Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2019 09:14

“And içirik” və yaxud “Ağ ümid”in inam haləsi

Şeirə, şeiriyyətə könül verəli şeirli gecələri, şeirli görüşləri ruhun ziyarəti bilmişəm. Belə ziyarətlər Vətən ünvanlıdırsa, daha duyğusal olur...
Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Yazıçılar Birliyi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu ilə tələbələrin görüşü Vətən sevgisinin işığında izlənildi. Vətənsevərlik tədbiriydi, vətənsevərlərin əhatəsində vətənpərvərlik şeirlərini, bu biçim şeirlərə bəstələnmiş mahnıları dinləməyi hamı həmişə ruhun qazancı bilib...
"Ağ ümid" mahnısını səngərlərdə də dinləmişəm, şeirli tədbirlərdə də. "Ağ ümid" şeirlər kitabını oxuya-oxuya düşünmüşəm, düşünə-düşünə oxumuşam. Bədii dəyər anlamında hər iki gözəl əsərin mahiyyətini ümidin son nəfəsəcən yaşarılığına zəmanət bilmişəm. Hər iki əsər həmişə  mənə həm könül xoşluğu verib, həm də şeir üzünə açıq olan könlümü bir mətləb qədərincə telləndirib. Hər dəfə də qətiyyətlə əmin olmuşam ki, hər iki əsərin mənəvi səmasının üfüqlərində bir inam haləsi var və bu halə də milli-mənəvi ruhun zərrəsidi...
"Ağ ümid" mahnısını Şahin Musaoğlu yazıb...
"Ağ ümid" şeirlər kitabının müəllifi Şahin Musaoğludur...
Musa oğlu Şahin həkimdi...
Həkim Musa oğlu Şahin şairdi...
Həkim, şair Musa oğlu Şahin bəstəkardı...
Həkim Musa oğlu Şahini şairliyi, bəstəkarlığı Şahin Musaoğlu edib. Belə ad-ata adı yerdəyişməsi şeirimizin, musiqi dünyamızın qazancıdı. Şahin Musaoğlu belə tanınıb, belə tanınır, belə sevilib, belə sevilir; qibtəediləsi tanınmadı, qibtəediləsi sevilmədi...
Bir vaxtlar özümə ünvanladığım bir fikri böyük qürurla həkim, şair, bəstəkar Şahin Musa oğlu Əbilova da şamil edirəm: Şahinin vətəndaşlığı həkimliyindən də, şairliyindən də, bəstəkarlığından da yüksəkdə dayanır. Şahin qədirbilən, layiqli vətəndaşdı; necə vətəndaş olması həkimliyiylə otuz il boyunca təsdiqlənmişdi, illər öncə şeirləriylə - şairliyiylə, şeirləriylə dabanbasaraq musiqi dünyasıyla - bəstəkarlığıyla təsdiqləndi. Şahin Musaoğlunun ikili təzahürlü istedadını (poeziya, musiqi) müəyyənləşdirən yaradıcılığı bəstəboy deyil. Görünür, tanınır, sevilir. Bu dəyərli yaradıcılıq görünə-görünə, tanına-tanına, sevilə-sevilə "Çağırır Vətən" deyir, "And içirik" deyir, "Bay yurdum" deyir, ... Azərbaycan Dövlət Pedaqoji Universitetində bu  səmimi görüşü riyaziyyat fakültəsinin tələbəsi Sevdanın rəfiqələrinə dediklərinin vasitəçiliyi ilə belə görünmənin, belə tanınmanın, bu sevilmənin təzahürü bildim: 2016-cı ilin Aprel döyüşləri təsdiqlədi ki, əsgərlərimiz Şahin Musaoğlunun timsalında Vətənin "İgid əsgər, möhkəm dayan" tövsiyə-tapşırığına böyük məsuliyyətlə, sevgilərlə əməl edir...
Tələbə Sevdaya qibtəediləsi vətənpərvərliyinə görə həm öz adımdan, həm də təmsil etdiyim kollektivin adından təşəkkür etdim. Macal olmadı ki, deyəm: Bu qəbil mahnılara müharibə illərinin mahnıları deyə bilərik (və deyirik). Bu qəbil mahnılar dinləyənə deyir ki, torpaqlarımızda müharibə gedir, könlün öz yerində, ömrünü də bu ovqata köklə. Bu qəbil mahnılar dinləyəni əsgərləşdirir. "İgid əsgər, möhkəm dayan"  mahnısı 90-cı illərdə neçələrini döyüşlərə aparmışdı. İlk ifaçısı Şəmistan Əlizamanlı olan bu mahnı Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri gizir Elçin Məmmədovla gizir Leyla Qəhrəmanovanın ifasında da duyğuları titrədir.
Bu biçim könüləyatımlı qələbəliyi vətənpərvərlik duyğularına ehtiram yaradıb. Şair olaraq, bəstəkar olaraq Şahin Musaoğlunun bu mövzuya (Vətən, vətənpərvərlik) ehtiramı, sabahın pedaqoqları - müəllimləri olacaq oxucu-dinləyici tələbələrin belə yaradıcılığa maraq biçimli ehtiramı...
Universitetin əməkdaşı Səadət Abdullayeva Şahin Musaoğlunu tələbələrə təqdim etdi.
Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova vətənpərvərlik şeirlərinin, mahnılarının gənclərin, bu anlamda tələbələrin dünyaduyumunun formalaşmasına təsirindən söz açdı, bu baxımdan Şahin Musaoğlunun yaradıcılığını yüksək dəyərləndirdi. Belə tədbirlərdə nədən danışılırsa danışılsın, ruhun diliylə danışılmalıdı, - dedi, oxuduğu şeir fikrinin poetik təsdiqi kimi dinlənildi...
Şahin Musaoğlunun lirik şeirləri lirizmiylə necə səciyyəvidirsə, vətənpərvərlik şeirləri həmin səviyyədə düşündürücüdü. Bu qəbil şeirlərin bətnində melodik çalarlar var və bu səbəbdən Şahin öz musiqi yozumuyla o çalarlara bitkin melodik biçim verib. Şahin Musaoğlunun "Cənab leytenant"ı müharibə görüb, döyüşüb, şəhid olub. Şair Şahin Musaoğlu obraz olaraq bu ömrü poeziyaya böyük ehtiramlarla gətirib. Bu ehtiram şəhid leytenantın timsalında şəhidlərə, şəhidliyə ehtiramdı. Şair şəhid leytenantın ölməz ruhuna müraciətlə "Hay ver mənə!"  deyir. Ürəyinlə dinləsən əmin olacaqsan ki, bu uca ruh şairin timsalında Vətənimizin təmənnasına hay verir. "Leytenantların sırasında mən də varam...", - deyir. Bu səs ölməzliyin, bəşəriliyin, döyüş əzminin, qələbə ruhunun səsidi. Bu duyum poeziyanın aşıladıqlarıdı. Şahin Musaoğlu şeirə mahnı bəstələyib. Bu mövzuda olmasaydı, ona könüləyatımlı mahnı deyərdim. Musiqi ədəbi mətni incəliklə tamamlayır. Şeiri oxuyanda, dinləyəndə hansı duyğuları yaşayırsansa,  mahnının sözsüz musiqisini dinləyəndə də  həmin ovqatı yaşayırsan.
Gizir Elçin Məmmədovla gizir Leyla Qəhrəmanova bu duyğusal bəstəni olduqca duyğusallıqla ifa etdi. Nəqərat - "Hay ver mənə, cənab leytenant" iştirakçıların sayı qədər, təkrarlanırdı. Bunu şeirin, bəstənin, ifanın vəhdətinin qüdrəti bildim...
Xalq şairi Vaqif Səmədoğlunun şeirlər kitablarından biri  "Mən burdayam, İlahi"dir. Yəni məni gör, məni unutma. Bu iltiması hər duyuma, duyğuya şamil etmək günah, suç deyil. Bu gün burada şeirləri, mahnıları dinləyə-dinləyə düşünürəm: Şahin Musaoğlunun şeirləri, mahnıları bunca duyğusaldırsa, bunca düşündürücüdürsə, yəqin ki, söz-mətləbdən yaranan şeirlər, belə şeirlərdən bəzilərinin boyuna biçilən mahnılar ("Birinci batalyon", "Şahinlər", "Vətən əmanəti", "Bismillah" və b.) da "Siz haradasınızsa, biz oradayıq!", - deyir. O səsi duymaq, hiss etmək, ruhuma köçürmək istəyirsən.
Tələbələr Şahin Musaoğlunun şeirlərini oxuyur. Mənə tanış, mənə doğma, mənə munis xarakteri, Vətənə - ululuğa vurğunluğu, təbiət gözəlliklərinə aludəliyi, dostluğa sədaqəti görürəm misralarda. Bu anlarda mənim narahat, gileyli ruhuma bu misralar qədər can yandıran heç nə yoxdu. Bu halımda anamın ruhunun qayibanə səsini eşidirəm: "Can, ay bala...". Bu səs tələbələrdən birinin oxuduğu şeirin misralarına qarışır:
Təkcə
Atam, anam çatışmır...
Bu şeirlə "Bir vaxtlar mənim də anam varıydı" şeirim arasında hiss  edilməsi çətin olmayan bir doğmalıq görürəm. Bu doğmalıq ruhların doğmalığı qədərincə gözəldi. Sən demə, insan yetimlik ağrılarını yaşlaşdıqca daha kövrəkliklə yaşayırmış...
Bayraq...
Kəfən...
Son libas...
Bu ifadələr Şahinin şeirlərində o qədər mahiyyətli verilib ki, az qala onları bir döyüşçü ömrünün sinonimləri bilirsən. Döyüşdən əvvəl bayrağımızı son libas - kəfən əvəzi bağrına basan əsgər hər birimizin ruh qardaşıdı. Şahin belə təqdim edib, düşüncələrimizə belə hopub. Şeir belə məfkurəvi dəyəriylə ölümə ölüm hökmü kimi dinlənildi.
Bu zal mənə neçə onillərin o üzündən tanış zaldı...
Mənə elə gəlir ki, qaynarlıq, coşqu, sözə - şeirə ehtiram bu zalın boyuna biçilib: zalda iştirakçılar əsgərləşib. Döyüş ruhu, qələbə əzmi Şahin Musaoğlunun dəyərli yaradıcılığıyla, ön xətlə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında mənəvi körpü yaradıb. Və bu məqamda bir tələbənin oxuduğu şeirin son misrası eşidilir: Kimdi gedən mənimlə? Bu ritorik sualın bətnində çırpınan vətənpərvərlik harayı Şahin Musaoğlunun şeirlərinin vasitəçiliyiylə qələbəyə çağırışdı.
Xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış "Bay  yurdum" mahnısı min illərin yaşam fəlsəfəsi kimi dinlənildi. Bu mahnı Elçin Məmmədovla Leyla Qəhrəmanovanın ifasında varlığını yaşada-yaşada formalaşan bir xalqın - azərbaycanlıların sıyrılı qılıncından düşən işığın əbədiyyən yaşayacağına, yaşadılacağına inam kimi dinlənildi.
Rəşid Faxralının sözlərinə yazılmış "Yollar yordumu səni?" mahnısı lirizmiylə səciyyəvidir. Şahin Musaoğlu diqqətçəkən bu lirizmə könüləyatımlı musiqi yazıb. Mahnı könüllərin sorğusudu, mahnıda can yandırmada var, sevdalının sevdasına görə narahatlığı da. Söz-musiqi - səs vəhdətinin möhtəşəmliyi zalı ləngərləndirir. Hərə xəyalında sevdalısından soruşur: Yollar yordumu səni?..
O qədər duyğusal anlardı ki!
Rəşad İsmayılın ifa etdiyi "Qvardiya marşı" da tələbələrin coşqusuyla qarşılandı...
..."And içirik" mahnısını çox dinləmişəm. Ötən ilin Novruz bayramında ön xətdə yaşadığım duyğuların eynini yaşadım. Bu eyniliyə səbəb Şahin Musaoğlunun da, mənim də ruhumuzun səngərlərdə döyüş növbətçiliyi aparanlarla onlara inananların, onlara güvənənlərin ruhunun eyniliyinə tən olmasıdı, şübhəsiz.
Bu görüş vətənsevərlərlə görüş kimi yadda qalacaq...
Bu görüş təsdiqlədi ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr tədris olunmayan vətənpərvərlik elmini də mənimsəyirlər...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist