Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 2019 09:53

Veteranların döyüş yolu gənclərimizə örnəkdir

Böyük Vətən müharibəsindən neçə onillər keçir. O döyüşlər də unudulmur, o döyüşlərin iştirakçıları da. Böyük tarixi şəxsiyyət Heydər Əliyev veteranlara xüsusi diqqət göstərirdi. Onlara bu duyğusal münasibət daha əhatəli şəkildə davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev veteranların qayğılarının, problemlərinin həlli istiqamətində müvafiq sərəncamlar imzalayıb.
"Azərbaycan Ordusu"

Sosialist Əməyi Qəhrəmanı  Səfər Abdullayev:
 -  Mən, 1925-ci il yanvarın 5-də Xızı rayon Tudar kəndində anadan olmuşam. Müharibənin ağrı-acısını erkən yaşlarımdan hiss etmişəm. Bakıda Salyan kazarmasında 6 aylıq snayper kursunda oxuyandan sonra döyüşən cəbhəyə göndərildik. 1942-ci ildən 1945-ci ilədək 1-ci və 2-ci Belorusiya cəbhələrində marşallar K.Rokosovski və G.Jukovun komandanlığı altında döyüşürdük. Çox ağır və dəhşətli müharibə idi.
65-ci ordunun 354-cü atıcı diviziyasında snayper olmuşam, Çapayev pulemyotunu idarə etmişəm. 1943-cü ilin payız aylarında diviziyanın tərkibində  faşistlərin işğalında olan Yaltanı, Simferepolu, Dnepr çayının sahillərindən, Belorusiyanın Qomil, Lutisk, Sulitski şəhərlərindən keçərək, Belorusiyanın azad edilməsində iştirak etmişəm. 1944-cü ilin oktyabrında bütün Sovetlər İttifaqı alman-faşist işğalçılarından azad olundu. Artıq müharibə Şərqi və Qərbi Avropa torpaqlarında gedirdi. 1944-cü ildə 218-ci ehtiyat polkun tərkibində Moldaviyanın faşistlərdən azad edilməsində iştirak etdim. 1945-ci il yanvarın 13-də xidmət etdiyim polkla Venqriyadan keçərək, faşist işğalçılarını Polşa ilə Almaniyanın sərhədlərinədək qovduq. Artıq müharibə Polşa ilə Almaniyanın sərhədlərində gedirdi. 1945-ci il yanvarın 14-də Sovet qırıcı təyyarələri faşistlərin sərhəddə yerləşdirdikləri  qüvvələrinə ağır zərbələr endirdi. Çoxlu sayda faşist işğalçıları öldürüldü və əsir alındı. Bu döyüşdə mən də ağır yaralandım. Polşada hospitallarda yerləşdirildik. Sonra bizi Vladimrsk vilayətinin Kavrov şəhərindəki hospitala gətirdilər. Marşal Jukov ağır yaralılarla görüşürdü. Bizimlə də görüşdü. Yaralıların adlarını qeyd etdilər. 1945-ci ilin yanvarından avqustunadək hospitalda müalicə aldım. O ağır müharibə illərindən 74 il keçsə də, vurduğu yaralar hələ də sağalmır. Xalqımız müharibə cəbhələrində həlak olan soydaşlarımızı illər ötsə də, unutmur, xatirələrini əziz tutur.
İsmayıl Fərəcov:
- Mən 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlmişəm. 1942-ci ildə hərbi xidmətə çağırıldım. Kazım İsmayılovun rəhbərlik etdiyi 77-ci Stavropol diviziyasında kəşfiyyatçı idim. Mozdokdan Berlinə kimi döyüş yolu keçdim. O ağrı-acılı günləri sanki dünən olmuş kimi xatırlayıram. Kəşfiyyatçı kimi tez-tez düşmən arxasına keçdiyimiz üçün çətin vəziyyətlə üz-üzə qalırdıq.
Alman ordusunun dərinliklərinə kimi gedib çıxmışdıq. Ot tayasının içində gizlənib müşahidə aparırdıq. Sovet qırıcıları o ərazini bombalamağa başladı. Xeyli düşmənin məhv olduğu o anlarda yaralandım. Kürəyimdən də yara almışdım. Bunlara baxmayaraq lazımi məlumatları toplayaraq geri döndük.
Kəşfiyyat çıxışlarımızdan birində Dnepr çayını keçirdik ki, almanlar bizim gəldiyimizindən duyuq düşüb atəşə tutdular. Müdafiəmiz zəif olduğundan geri qayıtdıq. Onda itkilərimiz çox olmuşdu. Növbəti dəfə yenə getdik və mövqe qələbəsi qazandıq.
Müharibənin hər anı ölümdü, dəhşətdi... Gecə-gündüz vuruşurduq. Qışda əziyyətimiz daha çox olurdu...
Qolumda 75 ildir gəzdirdiyim bu saat Stavropol döyüşlərindən yadigardır. Hər dəfə ona baxanda müharibəni və silahdaşlarımı xatırlayıram.
İllərdir Nəsimi rayon veteranlar təşkilatının sədriyəm. Daim ictimai işlərdə, əhali arasındayam. Gənclərimizlə görüşlərdə onlara Vətənin insan üçün nə dərəcədə müqəddəs olduğunu bildirirəm.
Biz veteranlara xüsusi diqqət və qayğı hisslərinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoydu. Ulu Öndər deyirdi: "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır.  Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur".
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçımız İlham Əliyev bizim qayğımıza daim qalır.
Bir əsrə yaxın yaşadığım bu həyatda mənim ən böyük arzum doğma Vətənimdə Qələbə müjdəsi almaqdır. Ordumuzun Aprel döyüşləri, Günnüt zəfəri, keçirilən hərbi paradlar onu deməyə əsas verir ki, o gün uzaqda deyil...