Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2019 10:39

Bir tarix yazıldı 9 may günü

Xalq şairi Səməd Vurğun böyük iftixarla 1945-ci ilin 9 may gününün tarixə qızıl xətlə yazılışını deyirdi. Bu fikir Qələbəni qazananlara ehtiram kimi 74 ildi cəmiyyətin istinad etdiyi fikirlər sırasındadır. Azərbaycanın bu Qələbədə rolu danılmazdır. İstər ittifaq sənayesinin inkişafında, istərsə də insan amilində Azərbaycanın bu qələbə üçün müqayisəyəgəlməz xidmətləri olub.
Qələbəni qazananlar həmişə ehtiramla əhatələnir. Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsi iştirakçıları ilə vaxtaşırı görüşür. Belə bir görüş Qələbə günü ərəfəsində də keçirildi. Əməkdaşlarımız görüşdə iştirak edən veteranlarla söhbətləşib.
Nazim Ramazanov:
- İkinci Dünya müharibəsi başlayanda həmyaşıdlarım ordu sıralarına çağırıldılar. Mənə çağırış vərəqəsi gəlmədiyi üçün hərbi komissarlığa müraciət etdim. Orada mənə gözləməyimi bildirdilər. Mən Vətənin dar günündə gözləyə bilməzdim. Həmin vaxtlar başqa soyadla çağırışçıların arasına qatıldım. Azərbaycan SSR sərhədini keçdikdən sonra bunu bizə nəzarət edən zabitə bildirdim və döyüşləri öz soyadımla davam etdirdim.
Yaxşı xatırlayıram, bizi Dağıstanın Buynaksk şəhərinə gətirdilər. Burada bizə hərbi forma paylandı. Çox gərgin vaxt idi. Almanlar Terek çayının sahilinə gəlib çıxmışdılar. “İrəli” əmri gəlmişdi. Hər gün yerdəyişmə edirdik.
Krasnodar, Anapa, Novorossiysk şəhərləri uğrunda döyüşlərdə əldə etdiyimiz qələbə bizi daha da ruhlandırırdı. Həmin illərdə "Starşina" (bölüyün baş çavuşu) vəzifəsindəydim.
İlk dəfə Krasnodarda yaralandım, sonra ayağımdan və qolumdan təkrar yaralandım. Ancaq 4-cü dəfə mərmi sol əlimin üç barmağını qopartdı. Həkimlər əlimi amputasiya etmək istəyirdilər, ancaq son anda üç barmağımı kəsməklə kifayətləndilər. Uzun müddət Nalçikdə müalicə aldım. Bu, mənim üçün döyüşlərin yekunu idi. Ordu sıralarından azad olundum. Nalçikdən Bakıya hospitala göndərildim. Bu gün də bədənimdə müharibənin izlərini daşıyıram. Ayağımda hələ də qəlpə var. Həkimlər qəlpəni çıxarsaydılar, yeriməyim mümkün olmayacaqdı. Aradan 74 il keçsə də, ayağımda ağrılar var. Bu mənə müharibənin ağrı-acılarını unutdurmur. Hər zaman silahdaşlarımı xatırlayıram. Dəvət olunduğum tədbirlərdə onların qəhrəmanlıqlarından söz açıram. Çalışıram ki, onların Vətənə olan sevgisi gənc nəsillərə də öz töhfəsini versin.
Ötən illərlə müqayisədə ordumuz nə qədər güclənib. Hərbi hissələrdə yaradılan şərait insanı fərəhləndirir. Biz müharibənin ağrı-acısını yaşadıq. İstəmərəm ki, gənc nəsil bunları görsün, yaşasın. Arzu edirəm ki, tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edək. Faşizm üzərində qələbənin növbəti ildönümünü orada da qeyd edək.
Damət Nəbiyev:
- 1925-ci ildə Yevlax rayonunun Vərvərə kəndində anadan olmuşam. 1943-cü ilin fevralın 15-də orduya çağırıldım. Bizi Sumqayıtın ehtiyat alayına gətirdilər. Bir ay keçməmisdi, iki zabit gəlib aramızdan Gürcüstandakı Aviasiya məktəbində təhsil almaq üçün iki nəfəri seçdi. Onlardan biri də mən idim.
Ukraynada, Polşa ətrafında gedən ağır döyüşlərdə iştirak etmişəm, Berlinə qədər döyüş yolu keçmişəm.
Yaxşı yadımdadı, ilk uçuşum Polşanın Varşava şəhərinə olub. Varşavanı almaq, sözün əsl mənasında, çox çətin idi. Varşavanın müdafiəsi üçün almanlar üç cərgə zenit-artilleriya qurğuları yerləşdirmişdilər. Bizim üçün ən qorxulu döyüş Varşava şəhərinin ətrafında oldu. Bunun ardınca Poznan şəhəri Sovet orduları tərəfindən mühasirəyə alındı. Həmin vaxt bizim aerodromumuz Poznan şəhərinin öz aerodromunda idi. Hətta Hitler həmin vaxt mühasirədə qalan qoşunlarına kömək üçün təyyarələrlə oraya desant, hərbi silah-sursat, qida və geyim ləvazimatları tökürdü. Bütün bunlara baxmayaraq Poznan şəhərində almanlar Sovet ordusuna təslim oldu.
Varşavanın azad olunması uğrunda gedən döyüşlərdə  şəhər üzərindən yeddinci uçuşumda bizi atəşə tutmuşdular, dostum yaralanmışdı. Mühərrik zədələnəndən sonra, Visla şəhərinin ətrafında məcburi enməli olduq. Yaxşı ki, ərazi salamat idi və biz xilas olduq.
1945-ci ilin aprelin axırlarında ordumuz artıq Berlin şəhərinin ətrafındaydı. Meşəlikdə alman ordularının çoxlu zirhehli texnikası yerləşdirilmişdi. Ordumuz almanların bu bazalarını zərərsizləşdirmək üçün ardıcıl hərbi əməliyyatlar keçirirdi. Bizə əmr olunmuşdu ki, oranı tamamilə bombalayaq, piyada qoşunların Berlinə daxil olması üçün yolun açılmasını təmin edək. Ordumuz Berlinə daxil oldu... Mənim sonuncu döyüş uçuşum 1945-ci il mayın 2-də Berlin səmasında oldu.
Döyüşlərdə sinəmdən və başımdan yaralandım.
Daim dövlətimizdən diqqət və qayğı görürük. Veteranlara Prezident təqaüdünün verilməsi, hər il birdəfəlik maddi yardımın göstərilməsi, mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriya və xəstəxanalarda pulsuz müalicə olunmalarının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Uzun müddət gənclərin hərbi hazırlığı ilə bağlı mühazirələr oxumuşam. Bu gün də orta məktəblərdə keçirilən tədbirlərə dəvət edilir, cəbhə bölgələrində olur, əsgər və zabitlərlə görüşlərdə iştirak edirəm.
Ermənilər alman faşistlərindən də qəddardırlar. Xocalı faciəsini törədənlər cəzasız qalmayacaqlar. Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın düşməndən azad ediləcəyi günü mən də səbirsizliklə gözləyirəm. Qələbə... 93 illik ömrümdə bu xoş xəbəri ikinci dəfə doğma Vətənimdə eşidəcəyim günə qədər yaşamaq istəyirəm.
Məmməd Quliyev:
- Mən, 1925-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində anadan olmuşam. Ağır müharibə illərini unutmaq çox çətindir. 1943-cü ilin yanvarında cəbhəyə yollandım. Mənimlə birlikdə çoxlu sayda həmyerlim Şimali Qafqaza getdik. Altı ay hərbi məktəbdə təlim keçdik.  Maksim pulemyotunu öyrəndik. Mən tuşlayıcı idim.
Kiçik serjant kimi döyüşlərə Xarkov şəhərinin alınmasından başladım. Bizim hissələr Dnepr çayını keçməyə müvəffəq oldular. İkinci Ukrayna cəbhəsində ağır yaralandım. Hospitalda müalicə aldıqdan sonra 1-ci Belarusiya cəbhəsində Vitebsk şəhərinin faşistlərdən azad olunmasında iştirak etdim. Moskvadan xüsusi tapşırıq gəlmişdi: Dvina çayının üzərindən keçən körpünün təhlükəsizliyini qorumaq və faşistlərə oranı dağıtmağa imkan verməmək. Biz bu tapşırığı yüksək səviyyədə yerinə yetirdik. Almanların körpünü  dağıtmaqlarına imkan vermədik. Bu əməliyyat uğurla keçdiyinə görə Ali Baş Komandan İ.V.Stalinin imzası ilə hər birimizə təşəkkür məktubu göndərilmişdi.
Faşistlər Dnepr çayının sağ sahilini o qədər möhkəmləndirmişdilər ki, oranı Mannheimer  səddi adlandırırdılar. Bizim zərbə batalyonu o səddi asanlıqla yara bildi.  Sonra Latviya, Litva, Estoniya torpaqlarının alman-faşist işğalçılarından azad olunmasında iştirak etdim. Böyük Vətən müharibəsi cəbhələrində iştirakıma görə 20 orden və medalla təltif olunmuşam.
Doğulduğum və yaşadığım Zəngilan rayonu erməni faşistləri ilə sərhəddə yerləşir. Ermənilər döyüşlərə başlayanda mən və 3 oğlum əlimizə silah götürüb sərhəd kəndlərimizi qorumuşuq. İki oğlum - Fəxrəddin və Aydın 1993-cü ildə Beyləqan, Füzuli cəbhəsində  döyüşlərdə şəhid olub. Hər ikisi Şəhidlər xiyabanında dəfn edilib. Biz veteranlar və şəhid ailələri dövlət qayğısı ilə əhatə olunmuşuq. Buna görə ölkəmizin rəhbəri İlham Əliyevə minnətdarıq.