Müsahibimiz Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, professor general-mayor Yusif Axundzadədir.
- Yusif müəllim, hərbi musiqinin ordu tariximizdə yeri barədə nə deyə bilərsiniz?
- Hərb tariximizə nəzər salanda görürük ki, döyüşçülərin ruh yüksəkliyini artırmaq üçün hər zaman hərbi müsiqilərə müraciət edilib. Bu musiqilərin səsləndirilməsi düşmən üzərində qələbəni şərtləndirib. Savaş başlanmazdan əvvəl qələbə əzmini gücləndirən musiqilər ifa edilib, döyüşçülər hücuma ruhlandırılıb. Hərbi musiqi haqqında məlumata Azərbaycan ədəbiyyatının qəhrəmanlıq dastanlarında - "Dədə Qorqud"da, "Koroğlu"da rast gəlinir. Cəngi, Misri havaları bu gün də öz möhtəşəmliyi ilə fərqlənir. Bu mahnılar insanlarda vətənpərvərlik, milli mənlik, mübarizlik, qəhrəmanlıq hisslərini daha da gücləndirir, hər bir döyüşçünü düşmən üzərində qələbəyə ruhlandırır.
- Qədimdə hərbi musiqilərin səsləndirilməsində hansı alətlərdən istifadə olunub?
- Keçmişdə hərbi musiqinin ifasında boru, nağara, davul və kusdan istifadə edilib. Bu gün həmin alətlərin təkmilləşmiş daha müasir formasından istifadə olunur.
- Hərbi orkestr xidməti Azərbaycan ordu quruculuğunda hansı inkişaf yollarından keçib?
- Bu gün Azərbaycan Ordusunun hərbi orkestri varislik ənənələrinə əsaslanaraq hərb tariximizin önəmli səhifələrini qürurla yaşadır. Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunun yarandığı ilk vaxtlarda, mürəkkəb tarixi bir şəraitdə ordunun hərbi orkestrinin qısa müddətdə təşkili tarixi hadisə kimi yaddaşımıza yazılıb. Təsadüfi deyildir ki, 1919-cu ildə Bakıda Cümhuriyyətin yaranmasının birinci ildönümü ilə əlaqədar keçirilən hərbi paradı Azərbaycan Ordusunun hərbi orkestri müşayiət etmişdi. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu gün rəhbəri olduğum hərbi orkestrin hər bir üzvü, o cümlədən mən də tarixi ənənələrimizi yaşatmaqla, Vətənə, xalqa, dövlətə şərəflə xidmət edirik.
- Yusif müəllim, siz ömrünüzün 21 ilini Sovet Ordusu sıralarında Xəzər Hərbi Dəniz Donanmasında xidmətdə keçirmisiniz. Hərbi xidmət keçməklə, azərbaycanlı zabit kimi hərbi orkestr sahəsində peşəkarlığınızı daim artırmısınız. O illərlə bağlı maraqlı hadisələrdən yadda qalanı varmı?
- Əlbəttə, 1971 və 1983-cü illərdə Moskvada Qızıl meydanda keçirilən hərbi paradda drijor kimi iştirak etmişəm. Sovet Ordusunda xidmət illərimin ən yaddaqalan məqamlarındandır.1971-ci il 7 noyabr paradında Sovet Hərbi Dəniz Donanmasını Bakıda yerləşən Xəzər Ali Hərbi Dənizçilik Məktəbi təmsil edirdi. Biz Kutuzovski prospektində ifa etməli idik. Şübhəsiz, proqramda hərbi donanmanın marşları var idi. Fikirləşdim ki, elə bir mahnı ifa etməliyik ki, dinləyicilərin milli kimliyimizdən xəbəri olsun. Biz orada bəstəkar Əlimərdan Əliyevin "Vətən" marşını ifa edəndə camaat dönüb bizə təəccüblə baxırdı. Elə bir dönəmdə Moskvada hərbi paradda Şərq musiqisinin səsləndirilməsi böyük hadisə idi. Hətta məktəb rəisi kontr-admiral Stepanov fasilə zamanı məndən bu barədə narazı tərzdə soruşmuşdu da... 1983-cü ildə isə hərbi paradı Mavzoley tribunasından izləyənlərin sırasında o zaman SSRİ rəhbərlərindən biri olan xalqımızın ümummilli lideri Heydər Əliyev də var idi. Mənim rəhbərlik etdiyim hərbi orkestrin çıxışları yüksək səviyyədə qiymətləndirildi. Mavzoley tribunasında dayanan Ulu Öndərin üzündəki razılıq təbəssümünü görməmək mümkün deyildi. O günləri həyatımın ən sevincli günləri kimi hər zaman xatırlayıram...
- Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın milli ordu quruculuğunda hərbi orkestr xidmətinin təşkil olunduğu o çətin, ağır illəri necə xatırlayırsınız?
- Düz 27 il öncə 1992-ci il iyulun 1-də Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi vəzifəsi mənə tapşırıldı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığında böyük rol oynayan hərbi orkestrin yaradılması işinə böyük həvəslə başladım. Yuxarıda qeyd etdiyim bəzi məqamlardan bilirsiniz ki, bu sahədə böyük təcrübəm də var idi. Yaxşı yadımdadır, 1992-ci il oktyabrın 9-da Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Həmin paradın hərbi orkestrlə təmin edilməsi, eyni zamanda idarə edilməsi mənə həvalə olunmuşdu. Çatışmazlıqlar çox idi. Paradda xüsusi geyim formamız olmalı idi. O da yox idi. Təsəvvür edin, hərbi orkestr səhra geyim formasında paradı idarə edirdi. Tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirdik. Bütün bu çətinliklərə baxmayaraq qarşıya qoyulan tapşırığı yüksək səviyyədə yerinə yetirdik.
Ordumuzun formalaşdığı ilk illərdə nümunəvi orkestrin solistləri döyüşə gedən briqadalarda şəxsi heyətin yolasalma mərasimlərində də iştirak edirdilər. Onlar orada vətənpərvər ruhlu mahnılar, marşlar səsləndirirdilər. Ümummilli Liderimizin rəhbərliyi altında aparılan ordu quruculuğu digər xidmətlərlə yanaşı, hərbi orkestr xidmətinin də daha müasir səviyyədə inkişafına təkan verdi. O illərdə qısa müddət ərzində Quru Qoşunlarında, Hərbi Hava və Dəniz Qüvvlərində, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi orkestrlər yarada bildik.
- Hərbi orkestrlərin yaradıcı heyətində kadr məsələsi necə həyata keçirilir?
- Neçə illərdir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri kafedrasına rəhbərlik edirəm. Bu kafedranın tərkibində hərbi drijorluq sinfi fəaliyyət göstərir. Bu gün həmin sinifdə hərbi drijorların hazırlanması, demək olar ki, hərb musiqimizin, hərbi orkestrlərin gələcək inkişafı üçün böyük zəmindir. İnanıram ki, burada təhsil alan hər bir istedadlı gənc sabah hərbi kadr kimi müxtəlif hərbi orkestrlərdə fəaliyyət göstərəcək.
- Əlahiddə Nümunəvi Orkestrdə fəaliyyətinizlə bağlı nə deyə bilərsiniz?
- Deməliyəm ki, Əlahiddə Nümunəvi Orkestr xidmətini ən yüksək səviyyədə həyata keçirməyi bacarır. Hələ indiyə qədər keçirilən rəsmi qarşılanma mərasimlərində heç bir nöqsanımız olmayıb. Hətta ölkəmizə qonaq gələn rəsmilər belə öz fikirlərini açıq şəkildə ifadə edirlər, minnətdarlıqlarını bildirirlər. 2015-ci ildə ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti əbədiyanar məşəlin önünə əklil qoyduqdan sonra mənə yaxınlaşıb dedi ki, sizin ifanızı çox bəyəndim. Sizə və sizin simanızda bütün Azərbaycan Ordusuna qələbə arzu edirəm. İndiyə qədər verdiyiniz şəhidlərə görə dərdinizə şərik olur, acınızı paylaşıram.
Bir neçə il öncə də İsrailin dövlət rəhbəri Netanyahu ölkəmizdə səfərdə olarkən onun xanım köməkçisi mənə yaxınlaşaraq rus dilində dedi ki, mənim də musiqi savadım var. Biz 50 məmləkətdə olmuşuq. Amma belə yüksək səviyyədə ifa, yəni, not olmadan ölkəmizin himnini ifa etmək mümkün olmayıb. Onu da qeyd edim ki, Əlahiddə Nümunəvi Orkestr çıxışlarını notsuz, yəni, əzbərləyərək təşkil edir. Çıxışlarımızın razılıqla qarşılanması təkcə bizim xidmətimizə deyil, bütün Azərbaycan Ordusuna verilən yüksək dəyərdir.
- Son illər əlamətdar tarixlərdə - 9 May Qələbə Günü, 10 may ulu öndər Heydər Əliyevin doğum günü, 26 İyun - Silahlı Qüvvələr Günü Bakıda hərbi orkestrlərin çıxışları təşkil edilir. Bu çıxışlar şəhər sakinləri və qonaqları tərəfindən maraqla qarşılanır. Deməli, Hərbi Orkestr Xidmətinin bu istiqamətdə gördüyü işlər artıq ənənəvi hala çevrilib...
- Elə bu yaxınlarda Bakıda Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları da oldu. Şəhərimizdə ikinci dəfə keçirilən bu tədbir böyük maraq doğurdu. Ümumiyyətlə, deyim ki, hərbi orkestrlərin çıxışlarında Azərbaycan, dünya klassiklərinin əsərlərinin, hərbi vətənpərvərlik mahnılarının, marşların səsləndirilməsinə xüsusi yer veririk. Azərbaycanın tanınmış bəstəkarlarından Üzeyir Hacıbəyovdan tutmuş Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Səid Rüstəmov, Vasif Adıgözəlov və başqaları vətənpərvər mövzuda əsərlər, musiqilər, marşlar yazıb bəstələyiblər. Vasif Adıgözəlovun vətənpərvər mövzuda yazdığı əsərlər bu gün Türkiyənin simfonik orkestrində ifa olunur.
- Yusif müəllim, sizin bütün tədbirlərinizin böyük əksəriyyəti Koroğlu uvertürasının səsləndirilməsi ilə başlayır...
- Bu düşmən üzərində qələbəyə bir çağırışdır. Bu il Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar geniş bir nümayəndə heyətinin tərkibində Cocuq Mərcanlıya səfərimiz oldu. Nümayəndə heyətinin tərkibində Fərhad Bədəlbəyli, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, əslən Şuşadan olan ölkənin tanınmış ziyalıları, mədəniyyət, incəsənət xadimləri, millət vəkilləri və başqa şəxslər də var idi. Orada da tədbirlərimizi Koroğlu uvertürasının sədaları altında açdıq. Klubda, açıq havada şəxsi heyətin qarşısında böyük konsert proqramı ilə çıxışlar təşkil etdik. Klarnet, zurna, davulda səsləndirilən mahnılar əsgərlərimizdə böyük ruh yüksəkliyi yaratdı. Biz vətənpərvərlik mahnılarının, hərbi marşların sədaları altında əsgərlərimizlə rəqs etdik. Tezliklə tarixi torpaqlarımızda Qələbə uvertürasını səsləndirəcəyik. Ən böyük arzum Cıdır düzündə hərbi orkestrin müşayiəti llə Qələbə paradımızı keçirmək və orada çıxış etməkdir.
- Maraqlı müsahibəyə görə çox sağ olun.
Müsahibəni apardı:
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"