Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2019 11:05

Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir

“Müstəqilliyimiz əbədidir,  daimidir, dönməzdir”

Ümummilli lider Heydər Əliyev: Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.
Böyük əhəmiyyət daşıyan tarixi günlərdə gələcək həyatı müəyyən edən böyük başlanğıcların əsası qoyulur. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevən, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayan, hadisələri görənlər üçün 15 iyun əsl qurtuluş günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası SSRİ-nin tərkibindən çıxaraq müstəqilliyini elan etdi. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi...
Müstəqilliyin ilk illərində dövlətin idarəçiliyini ələ alaraq  xalqı bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə ərazilərimizin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə  ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.
Sonralar ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.
Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".
Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
Tarix təsdiqlədi ki, milli qurtuluşdan başlanan yol Azərbaycana zəfərlər gətirdi...

 

* * *


Böyük tarixi şəxsiyyətlər əbədiyyən yaşayır.
Tarixi günlər unudulmur. Əslində hər tarixi gün xalqın tarixidi və xalq öz tarixini mühafizə edir. Min illərdi belədi, əbədiyyən belə də olacaq.
Ötən əsrin 80-ci illərinin sonlarından xalqımızın milli azadlıq hərəkatı genişləndi. Bu hərəkatın belə geniş vüsət alması keçmiş SSRİ-ni nəinki ciddi narahat etdi, həm də ona qorxu yaşatdı. Bu hərəkatın imperiyanı diz çökdürəcəyini güman etdi. Bu səbəbdən də müxtəlif əsası olmayan bəhanələrlə Bakıya qoşun yeritdi, faciə törətdi. Xalq geri çəkilmədi. Milli azadlıq hərəkatı daha da coşdu. Belə dönməz mübarizələr həmişə qələbəylə nəticələnir; Azərbaycanda gedən milli azadlıq hərəkatı imperiyanın zəncirlərini parçaladı, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu - Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.
Hakimiyyət boşluğu səriştəsizlik, ölkədaxili siyasi vəziyyəti son dərəcədə kəskinləşdirmişdi, vətəndaş qarşıdurması yaranmaqdaydı. Separatçılıq bu qarşıdurmanı daha da gərginləşdirirdi; dövlətçiliyin itirilməsi təhlükəsi yaranmışdı. Xalq vəziyyətdən yeganə qurtuluş kimi böyük tarixi şəxsiyyət, dahi rəhbər Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ulu Öndər hakimiyyətə qayıtdı.  Dövlətçiliyimiz labüd iflasdan xilas edildi. Qısa müddətdə ölkənin iqtisadi inkişafını təmin edəcək böyük beynəlxalq layihələr imzalandı. Bu layihələri təkcə iqtisadi xarakteriylə məhdudlaşdırmaq düzgün deyil, bu layihələr Azərbaycanın beynəlxalq nüfuzunu da kifayət qədər artırdı. Dünyanın iri dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli müqavilələr imzalamağa, tərəfdaş olmağa böyük maraq göstərməyə başladılar. Ulu Öndər respublikanın iqtisadi inkişafını təmin etməklə, digər sahələrin də inkişafını sürətləndirən tədbirlər gördü: hərbi quruculuq sahəsində görülən təcili və təxirəsalınmaz tədbirlər Azərbaycan Ordusunu nizami ordu kimi formalaşdırdı, nizam-intizam, vahid komandanlıq şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığında müstəsna əhəmiyyətə malik oldu.
Ulu Öndərin sərkərdəliyi ilə Horadiz əməliyyatında Böyük Qələbə qazanıldı. Bu qələbə Azərbaycan əsgərinin ruhunun qələbəsi kimi yaşanıldı. Bütün bunlar Qurtuluş gününün qüdrətiylə yazıldı. Bu, ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu artırdı. Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev mərhələsi dövlətimizin iqtisadi, mədəni inkişafında müqayisəyəgəlməz yeniliklər mərhələsi kimi tarixləşdi.
Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafı ilə bağlı böyük işlər görülüb. Dünya şöhrətli ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinin adının əbədiləşdirilməsi, dünyanı heyrətləndirən Dədə Qorqud dastanının 1300 illiyinin keçirilməsi, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, "yerə ensə də səma şairi" kimi sevilən ustadın nəşinin Naxçıvanda torpağa tapşırılması Ulu Öndərin əvəzsiz xidmətlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Təlim və Tədris Mərkəzinin yaradılması ordu quruculuğunda mühüm yenilik kimi dəyərli oldu. Böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçiliyini təhlükədən xilas etməklə iqtisadi inkişafın da başlanğıcı oldu. Bu inkişaf bütün sahələrdə yenilənən inkişafı təmin etdi.
Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafına da gözəl şərait yaradıldı. Söz azadlığı cəmiyyət-media münasibətlərinin şəffaflaşmasında etibarlı zəmin oldu. Azərbaycan mətbuatı kəmiyyət və keyfiyyət baxımından yeni  bir mərhələyə qədəm qoydu ki, bu mərhələni tam məsuliyyəti ilə yeni jurnalistikamızın Heydər Əliyev mərhələsi adlandıra bilərik; senzuranın götürülməsi mətbu sözün məsuliyyətini də artırdı, təsirliyini də. Onun "Mətbuatın dostu" adına layiq görülməsini mətbuatın bu mərhələyə verdiyi dəyər hesab etmək lazımdır....
Qurtuluş günü tarix yaratdı - dövlətçiliyimiz xilas edildi, milli qarşıdurma aradan qaldırıldı, separatçılıq meyillərinə son qoyuldu. Qazanılan nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ümummilli Liderin formalaşdırdığı ordu bu gün nəinki Cənubi Qafqazda, dünyada ən güclü ordular sırasındadır...
Ulu öndər Heydər Əliyev əbədiyyən yaşayacaq böyük tarixi şəxsiyyətdir...

Günay TAĞIYEVA,  Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"