Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2019 10:26

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”

Müstəqillik ideyası xalqın, millətin sabahlarını müəyyənləşdirən, sabahlar üçün ideoloji zəmanət olan məfkurədir. Xalqı xalq kimi bu məfkurə formalaşdırır. Min illik (min ildən də çox!) dövlətçilik tarixinə malik olan Azərbaycan Gülüstan və Türkmənçay müqavilələri ilə dövlət müstəqilliyini itirdi. Azərbaycanın ərazisi Rusiya ilə İran arasında bölündü, Araz çayı sərhədə çevrildi. Bu parçalanmanı Xalq şairi Bəxtiyar Vahabzadə "Gülüstan" poemasında olduqca heysiyyətlə, böyük vətəndaş-şair yanğısıyla ifadə etmişdir. Bu poema da təsdiqləyirdi ki, xalqın müstəqillik amalı işğal olunmayıb. Xalq dövlətçiliyini bərpa etmək uğrunda gizlin-aşkar mübarizə aparırdı. Tarix təsdiqləyir ki, dövlətçiliyini itirən xalq gec-tez yaşamını da itirir...
Xalqın tarixi mübarizəsini dövrün tarixi şəxsiyyətləri qələbəyə səfərbər edə bilir, edir. Mübarizənin məqsədi, niyyəti xalqı öz ətrafında sıx birləşdirir və mübarizə ümumxalq mübarizəsinə çevrilir. Ötən əsrin əvvəllərində belə bir mübarizə başladı və 1918-ci il mayın 28-də tarixə bir ad yazıldı: Azərbaycan Xalq Cümhuriyyəti.
1918-ci il mayın 28-də Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk hökuməti təsdiq edildi.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk təsis iclası 1918-ci il dekabrın 7-də Bakıda Tağıyev qız məktəbində oldu. Azərbaycan parlamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından başqa bu və ya digər orqanın hesabatını dinləyib, onlar haqqında müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra, 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci hökumətdə dəyişikliklər edildi.
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Silahlı Qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov bəy Sultanov Hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdu.
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir.
Azərbaycan dilinin, sözün əsl mənasında, dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır. Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilməsi parlamentə aid deyildi. Ona görə də parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi.
Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə parlamentdə çıxış etdi. Müzakirələrdən sonra parlament Fətəli xan Xoyski hökumətinə etimad göstərdi. Hökumətdə Fətəli xan Xoyski Baş nazir portfeli ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutdu. Üçüncü hökumət kabinəsində Səməd bəy Mehmandarov hərbi nazir vəzifəsini tutdu.
Azərbaycan Xalq Cümhuriyyəti Birinci Dünya müharibəsinin başa çatması ilə müşayiət edilən gərgin diplomatik mübarizə şəraitində yarandı və fəaliyyət göstərdi. Siyasi məzmunda Azərbaycan ideyasını dünyaya təqdim edənlər 1920-ci ildə diplomatik baxımdan bu ideyanın Versal Ali Şurası tərəfindən beynəlxalq təsdiqlənməsinə nail oldular. Məhz belə bir şəraitdə Azərbaycanın müstəqilliyinin 1920-ci ildə Versal Ali Şurası tərəfindən de-fakto tanınması 1919-cu ilin payızından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı, Azərbaycan diplomatiyasının mühüm uğuru, onun Paris Sülh Konfransındakı say etibarı ilə kiçik olan heyətinin böyük qələbəsi idi. Lakin Birinci Dünya müharibəsindən sonra formalaşan yeni geosiyasi proseslər Azərbaycan millətinin bu tarixi nailiyyətdən yetərincə faydalanmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində ölkə daxilində gedən siyasi proseslərin, məhəlli ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqın azadlıq, müstəqillik ideyalarını dondura bilməzdi. Məfkurə qadağalara, təhlükələrə, təqiblərə üstün gəldi. "Azadlığı zərrə-zərrə, qram-qram istəməyən" (Xəlil Rza Ulutürk) xalq 1988-ci ildə açıq şəkildə ayağa qalxdı, "qoca vulkan oyandı" (Məmməd Araz). Rus imperiyasının dayaqları laxladı. Əsarət buxovu Azərbaycanda qırıldı; Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. 
Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Cümhuriyyətin gerbi, bayrağı və himni müstəqil Azərbaycanın da gerbi, bayrağı və himni oldu. Sələf-xələf mənəvi bağlılığı bərpa edildi və bu, tarixən pozulmayacaqdır...
Sonralar böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi.
Azərbaycanın dövlətçiliyini itirmə təhlükəsi yarananda xalq təkidlə Ulu Öndəri hakimiyyətə tələb etdi. Bu tələb, bu tələbin nəticəsi olan qayıdış Azərbaycanı real təhlükədən xilas etdi. Qısa müddətdə Azərbaycanda neçə-neçə beynəlxalq müqavilə imzalandı ki, bunlar da dövlətin bütün sahələr üzrə dinamik inkişafına zəmin yaratdı.
Ulu Öndər Azərbaycan Ordusunu qısa müddətdə nizami ordu kimi formalaşdırdı. Horadiz əməliyyatı ordumuzun yüksək döyüş qabiliyyətinə malik olduğunu təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün sahələr üzrə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdi. İndi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Bu ordu 2016-cı ilin aprelində düşmənin irimiqyaslı təxribatlarının qarşısını aldı, əks-hücumla qısa müddətdə Lələtəpə, Bayraqtəpə kimi strateji əhəmiyyətli yüksəkliklər də daxil olmaqla min hektarlarla ərazi işğaldan azad edildi.
Son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltdi. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Ordumuzun Aprel zəfəri, Günnüt qələbəsi, 2018-ci ildə Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlar təsdiqlədi ki, Azərbaycan Ordusu Böyük Qələbə qazanmağa, torpaqlarımızı işğaldan azad etməyə qadirdir...
Çağdaş Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisidir və bu dövlətçilik əbədidir.

Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri