Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2019 09:35

“Hər saatın qədrini bilirik”

Hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə keçirilən seminarda Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirdi ki, azərbaycançılıq ideologiyasına, Heydər Əliyev irsinə yiyələnmiş şəxsi heyət yüksək döyüş əzminə və qələbə ruhuna malikdir. Müdafiə naziri tərbiyə işinin də planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verdi...
Hərbi xidmət günün nizam qaydalarıyla tənzimlənir. Bu baxımdan şəxsi heyətin mənəvi-psixoloji hazırlığına yönəldilən bütün tədbirlər kimi günün nizam qaydalarına daxil olan mədəni-asudə vaxt da ordu quruculuğunun tərkib hissələrindəndir. Belə tədbirlər ideoloji baxımdan məqsədyönlü, məzmunlu təşkil edilərsə, əsgərin dünyagörüşünün formalaşmasında da gərəkli olur.
Hərbi hissələrdə mədəni-asudə vaxt müvafiq təlimatlar əsasında təşkil olunsa da, səmərəli hesab edilən yeniliklərdən də bəhrələnmək faydalı olardı. Əsgərlərin maraqlarının, meyillərinin müəyyənləşdirilməsi, qruplaşdırılması mədəni-asudə vaxtın təşkilində vacib şərtlərdəndir. Ezamiyyətlərdə zabitlərlə bu tezislər haqqında da kifayət qədər əhatəli kəlmələşmişik, maraqlı, bəzən gərəkli fikir mübadilələrimiz də olub.
Mədəni-asudə vaxtın təşkilində əsasən mədəniyyət, incəsənət, bəzən də ədəbiyyat yönümlü tədbirlərə üstünlük verilir. Ordu quruculuğunun mənəvi-psixoloji hazırlıq kimi mühüm bir amili tələb edir ki, bunlarla kifayətlənilməməlidir.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyevin seminar iştirakçılarının nəzərinə çatdırdığı mühüm bir amil həmişə diqqət mərkəzində saxlanılmalıdır, tədbir təşkil edilərkən bu amilin müxtəlif çalarlarının nə səviyyədə səmərəli olacağı nəzərə alınmalıdır: mədəniyyət sahəsində fəaliyyət göstərən dövlət orqanları, müəssisələri ilə qarşılıqlı əlaqə. Bu əlaqə həm də ordu-cəmiyyət münasibətlərinin daha da həssaslaşmasına xidmət edəcək. Bu orqanların, müəssisələrin əməkdaşlarının da iştirakı ilə bayram günlərinin, əlamətdar hadisələrin daha geniş informasiya verilməklə qeyd olunması əsgərlərin vətənpərvərlik duyğularını daha da dönməzləşdirir.
Tarixi yerlərə, tarixin müəyyən dövrünü yaşadan tarixi abidələrə ekskursiyalar da bu qəbildəndir.
Mədəni-asudə vaxtın təşkilində bədii, ədəbi-bədii proqramlardan da bəhrələnilir. Uğur - nəticə xeyli dərəcədə ssenaridən də asılıdır. Ona görə də ssenari “Bir saat müddətində əsgərə nə və necə aşılanacaq?” - sualını  əhatələməlidir. Aşılanacaqların nəticələrini ehtimal etmək mümkün deyilsə, deməli, bu tədbir gərəkli tədbir deyil, zamandan - vaxtdan səmərəsiz istifadə edilib; hərbi xidmətin hər saatının qədri bilinməlidir. Ədəbi qiraət, poeziya musiqini, musiqi ədəbi qiraəti tamamlayırsa, biri digərinin nəticəsi - davamı olursa, proqram təkcə vaxtın ötüşməsinə yönəldilmir, həm də maarifləndirmə, dünyagörüşü formalaşdırma vasitəsinə çevrilir. Eyni fikirlər bölükdə təşkil edilən (ediləcək) disputlara, viktorinalara da şamil edilməlidir. Disput üçün seçilən mövzu, viktorina üçün seçilən suallar bilavasitə mənəvi-psixoloji hazırlığa yönəldilməklə fəzilətlər - Hərbi anda, dövlətçiliyə sədaqət, Vətənə sevgi, dostluq hissləri aşılamalıdır. Belə təşkil edilən mədəni-asudə vaxtın mahiyyəti  etibarilə ordu quruculuğu prosesinin tərkib hissəsi olur.
Ötən ilin payızında ön xətdə yerləşən hərbi hissələrdən birində əsgərlərin mədəni-asudə vaxtının necə keçirilməsiylə də maraqlanmışdım. Zabitlərdən biri demişdi ki, hərbi hissədə mədəni-asudə vaxt - əsgərin özünün marağı ilə müəyyənləşən hərbi sərbəstlik də müəyyən mənada hərbi xidmətin tərkib hissələrindəndir. Onda əsgərlərdən biri demişdi:
- Mədəni-asudə vaxta istirahət vaxtı da demək olar.
Əsgər haqlı idi. İstirahət, həqiqətən də, marağın, həvəsin, istəyin reallaşmasıyla keçən anlardır, bu baxımdan saatdır.
Əsgərlərdən biri demişdi:
- Mən orta məktəbdə oxuyanda mütaliəni çox sevmişəm. Hərbi xidmətə gələndən sonra ilk vaxtlar - gənc əsgərin hazırlığı dövründə buna vaxtım olmurdu. Kursu bitirdik, Hərbi and içdik. Mütaliə ilə məşğul olmağa xidmətə başladığım hərbi hissədə geniş imkan yarandı. Tarixi, bir də müharibədən bəhs edən əsərləri maraqla oxuyuram. Mənim üçün asudə vaxt mütaliə deməkdir.
Əsgərlərdən biri demişdi ki, əsgər dostlarımla bir tərəfə çəkilib könül söhbəti etməyi çox sevirik. “Uşaqlığımızdan, yeniyetməliyimizdən danışırıq, xatirələr bizi bir-birimizə daha da yaxınlaşdırır. Təkcə xatirələr danışmaqla kifayətlənmirik. Vətəndən danışırıq, torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin nə vaxt olacağından danışırıq, o döyüşlərin iştirakçısı olmaq istəyindən danışırıq. Asudə vaxt həm də əsgər dostluğunun yaranmasında, möhkəmlənməsində bir vasitədir. Biz bu vasitəni lazımi səviyyədə dəyərləndiririk. Hərbi xidmətin hər gününün də, asudə vaxtın hər saatının da qədrini bilirik”.
Xalq şairi Səməd Vurğunun "Mən tələsmirəm" şeirindən bir misranı xatırlamış, xatırlatmışdım: "Yel kimi keçməsin vaxt üstümüzdən"...
Polkovnik-leytenant Namiq Cavadov demişdi:
- 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü təsdiqlədi. Əsgərlərlə söhbətlərdə bu qələbə haqqında da təfsilati məlumatlar verilir. Yəni, mədəni-asudə vaxt da ideoloji iş formatında keçirilir. Bütün tədbirləri birləşdirən bir meyar var - mənəvi-psixoloji hazırlığı daha da yüksəltmək. Kifayət qədər yüksək döyüş hazırlığına malik olan Azərbaycan əsgəri elə bu səviyyədə də mənəvi-psixoloji hazırlığa malikdir. Məhz bu vəhdətin nəticəsidir ki, Azərbaycan Ordusu  dünyada ən güclü ordular sırasındadır.
Onda mədəni-asudə vaxtla bağlı əsgərlərdən maraqlı fikirlər eşitmişdik:
- Hərbi xidmətin ilk günlərindən istedadlıların müəyyənləşdirilməsi, hərbi hissədə onları birləşdirən qrup yaradılması mədəni-asudə vaxtın təşkilində səmərəli olardı.
- Hərbi hissələrdə Əzim Əzimzadə adına rəssamlıq məktəbinin məzunlarının yaradıcılıq imkanlarından bəhrələnmək mümkündür. Plakatların güclü ideoloji vasitə olduğu hamıya məlumdur. Mədəni-asudə vaxtın təşkilində bu amildən də istifadə edilə bilər.
Hər iki əsgərin təklifi mədəni-asudə vaxtın təşkili metodologiyası baxımından diqqəti çəkir. Polkovnik-leytenant qətiyyətlə bildirmişdi ki, hər iki təklif dəyərləndiriləcəkdir...
Dəyərli, gözəl fikirlər heç zaman unudulmur: başqa zamanda başqa  hərbi hissədə əsgərlərdən eşitdiklərim də yaddaşımdadı. Əsgərlərdən biri demişdi ki, ən gözəl, bəlkə də ən gərəkli istirahət musiqi dinləməkdi. Mən muğamlarımızı, xalq havalarımızı böyük maraqla, böyük sevgilərlə dinləyirəm. Ötən muğam müsabiqəsində muğamlarımızın mahir bilicisi xalq artisti Əlibaba Məmmədovun dediyi bir fikir mənim muğamlarımıza marağımı, sevgimi daha da artırdı: muğamın fəlsəfəsini dərk edəndə dünya gözəlləşir. Atamdan eşitmişəm: müharibə bütün vasitələrlə aparılmalıdı. Musiqimizin, bu baxımdan muğamlarımızın gücündən də istifadə olunmalıdı. "Rast" da, Osmanı" da, "Heyratı" da, "Qarabağ şikəstəsi" də, ... bizim düşüncələrimizi, deməli, ürəyimizi qələbəyə kökləyir. Asudə vaxtlarımızda muğamlarımızı dinləyə-dinləyə Böyük Qələbə haqqında düşünürük...
Bu düşüncələrin də mahiyyəti Vətəndi, hərbi xidmətdi, dövlətçiliyə sədaqətdi, şübhəsiz; Azərbaycan əsgərinin düşüncələrində xidmətdə də, asudə vaxtlarda da torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnəcək Böyük Qələbə şahlıq edir. Hərbi xidmətin hər saatının qədrini bilən Azərbaycan əsgərinin düşüncələrini Dan ulduzu bilənlərin və bu qənaətində israrlı olanların sırasında mən də varam. Bu sıra çox genişdi...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
foto Coşqun CƏFƏROVUNDUR