Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2019 10:28

Qəhrəmanlıq qürur dastanıdır

Bərdə və Sabirabad rayonlarında Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlıq zirvəsi" sənədli filminin və "Qürur dastanı" kitabının təqdimati keçirildi. Hər iki rayonun və Mədəniyyət Nazirliyinin birgə reallaşdırdığı tədbirlər qürurverici anlarla yadda qaldı.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların döyüş yoluna qiymət verərək deyirdi: "Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir."
Qəhrəmanın xatirəsinə həsr edilən silsilə tədbirlər doğulduğu Bərdənin Mollalı kənd qəbiristanlığındakı məzarının ziyarəti ilə başladı. Sonra tədbir iştirakçıları qəhrəmanın adını daşıyan Bərdə şəhər 6 saylı orta məktəbinə gələrək şəhid məzunun xatirəsinə həsr olunmuş kitab sərgisi və guşəylə tanış oldular. Xatirə tədbiri 1 saylı uşaq incəsənət  məktəbində davam etdi.
Mədəniyyət Nazirliyinin, Bərdə rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin, ictimaiyyət nümayəndələrinin, müharibə veteranlarının,  qazilərin,  əsgərlərin, tələbələrin, müəllim və şagird kollektivinin iştirak etdiyi şəhid  Milli Qəhrəman Səfiyar Behbudovun xatirə tədbirini açıq elan edən Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini və Yeni Azərbaycan Partiyasının Bərdə rayon Təşkilatının sədri Fəqət Şadlinskaya çıxışında ulu öndər Heydər Əliyevin şəhid ailələrinə, Milli Qəhrəman ailələrinə göstərdiyi diqqət və qayğısının bu gün ölkə Prezidenti tərəfindən  davam etdirildiyindən bəhs etdi. F.Şadlinskaya hər bir bərdəlinin fəxr etdiyi qəhrəmanın döyüş yolundan danışdı. "Xocalı soyqırımından sonra Bərdə özünümüdafiə batalyonuna daxil olan Səfiyar Behbudov cəbhənin ən qaynar nöqtələrində erməni quldurlarına qarşı mərdliklə döyüşürdü. O, Ağdam, Tərtər uğrunda gedən ən ağır döyüşlərdə iştirak etdi. 1992-ci il martın 21-də erməni vəhşiləri  yaralı vəziyyətdə əsir götürülən Səfiyara olmazın işgəncələri veriblər. Bu işgəncələrə mərdliklə dözən Səfiyar düşmənə heç bir hərbi sirr vermir. Onun Vətənimizin azadlığı, torpaqlarımızın müdafiəsi uğrunda apardığı mübarizə bu gün hər bir Azərbaycan gəncinə nümunədir”.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Almaz Soltanzadə, "Qəhrəmanlıq zirvəsi"  adlı sənədli filminin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, "Qürur dastanı" kitabının müəllifi Azər Hacıbəyli belə filmlərin hazırlanmasının və kitabların nəşrinin vacibliyini qeyd etdilər, onların gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırdılar. Bildirildi ki,  Prezident İlham Əliyevin sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin "Kinosalnamə" studiyası 80 nəfər Milli Qəhrəman  haqqında sənədli film çəkib, bu sahədə işlər davam etdirilir. "Qürur dastanı" qəhrəmana həsr edilən dəyərli poemadır.
Şəhid qəhrəmanın bacısı Naibə Behbudova çıxışında ailəsi adından tədbirin təşkilatçılarına, filmdə zəhməti keçən hər kəsə minnətdarlığını ifadə etdi və qardaşı ilə bağlı maraqlı xatirələrdən danışdı.
Tədbirin sonunda "Qəhrəmanlıq zirvəsi"  sənədli filmi nümayiş olundu, "Qürur dastanı" əsərindən parçalar söylənildi.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"