Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2019 09:01

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir

Heydər Əliyev böyük tarixi şəxsiyyət idi. 1969-cu ildən etibarən fəaliyyəti sevdiyi Azərbaycanın bütün sahələr üzrə dinamik inkişafını təmin etmək olmuşdu. Sabiq SSRİ-nin sərt imperiya rejimi xalqını, millətini, ittifaq tərkibində olsa da, dövlətini sevən bir insanın fəaliyyətini yolundan saxlamağa qadir deyildi.
Həmin illərdə Azərbaycanda ibtidai hərbi məktəb yaratmaq üçün olduqca çətinliklərlə üzləşildi. Mərkəz Azərbaycanda belə bir məktəbin yaradılmasına qətiyyətlə mane olmaq istəyirdi. Böyük siyasi xadim olan Heydər Əliyev bütün iradları susdurmağı bacardı və 1971-ci ildə Bakıda C.Naxçıvanski adına ibtidai hərbi məktəb yaradıldı. Məktəb bu gün fəaliyyətini C.Naxçıvanski adına Hərbi Lisey kimi davam etdirir. Bu məktəbin məzunları arasında onlarla general, yüzlərlə polkovnik vardır. Neçə on illər əvvəl yaradılan Hərbi liseyin Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıyla elan edilmədən başlayan müharibədə nə səviyyədə gərəkli olduğunu şərh etməyə ehtiyac yoxdur.
Ulu Öndərin rəhbərlik etdiyi illərdə Azərbaycanın mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafında bir coşğunluq yarandı. Dahi rəhbər bu istiqamətlərdə də milli xarakter əsasında dönüş yaradılmasına olduqca gərəkli zəmin yaratdı. Neçə-neçə ədəbiyyat, incəsənət fədaisinin abidəsinin ucaldılması, adının əbədiləşdirilməsi xalqa, millətə müqayisəyəgəlməz xidmət kimi dəyərləndirilməlidir.
Sovet hökuməti Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün böyük qətliama hökm verdi - 1990-cı ilin 20 yanvarında Bakıda, eləcə də digər şəhərlərdə qırğınlar törətdi. Onda Heydər Əliyev çox ciddi təqiblərə, təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində qətiyyətli, kəskin çıxışı ilə bu faciəni törədənlərin cəzalandırılmasını tələb etdi, buna siyasi qiymət verilməsinin zəruriliyini bildirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqın azadlıq, müstəqillik ideyalarını söndürə bilməmişdi, xalq mübarizə aparırdı. İmperiyanın təqiblərinə baxmayaraq, milli-azadlıq hərəkatı müəyyən mərhələlərlə davam etməkdəydi. Bu mübarizə 1991-ci ilin oktyabrında müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə səbəb oldu - Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi...
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunsa da, hakimiyyətsizlik hökm sürürdü, separatçılıq baş qaldırmışdı. Bunlar respublikada milli qarşıdurmaya, real dövlət çevrilişinə şərait yaratmışdı. Onda xalq qətiyyətlə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu  Öndər hakimiyyətə qayıtdı. Dövlət çevrilişinin qarşısı alındı. Qısa müddətdə  ordu quruculuğunda əsaslı islahatlar aparıldı - yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq yaradıldı.
Ulu Öndərin uzaqgörən siyasəti neçə-neçə beynəlxalq müqavilənin, bu sıradan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin imzalanmasıyla nəticələndi, Azərbaycanın iqtisadi inkişafına şərait yarandı...
1993-cü il müasir Azərbaycanın tarixində dönüş nöqtəsi oldu; Azərbaycanda sabitlik təmin edildi, ölkə inamla irəliyə getməyə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibəti ilə keçirilən rəsmi qəbulda deyib: "Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdı. Nizami ordu yaradılmışdı, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdı, dövlətçiliyin əsasları qoyulmuşdu, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdi. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi".
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük uğurlar qazanıb. "2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan  bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Qayıdış Günü tarixi gündür, tarixdir. Həmin gün azərbaycançılığın təntənəsi kimi yaşanıldı. Bu təntənəni xalq yaşatdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən Heydər Əliyevin siyasəti bəşəri siyasət kimi Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir...

Şəbnəm BEHBUDZADƏ