Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2019 09:09

“Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimat mərasimi keçirildi

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində tarix üzrə fəlsəfə doktoru Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın babası, milyonçu, ictimai xadim və xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 100 illiyinə həsr etdiyi "Hər ömür bir tamaşa., (Bakı gecələri)" adlı kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin, Respublika Qadınlar Cəmiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri  iştirak edirdilər.
Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin zabiti leytenant Günel Dadaşova bildirdi ki, Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar yaşadıqları dövr ərzində xalq, millət üçün çox böyük işlər görüblər. "Belə insanlardan biri  də uzun illər adının çəkilməsi yasaq olan, amma hər zaman tarixin və qədirbilən xalqımızın yaddaşında yaşayan Ağa Musa Nağıyevdir. Bu gün təqdimat mərasimini keçirdiyimiz "Hər ömür bir tamaşa" kitabı Dilarə Ağamusanın babası xeyriyyəçi-milyonçu Ağa Musa Nağıyevə həsr etdiyi sayca 7-ci kitabdır. Kitabın çap olunmasında əsas məqsəd Ağa Musa Nağıyevin fəaliyyəti, tariximiz haqqında tam məlumatların oxuculara çatdırılmasıdır.
Tarixə əfsanəvi milyonçu kimi daxil olan A.M.Nağıyev kapitalını o dövrdə cəhalət girdabında boğulan xalqın maariflənməsinə, onun dünya görüşünün ümumi mədəni səviyyəsinin yüksəlməsi istiqamətinə sərf etməklə bərabər, bina tikintisinə yönəltmişdir. Tikdirdiyi 98 binanın - yadigarlarının hər naxışında neft milyonçusunun saf əməlləri, vətənpərvərliyi, milli təəssübkeşliyi hiss olunur".
Leytenant təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin və xidmət yeri olan Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin binasının Ağa Musa Nağıyev tərəfindən inşa edilməsindən qürurla danışdı.
Milyonçunun nəvəsi, tarix üzrə fəlsəfə doktoru Dilarə Ağamusa bildirdi ki, həyatda böyük ideyalara qovuşmaq, cəmiyyətin inkişafına nail olmaq üçün ilk növbədə qan yaddaşına qayıtmaq, özünü dərk etmək, tarixini və mənəvi dəyərlərini araşdırmaq mütləqdir. “Tariximizə hörmətlə yanaşmaq, Azərbaycanın keçmişini, onun dəyərli səhifələrini gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. Ağa Musa Nağıyevin ziddiyyətli, sevincli, kədərli və faciəli həyatı bütövlükdə doğma xalqının tarixi və mədəniyyəti ilə bağlı olub”.
 Vətən sevgisi ilə yaşadığını bildirən Dilarə Ağamusa çıxışının sonunda Musa Nağıyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin danışmaqla bitməyəcəyini, ən böyük arzusunun Musa Nağıyevin tikdirdiyi 98 binanın sayını 100-ə çatdırmaq olduğunu qeyd etdi. Ölkə başçısına, Birinci vitse-prezidentə göstərdikləri xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin kitabxana müdiri, Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı çıxışına Ağa Musa Nağıyevin "İnsanlar bu dünyada adları ilə yox, əməlləri ilə yaşayırlar. Eyni zamanda, adlarını da tarixə əbədi yazırlar" kəlamları ilə başlayaraq qeyd etdi ki, "Hər ömür bir tamaşa" kitabını oxuyarkən Ağa Musa Nağıyevin Bakıda saysız-hesabsız möhtəşəm tikililərinin milli-mənəvi dəyərlərin aşılanmasına, maarif və səhiyyənin inkişafına yönəltdiyi xeyirxah işləri, zaman-zaman yaddaşlarda yaşayan və hər birimizin fəxr etdiyi Azərbaycan oğlunun tərcümeyi-halını varaqlamış oluruq. “Kitabın hər səhifəsi bir tarixdir desəm, lap yerinə düşər. Xeyriyyəçi-milyonçunun tikdirdiyi binalar bu gün də xalqa xidmət göstərir...".
Milyonçunun nəticəsi Elşad Ağayev, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Gülbahar Məmmədova, Vəfa Abbasova, Gülarə Munis, Mərcan Şahbuzi, Nailə Yusifova, Sevda Məmmədova, Gülnarə Əmirquliyeva, Gülmayıl Murat və digər çıxış edənlər də xeyriyyəçi-milyonçunun keşməkeşli həyatından, xalqı üçün gördüyü işlərdən, xeyriyyə əməllərindən söz açdılar.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"