Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2019 09:33

Dostluq ömrümüzün Dan ulduzudu

Səməd Vurğun deyirdi ki, könüldən-könülə yollar görünür...
Əsgərlərimizin könlündən heç zaman iraq düşməyən könlümdən yazla yayın qovuşacağında nələr keçir? - ön xətdə, səngərlərdə əsgərlərimizlə kəlmələşmək. Əsgərlər yenə Vətəndən danışsınlar, "Vətən gözdü biz kirpik, Gözümüzün keşiyini çəkirik" desinlər, torpaqdan danışsınlar, "Torpaqlarımızın yaraları işğalın sonuna kimi qaysaq bağlamayacaq" desinlər, "Böyük Qələbənin yolları üstə səngər müvəqqəti dayanacaqdı" desinlər. Ali Baş Komandanın verəcəyi döyüş əmrindən danışsınlar, "Döyüşlər qələbəylə başa çatacaq. O döyüşlərdə biz də iştirak etmək istəyirik" desinlər...
Əlim çiyninə enən əsgərin timsalında bütün əsgərlərə xitabən deyirəm ki, Böyük Qələbənin boyu görünür...
Belə kəlmələşmələrin birində əsgərlər əsgər dostluğundan danışmışdılar, kifayət qədər duyğusal məqamlar xatırlamışdılar.
"Dostluq hər hansı bir ünsiyyətlə başlayır", - demişdim. "Hərbi xidmətdə belə ünsiyyət hərbi xidmətlə bağlı olur, müəyyən münasibət yaradır", - əsgərlərdən biri belə demişdi.
"Hərbi xidmətə başladıq. Sıra hazırlığını düzgün yerinə yetirə bilmirdim. Əsgərlərdən biri mənə yaxınlaşıb yapışıqlı səslə, "Mən universitetdə bunu bir qədər öyrənmişəm. Narahat olma, indi hər şeyə alışarsan", - dedi və bayaq verilən komandaları ayrılıqda, aramla mənə öyrətdi. O vaxtdan aramızda şirin münasibət yarandı. Bu münasibət dostluq imiş. Həmin əsgərlə dostluğumu taleyimə qazanc bilirəm"...
Bu məqam əsgərləri duyğulandırdı. Diqqət yetirəndə gördüm ki, kimisinin baxışları toqquşub, kimisinin baxışları yan-yörəni gəzişir, kimisinin baxışları postlara sarıdı...
Yeniyetməliyimdə eşitmişdim: Aqillər deyib ki, dost ömrün dadı-tamıdı. Bu kəlam həm poetik şəkildə deyildiyinə, həm də aqil kəlamı olduğuna görə indiyəcən düşüncələrimdən üzülməyib. Mənə elə gəlir ki, dostluq kəlməsinin fəlsəfəsini yeniyetməliyimizdən dərk etməyə başlayırıq. İllər keçdikcə bu dərkin mahiyyəti dərinləşir, dönməzləşir, bəzi məqamlarda müqəddəsləşir də...
"Bir mən də var məndə məndən içəri", - deyən Yunus Əmrənin bütün şeirlərini oxuyursan, düşünürsən, şeiri də dərk edirsən, onun mahiyyətini, aşıladığı yaşam, həyat fəlsəfəsini də. Yunus Əmrəyə görə, hər bir bəşərin (insanın) daxilində (ürəyində) özünün xarakterinə bənzəri olan bir "mən" də var. Özü ilə içindəki (ürəyindəki) arasında fərq olmayanlara kamil insan deyirik; aqillər həmin "mən"ə dost deyib. Yunus Əmrənin sufiliyə söykənən fəlsəfəsi - poetik düşüncə sistemi düşüncələrimizdədi. Şübhəsiz ki, zamanında bu mahiyyətin məzmununa bu günümüzün əsgərləri də bələd olub. Dostluq haqqında düşüncələri bəlkə həm də bu mahiyyətlə formalaşmağa başlayıb; əsgər dostluğunun qırılmaz-üzülməz olması milli mentalitetə, bir də bu və bu kimi kəlamlara söykənir, - duşünürəm...
Xarakter uyğunluğu, dünyagörüş yaxınlığı, maraq eyniliyi yaranan münasibəti genişləndirir, dostluq məqamına çatdırır. Bu münasibət qarşılıqlı şəkildə, müqəddəsliyə münasib yaşadılanda, daha da dönməzləşir. Bir aqil deyib ki, dostluq üçün vacib olan şərtlərdən biri səmimiyyətdi, dürüstlükdü. Azərbaycan əsgəri səmimidi, dürüst xarakterlidi. Bu səmimiyyət, dürüstlük "daşı mum etməyə qadir olan" Vətən sevgisindən rişələnir. Azərbaycan əsgəri yaxşı bilir ki, azərbaycançılığı şərtləndirən amillərdən biri də dostluğa sədaqətdi. Azərbaycan əsgəri dostluğun qədir-qiymətini bilir.
Gürcü şairi Karlo Kaladzenin bir beytini xatırlayıram: “Yaxşı dost arzulayan, yaxşı dost olmalıdır”. Azərbaycan əsgərinin dostu da yaxşı dostdu, özü də; şeirdə də, bizim qənaətimizdə də yaxşı sözü sədaqətli, etibarlı sözünün sinonimidi...
Əsgər dostluğu haqqında çox eşitmişik.
Yaralı dostunu döyüşün içindən çıxardanda şəhid olan əsgər haqqında da eşitmişik, hansı səbəbdənsə dalğın olan əsgər dostunun əvəzinə döyüş növbətçiliyinə getməyi komandirindən xahiş edən, xahişində israrlı olan əsgər haqqında da, dostunun şəhid olduğunu duyunca, bilincə, bütün təhlükələri çığnayıb keçən, döyüşən əsgər haqqında da, ... Hamısını eşidincə hamımızın qənaətimiz bir olub: Azərbaycan əsgəri mənəvi ucalıqdadı, Azərbaycan əsgəri dost ömrünü ömürünə tən bilir...
Goranboy əməliyyatı qələbəmizlə başa çatmışdı. Düşmənsizləşdirilmiş Ortakənddə suyu hələ tamamilə durulmamış dağ çayının sahilində qalib əsgərlərimizlə söhbətləşmişdik, əsgərlərin təəssüratlarını qələbə əzminin nəticəsi kimi dinləmişdik. Hərbi hissənin komandir müavini Yusif Mirzəyev (sonralar Azərbaycanın Milli Qəhrəmanı) bu əməliyyatda əsgərlərimizin rəşadətlə döyüşdüyünü demişdi. Fəğandan danışmışdı. Yusifin qüruru yerə-göyə sığası qürur deyildi. Bu qüruru qələbənin qüruru bilirdik, qalib əsgərlərin döyüş ruhunun, qələbə əzminin qüruru bilirdik.
Fəğan döyüşün gedişində hiss edib ki, sağ cinahda döyüşən dostunun atışı güllə-güllə zəifləyir. Atışa-atışa, sürünə-sürünə dostuna çatır, dostu ayağından ağır yaralanıbmış.  Ona ilk yardım göstərdikdən sonra yaralanmasına məhəl qoymadan dostunu döyüşün içindən üç-dörd yüz metr uzaqlaşdıra bilib - yaralı əsgər ağır yaralanmış əsgəri, özünün və ağır yaralı əsgərin avtomatını nisbətən təhlükəsiz yerə çıxardıb. İlk baxışda üç-dörd yüz metr o qədər də uzaq məsafə deyil. Döyüşdə bu məsafənin nə qədər uzandığını təsəvvür etmək də müəyyən həyəcan yaradır...
Aylar sonra hər iki əsgər Ağdərə uğrunda gedən döyüşlərdə də iştirak etdi...
Onları yaxından tanıyanlar inanırdı ki, bu dostluq uzunömürlü olacaq...
1994-cü ilin əvvəllərində ikinci Kəlbəcər əməliyyatında hərbi hissədə cəsarəti, qətiyyəti, Vətənə sədaqəti ilə tanınan əsgər Yaşar Göyüşov Qamışlı körpüsünün yaxınlığında şəhid olur. Gərgin döyüşlər getdiyinə görə onun nəşini bir tərəfə çıxartmağa vaxt olmur. Sahib Aslanov dostunun nəşini düşmən əlində qoymamaq üçün "döyüş qurtarsın, adına layiq dəfn edərik" qənaətiylə, sözün əsl mənasında, yolunu didişdirən güllələrə məhəl qoymadan özünü həmin yerə yetirir. Yaşarın nəşini kaha misallı bir daldalığa çəkir, qarşısına iri daşlar düzür ki, diqqəti çəkməsin. Sahib mühasirədən çətinliklə də olsa qurtara bilir...
Döyüşlərdə əsgər dostlarına xətər yetirməsin deyə, düşmənin atdığı əl qumbarasını sinəsiylə örtənlər də olub. Bu, Hərbi anda, hərbi mundirə, orduya sədaqət, müqayisəyəgəlməz insansevərlik, əsgər dostluğunun təzahürü olub, əsgər dostluğu qəhrəmanlıqlar yaratmağa da qadirdi.
Ötən il ön xətdə ezamiyyətdəydim. Lələtəpədə "2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarının sələfləri olacağıq!", - deyən əsgərlərlə inamdan boy göstərən səmimi söhbətimiz olmuşdu. O qələbəyə ruhumuzun qələbəsi demişdik. Əsgərlərdən biri qətiyyətlə, inamla demişdi:
- Elə istərdik ki, döyüş əmri biz tərxis olunanacan verilsin. Döyüşənlərin, qalib əsgərlərin sırasında biz də olaq. Qələbədən sonra işğaldan azad etdiyimiz kəndlərimizin Cocuq Mərcanlı kimi yenidən qurulmasında, tikilməsində biz də iştirak edək. Sıramızda laçınlı olub Laçını görməyən də var. Əsgər dostumuzun xəyallarının ünvanı olan Laçının tikintilərində əsgər dostumuzun sağında-solunda biz də olacağıq.
Bir aqildən soruşurlar: “Dost yaxşıdı, yoxsa qardaş?”. Aqil tərəddüdsüz cavab verir ki, qardaş da dost olsa yaxşıdı. Bu düşündürücü kəlam-məsəl mahiyyəti etibarilə milli mentalitetimizin tərkib hissələrindəndir. Xalqımız həm də bu və bu kimi amillərə görə dünyanın heyrətidi. Azərbaycan əsgəri belə kəlamların işığında formalaşıb.
...Azərbaycan əsgəri dostluğu yüksək dəyərləndirir. Söhbətləşəndə əsgər dostluğu haqqında deyilənləri bir mətləbə ümumiləşdirə bildim. Dostluq ömrümüzün Dan ulduzudu. Dan ulduzunu inamın, etibarın, sədaqətin rəmzi bilmək suç deyil.

Rəşid HÜSEYNOV, əməkdar jurnalist