Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2019 09:53

“Zəka savaşı” bilik müsabiqəsi

Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "N" hərbi hissəsində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Zəka savaşı" adlı bilik müsabiqəsi keçirildi.
Tədbirdə H.Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi hissənin şəxsi heyəti iştirak edirdilər.
Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Polkovnik Mehman Kərimov bildirdi ki, ulu öndər Heydər Əliyev XX əsrin dövlət xadimləri içərisində tarixi şəxsiyyətlər zirvəsinə qalxan siyasi lider və dövlət xadimidir. "Ulu öndər Heydər Əliyev Azərbaycanın və azərbaycanlıların Ümummilli Lideridir. Ulu Öndərin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu öndər Heydər Əliyevin ölkəsinə və xalqına bəxş etdiyi misilsiz, əvəzedilməz dəyərlərin və sərvətlərin mahiyyətini daha dərindən anlamaq üçün isə, sadəcə, bir neçə fundamental önəm kəsb edən fakta toxunmaq kifayət edir...".
H.Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi Gülxar Məmmədova bilik müsabiqəsi haqqında geniş məlumat verərək qeyd etdi ki, ulu öndər Heydər Əliyev gənclərin hamisi idi. "Ümummilli Liderin ölkəmiz üçün misilsiz xidmətlərindən söhbət açarkən, onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğı barədə danışmamaq olmaz. Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə, yəni, ötən əsrin 70-80-ci illərində də Azərbaycanda gənclərin inkişafına, öz potensialını həyata keçirməsi üçün gənclərə şərait yaradılmasına daim diqqət yetirirdi. Ulu Öndər Azərbaycanın inkişafını heç vaxt gənclərsiz təsəvvür etmir, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini Vətənimizin hərtərəfli yüksəlişinə səfərbər edirdi. Onun təşəbbüsü ilə gənclərin yüksək elm və biliklərə yiyələnməsi üçün bir neçə yeni ali məktəb, bir çox orta ixtisas məktəbləri açılmış, minlərlə azərbaycanlı gənc oğlan və qızlarımız ən müasir ixtisaslar üzrə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilmişdi. Milli zabit kadrların hazırlanması üçün xüsusi hazırlıq məktəbi açılmış, ali hərbi məktəblərdə gənc soydaşlarımızın təhsil alması üçün əlverişli şərait yaradılmışdı. Əməkdə və ictimai işdə fərqlənən gənclər irəli çəkilmişdi. Təsadüfi deyil ki, Azərbaycanın elmi potensialının böyük bir hissəsi, məhz, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşıb və bu gün həmin insanların çiyinləri üzərində qərar tutmaqdadır.
Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra da gənclərə olan qayğısını davam etdirdi. 1993-cü ilin iyun ayında Azərbaycan parlamentinin sədri seçiləndən sonra ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ümummilli Liderin çıxışı həm ölkə daxilindəki, həm də xaricdəki qüvvələrə təsirli bir mesaj oldu: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik".
Bilik müsabiqəsi "Həmlə" və "Hədəf" komandaları arasında keçirildi. Müsabiqədə "Həmlə" komandası qalib gəldi.
Bakı qarnizonu hərbi hissələri arasında keçirilən yarışın final mərhələsi mayın 10-da H.Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzində keçiriləcək. 

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"