Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 2019 11:11

Ölkəmizdə insan hüquqlarının müdafiəsi dünyəvi prinsiplər əsasında qurulub

Dünya  tarixinin keçdiyi inkişaf mərhələlərinin ən böyük amili insan hüquqlarına hörmət amilidir. İnsan hüquqlarına hörmət anlayışının kəşfi bəşər sivilizasiyasının qazandığı nailiyyət və cəmiyyətin demokratikliyini təsdiq edən əsas atributlardan biri sayılır. Bu hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Hər bir demokratik dövlətin prioritet vəzifələrindən biri öz ölkəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməsidir.
Ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa edən ölkəmiz dünyəvi dövlət prinsiplərini əsas götürərək demokratik inkişaf yolunu seçdi. Bu gün Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu, eyni zamanda, müdafiə edildiyi demokratik ölkələr sırasındadır. Ölkəmizdə insan və vətəndaş hüquqları  və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" mühüm  rol oynadı. Dövlət Proqramında insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması  və digər zəruri məsələlər nəzərdə tutulurdu. Məhz bundan sonra ölkəmizdə vətəndaş hüquq  və azadlıqlarının təmin edilməsi və müdafiə olunması istiqamətində görülən fundamental tədbirlər davam etdirildi və bu sahədə çox ciddi nailiyyətlər əldə edildi. "Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin", - deyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin real və qanunauyğun nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yeni keyfiyyət dəyişiklikləri baş verdi. Eyni zamanda, bu sahədə əldə edilən nəticələr hüquqi dövlət quruculuğuna töhfə verən əhəmiyyətli faktor kimi çıxış etdi. Ulu Öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı qərarları bu gün də aktuallığını itirmir və inkişafın əsas istiqamətlərini, strateji hədəflərini müəyyən edir. 
Azərbaycanda  insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi getdikcə daha da təkmilləşdirilir, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlıq tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik", - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən ardıcıl işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki,  İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Həmin sərəncamda qeyd edilir ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi  dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, ölkə Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilməsi qərara alınıb. 
Ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində yeni prioritetlər nəzərə alınmaqla, 27 dekabr 2011-ci il tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edildi. Bu proqramın həyata keçirilməsinin monitorinqi, dəyərləndirilməsi və əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edildi. Nəticədə bir çox dövlət qurumlarını və vətəndaş cəmiyyəti təsisatlarını birləşdirən şəbəkə şəklində fəaliyyət təmin olundu. Ötən bu illər ərzində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş bir çox məsələlər tam yerinə yetirildi.
Bu illər ərzində "İnsan hüquqları", habelə "Genderə giriş" fənlərinin müstəqil bir fənn kimi universitet səviyyəsində tədrisinə, yeni nəsil hüquqşünaslar, sosial işçilər və ixtisaslaşmış psixoloqların hazırlanması işinin təşkilinə nail olundu. Hazırda Bakı Dövlət Universitetində insan hüquqları kafedrası fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, yeni yaradılmış və ixtisaslaşdırılmış akademiyalarda, Polis və Ədliyyə akademiyalarında dövlət qulluqçularına, müdavimlərə, tələbələrə ünvanlanan müxtəlif mövzulu treninqlər keçirilir, hazırlıq kursları təşkil edilir. Bir sözlə, insan hüquqları sahəsində məlumatlı kadrların yetişdirilməsi işində mühüm addımlar atılır.
Onu da qeyd etməliyik ki, hərbi qulluqçuların hüquqlarının müdafiəsi işi Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qalmaqdadır. Müvəkkilə ünvanlanan müraciətlər vaxtında araşdırılaraq tədbirlər görülür. Müdafiə Nazirliyi ilə hər il  təsdiq edilmiş iş planına əsasən, Müvəkkil və əməkdaşları istər cəbhə bölgəsində yerləşən hərbi hissələrdə, istərsə də Bakı qarnizonundakı hərbi hissələrdə mütəmadi olaraq hərbi qulluqçularla görüşlər keçirir, onları maraqlandıran suallara cavab verir və hüquqi maarifləndirmə istiqamətində zəruri işlər aparırlar. Belə tədbirlərin həyata keçirilməsi hərbi qulluqçuların hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan Ordusunda ideoloji, hüquqi biliklərin artırılması və mənəvi-psixoloji təminatın  gücləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Müasir inkişaf mərhələsi hər kəsdən yeni yanaşma prinsipini, xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelini, vətəndaş-dövlət qulluqçusu münasibətlərində daim inkişaf edən düşüncə tərzini tələb edir. Bütün bunların reallaşması insan hüquqlarına verilən töhfə olmaqla, yeni təşəbbüsləri və qarşılıqlı əməkdaşlığı şərtləndirir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"