Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2019 12:37

“Dövlət üçün informasiya təhlükəsizliyi də prioritetdir”

Rubrikamızın qonağı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğludur.
- Vüqar müəllim, 2014-cü ilin məlum avqust hadisələrinə və 2016-cı ilin Aprel döyüşlərinə KİV-in fərqli münasibəti haqqında sizin də fikirlərinizi öyrənmək maraqlı olardı...
- Əslində, bu barədə müxtəlif fikirlər bildirilib. 2014-cü ilin avqustunda ön xətdə baş verən hadisələrə professional mediada adekvat münasibətin şahidi olduq. Düşmənin hadisələrə qədər hazırladığı dezinformasiyaların Azərbaycan mediasına necə sızdırılmasını da gördük. Müəyyən problemlər yaşandı. Düşmənin mediası dezinformasiyanı Rusiya elektron informasiya vasitələrinə ötürürdü. Bizim bəzi media vasitələri, bu sıradan saytlar məhz həmin mənbələrə istinad edir, həmin informasiyaların yayıcısı olurdu. Bu, informasiya müharibəsində üçüncü tərəfin qeyri-rəsmi vasitəçiliyiylə  informasiyanın ictimailəşdirilməsi üsuludur. Ermənistan mediası 2014-cü ilin avqust hadisələrində bu üsuldan geniş şəkildə istifadə etdi. Azərbaycana və məlum avqust hadisələrinə deyil, digər ölkələrə və digər hadisələrə aid olan şəkillərin olayla əlaqəli təqdim edilməsi də bu üsulun tərkib hissəsi olmuşdu ki, bu da informasiya portallarında, daha çox sosial mediada ajiotaja, Azərbaycanda müəyyən çaşqınlıqlara səbəb oldu. Onda ermənilər informasiya müharibəsindən bəhs edən metodiki vəsaiti "pdf" versiyasında yaymışdılar. Niyə bu versiyada? - heç bir dəyişiklik edilməsin deyə.
Avqust hadisələri ilə bağlı belə informasiyalara dövlət tərəfindən ciddi münasibət bildirildi. Akademik Ramiz Mehdiyevin ciddi təhlil əsasında hazırladığı məqalə bu sahədə "həyəcan təbili" oldu, dövlət bunu nəzarətə götürdü. Media rəhbərləri ilə görüşlərdə təzahür etmiş və etməsi ehtimal olunan nöqsanlar ciddi müzakirə edildi, konkret  tövsiyələr verildi.
Görülən tədbirlərin nəticəsi olaraq, Prezident 2014-cü ilin sentyabrında cəbhə xəttindəki  vəziyyətlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzaladı. 2016-cı ilin Aprel döyüşləri zamanı bütün ölkə mediası hadisələrə peşəkar yanaşdı. 2014-cü ilin avqustu ilə müqayisəyəgəlməz dərəcədə bir həmrəylik və bir peşəkarlıq nümayiş etdirildi. 2016-ci ilin Aprel əməliyyatları zamanı Müdafiə Nazirliyinin də çevik, adekvat addımı əsas və çox önəmli idi. Jurnalistlərin sualları cavablandırıldı, informasiya qıtlığının yaşanmasına imkan verilmədi. Cəbhə xəbərləri ilə bağlı peşəkar mühitin formalaşmasına çox ciddi dəstək oldu. Mediamız 2016-cı ilin Aprel döyüşlərindən alnıaçıq çıxdı.
Son illərdə Müdafiə nazirinin əmriylə hərbi hissələrdə keçirilən "Açıq qapı" günü informasiya qıtlığının da aradan qaldırılmasında vəsilə oldu. Yeri gəlmişkən, Müdafiə Nazirliyinin Mətbuat Xidməti bu informasiyaların ictimailəşdirilməsində olduqca gərəkli iş görür.
- Ordu-cəmiyyət, ordu-media, ordu-ziyalı münasibətləri nəyə əsaslanır və yaxud əsaslanmalıdır?
- Şübhəsiz ki, bu baxımdan müəyyən vacib şərtlər var. Bu şərtlərin ən vacibi sevgidir, qürurdur. Cəmiyyət ordunu sevməlidir. Cəmiyyətin bir tərkib hissəsi kimi media da, ziyalı da ordunu sevməlidir. Bu sevgi vətənpərvərlik deməkdir. Media da, ziyalı da vətənpərvər olmalıdır. Dünya miqyasında ordu-media münasibətləri çox ciddi şəkildə tənzimlənir. Bu, Pentaqon tərəfindən də ciddi nəzarət altında həyata keçirilir.
Orduya həsas, həssas olduğu qədər də müsbət münasibət ordunun təbliğatı, döyüş əzmi, qələbə ruhu deməkdir.
Media güc deməkdir. Müdafiə Nazirliyi istər müharibə şəraitində, istərsə də müharibədən sonra gərəkli olacağı ehtimal olunan media quruluşlarının təsis edilməsi, orduda piar təbliğatın artırılması istiqamətində bir sıra layihələr həyata keçirsəydi, media vasitəsiylə ordu-ictimaiyyət münasibətləri daha da möhkəmlənərdi.
- Bu günlərdə Müdafiə Nazirliyinin vətəndaşlara və KİV nümayəndələrinə müraciəti də informasiya təhlükəsizliyinin təminatı sahəsində müəyyən səhlənkarlığa yol verildiyini göstərdi. Bu barədə nə deyə bilərsiniz?
- Mənə olduqca xoşdur ki, cəbhə bölgəsinə gedəndə hər kəsin telefonuna  təhlükəsizliyin təmin olunması haqda mesaj daxil olur. Bu, vətəndaşı məsuliyyətə səsləyən bir vasitədir.  Çünki lazımsız informasiyaların verilməsi təhlükə yaradır. Düşünməliyik ki, düşmən tərəf cəbhə bölgəsindən informasiyaları daim nəzarətdə saxlamağa cəhd göstərir. Təhlükə var. Ona görə də hər birimiz daha çox məsuliyyətli və ehtiyatlı olmalıyıq. Dəyərli informasiyanı bölüşməklə zövq alanlar da var. Onlar düşünmür ki, bu informasiya düşmən üçün lazımlı ola bilər. Düşmən onlardan gələcəkdə əməliyyatlar hazırlayanda yararlana bilər. Burada bir məqam var. İnsanlar qələbə gözləyir. Ordumuzun düşmənə qarşı hər hansı cavab tədbiri yüksək əhval-ruhiyyəyə səbəb olur və bu barədə xəbəri daha çox insan paylaşmağa çalışır. Lakin paylaşdığı informasiyanın kimə daha səmərəli olduğunun fərqinə varmır. Emosional davranırlar. Təbii ki, bu mənada maarifləndirmə işlərinin genişləndirilməsi olduqca vacibdir. Burada media mənsubları çox ciddi rol oynamalıdırlar. Jurnalistikada sosial məsuliyyət anlayışı var. Yəni, jurnalistin digər vətəndaşlardan fərqli olaraq bir vətəndaş vəzifəsi də var. Mən jurnalistəm. Amma hər şeydən əvvəl həm də Azərbaycan Respublikasının vətəndaşıyam. Azərbaycan Respublikasının vətəndaşı kimi dövlət, xalq qarşısında öhdəliklərim var. Emosional yanaşmaq, emosional davranmaq yolverilməzdir  və nə qədər gözəl xəbər alırsansa-al, bu mənada məsuliyyət hissini yaddan çıxarmamalısan. Müdafiə Nazirliyi tərəfindən cəbhə bölgəsində təhlükəsizlik tədbirlərinin görülməsi istər bannerlərin, plakatların vurulması, istərsə də telefonlara mesaj şəklində təhlükəsizliyə riayət olunması xəbərlərinin daxil olması müsbət effekt verir. Biz də bu istiqamətdə maarifləndirmə işini maksimum dərəcədə artırmalıyıq. Əslində, informasiya müharibəsi və  informasiya təhlükəsizliyi, informasiya manipulyasiyası ilə bağlı tədbirlərin, maarifləndirmə  işlərinin sayı və keyfiyyəti nə qədər çox olsa, o qədər də müsbət nəticə əldə edərik. Hərbi qulluqçunun texnika ilə şəkil çəkdirib paylaşmağının hansı təhlükələr yarada biləcəyinin fərqinə varmayanlar bilməlidir ki, "az işdən çox iş törəyir".
- Media manipulyasiyasının qarşısını necə almaq olar?
- Burada iki istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Birinci istiqamət, media savadlılığının, ikinci istiqamət isə, informasiya savadlılığının artırılmasıdır. Media savadlılığı cəmiyyətə yönəlik maarifləndirmə prosesidir. Cəmiyyət bilməlidir ki, sosial media və professional media nədir. Yeri gəlmişkən ermənilər bu taktikadan geniş istifadə edirlər: onlar müxtəlif domenlərdən istifadə etməklə, Azərbaycan rayonlarının adlarından ibarət,  Azərbaycan dilində saytlar yaradır. Onlar bu saytları elə şəkildə təqdim edə bilərlər ki, heç kəsdə şübhə yaranmaz ki, erməni saytıdır. Bu metoddan geniş istifadə edirlər. Yəni, media savadlılığının artırılması prosesi bu kimi məqamlarla bağlı insanların maariflənməsinə gətirib çıxara bilər. İnsanlar, bu baxımdan istifadəçilər biləcəklər ki, hansı informasiyalara və hansı mediaya etibar etmək olar. Hansı medianın verdiyi xəbər mötəbər etibarlı, leqal xəbər sayılır. Ola bilsin ki, kimsə yalançı bir sayt yaratsın, dezinformasiyalar yaysın. Bu da cəmiyyətdə ciddi çaşqınlığa və ajiotaja səbəb ola bilər. Bu metodikalardan xarici xüsusi xidmət orqanları, xarici kəşfiyyat orqanları  kifayət qədər istifadə edirlər.
- Vüqar müəllim, sizin bu yanaşmanız təkcə müharibə kontekstindəndirmi?
- Xeyr, istər sülh dövründə, istər müharibə şəraitində dövlətin, cəmiyyətin təhlükəsizliyini və milli təhlükəsizliyimizi çox önəmli bir məsələ kimi daim diqqətdə saxlamalıyıq. Bu yöndə maarifləndirmə işi artıq insanların peşəkar və qeyri-peşəkar media anlayışını mənimsəməsinə gətirib çıxarda bilər. Sosial mediada hər yazılan xəbər ciddi xəbər ola bilməz. Bunu ən azından insanların bilməyi çox vacibdir.
İnformasiya savadlılığının artırılması məsələsi mediada çalışanlara aiddir. Açıq etiraf edək ki, bu gün Azərbaycan mediasında çalışanların heç də hamısı ali təhsilli jurnalist deyil. Mediamızda jurnalist təhsili olmayan peşəkar jurnalistlər də var. Amma bununla belə maarifləndirmə işlərinin aparılması vacibdir. Ən azı peşə etikasını, informasiya ilə iş prosesini, sosial məsuliyyəti, KİV-in hüquqi tənzimlənməsini  və KİV-in özünü tənzimləməsini bilməlidirlər.
- Vüqar müəllim, informasiya müharibəsi nədir? İnformasiya müharibəsi yalnız müharibə gedən ölkələr üçünmü aktualdır?
- Bunu təsdiqləmək yanlışlıqdır. İnformasiya müharibəsi sülh şəraitində olan ölkələr üçün də aparılır. İnformasiya müharibəsi hansısa bir super gücün və ya rəqib ölkənin informasiya sahəsinə müdaxilə etməsidir. İnformasiya müharibəsi düşüncələrdə aparıldığından müharibə qədər qorxuludur. Ümumiyyətlə, informasiya müharibəsi anlayışı bugünkü jurnalistikada aktual mövzudur. İnformasiya müharibəsi istiqamətində mediyada hələ çox ciddi işlər aparılmalıdır.
- Beynəlxalq aləmdə hərbi xəbərlərin yayılması prosesi necə aparılır?
- Dünyanın hər yerində hərbi xəbərlər, müdafiə sənayesi ilə bağlı xəbərlər, ümumiyyətlə, hərbi yönümlü məlumatlar müəyyən strukturların razılığı ilə yayımlanır və ictimailəşdirilir.
- "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanunun müvafiq tələblərinin pozulmaması üçün media hansı vəzifələrin icraçısı olmalıdır?
- İlk növbədə, peşəkar, professional yanaşma  olmalıdır. Yuxarıda iki istiqamətdə iş aparılmasını qeyd etdim. Media məlumatlılığı və informasiya maariflənməsi jurnalistlərlə bağlıdır. İnformasiya savadlılığının artırılması eyni zamanda "Dövlət sirri haqqında" Qanunun da bizim qarşımızda qoyduğu bir tələbdir. Biz bilməliyik ki, hansı informasiya Dövlət sirri və həmçinin hərbi sirr sayılır. Bunlar Dövlət Qanununda açıq şəkildə yazılıb. Klassifikasiyası, çeşidlənməsi orada təqdim olunub. Bununla bağlı mütəmadi treninqlər, seminarlar, dəyirmi masalar, müxtəlif təlimlər təşkil edilməlidir. Prezidentin məlum sərəncamında da nəzərdə tutulan kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu vəziyyətlə bağlı verilən məlumatların monitorinqinin keçirilməsi və "Dövlət sirri haqqında" Qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib, onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması bu istiqamətdə yol verilən nöqsanların aradan qaldırılmasının hüquqi bazasını təşkil edir. Deməli, informasiya təhlükəsizliyi sahəsində təkcə media nümayəndələri ilə deyil, ölkə vətəndaşları ilə də hüquqi maariflənmə işlərinin aparılması vacib sayılır. Unutmamalıyıq ki, dövlət təhlükəsizliyimiz bizim üçün prioritetdir. Bundan üstün heç nə ola bilməz. Biz bu dövlətin, bu ölkənin jurnalistiyik. Jurnalistikanın ən vacib nəzəriyyəsindən olan sosial məsuliyyət anlayışı peşəkar jurnalistikada özünün təsdiqini tapır.
- Jurnalistika fakültəsində hərbi mətbuatla bağlı nələr tədris olunur? Həzəri və təcrübi biliklər aşılanmasını nəzərdə tuturam.
- Fakültədə magistratura pilləsində  informasiya təhlükəsizliyi və KİV fənni  tədris olunur. Bakalavr pilləsində isə ikinci kursun ikinci semestrində seçmə fənn kimi jurnalistikanın və cəmiyyətin informasiya təhlükəsizliyi fənni tədris olunur. Həm bakalavrda, həm də magistraturada maksimum dərəcədə çalışırıq ki, bu istiqamətdə tələbələrimiz nəzəri və təcrübi biliklərə yiyələnsin. Dövlətin əsas ideoloji sütunu olan mediada müasirləşməni əsas götürməklə fakültədə modern fənlərin keçirilməsini təmin etmək niyyətindəyik. Hərbi jurnalistikanın ayrıca, seçmə fənn kimi tədris olunması, informasiya təhlükəsizliyi fənnini genişləndirib, informasiya müharibəsi və təhlükəsizlik formatında tədris edilməsini arzulayırıq.
İnformasiya təhlükəsizliyi də dövlət üçün prioritetdir.
- Maraqlı müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"