazılar dərc olunur. Ön xətdə xidmət edən əsgərin bir günü haqqında ayrıca məqalə dərc olunmasını da istərdik. Bu, həm əsgərlər, həm də ictimaiyyət üçün maraqlı və gərəkli olardı, - əsgər İlkin Hüseynov  belə dedi...
Azərbaycan Ordusunun "Azərbaycan Ordusu" bundan sonra da hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə istiqamətlənmiş yazılar dərc edəcəkdir...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist