Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2019 09:11

Ümummilli lider Heydər ƏLİYEV: Naxçıvanski adına lisey mənim üçün bir övladdır

Müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyev  tarixdə dərin iz salmış dahi şəxsiyyətdir. Xalqın yaddaşında əbədi qalan, böyük qətiyyət və iradə sahibi olan Ulu Öndər ən mürəkkəb və ən çətin vəziyyətlərdə əsl düzgün yolu tapmağı bacarırdı. Azərbaycanlı olmağı ilə həmişə fəxr edib öyünən ümummilli liderimiz Heydər Əliyev bütün şərəfli ömrünü xalqının rifahına, Azərbaycanı qurub yaratmağa və müstəqil ölkəsini dünyada tanıtmağa sərf etdi. Bütün güc və qüvvəsini dövlətimizin quruculuğuna yönəltdi. Son nəticədə istəyinə, amalına nail oldu, güclü, qüdrətli və yenilməz bir dövlət yaratdı, tarixin səhifələrində heç vaxt pozulmayan dərin izlər qoydu. Buna görə də ulu öndər Heydər Əliyev xalqın böyük ehtiramını, hörmətini və sevgisini qazandı. Müasir Azərbaycan tarixinin ən parlaq, ən işıqlı və ən möhtəşəm səhifələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Zaman-zaman xalqın böyük sevgisini qazanan ulu öndər Heydər Əliyev hələ sovet dövründə peşəkar dövlət xadimi, qeyri-adi siyasətçi olduğunu sübut etmişdi. Bu nadir şəxsiyyətin adı Azərbaycan tarixinin səhifələrinə böyük hərflərlə yazılıb. Ötən əsrin 70-ci illərindən Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin yüksək təşəbbüskarlığı, müdrik siyasəti, səy və bacarığı sayəsində ölkəmiz, sözün həqiqi mənasında, intibah dövrünü yaşamışdır. Həmin illər Azərbaycanın yüksəliş dövrü idi. Bu o vaxtlar idi ki, Azərbaycan Respublikası keçmiş Sovetlər Birliyinin tərkibində birbaşa Moskvadan - Kremldən idarə olunurdu. Lakin Heydər Əliyev ölkəmizin inkişafı naminə böyük çətinliklərlə də olsa, mərkəzin diqqətini, qayğısını məmləkətimizə yönəltdi. Bu gün adi hal kimi qiymətləndirilən hər bir addımı o illərdə atmaq sarsılmaz iradə, qətiyyət, cəsarət və hər şeydən öncə böyük risk tələb edirdi. Böyük tarixi şəxsiyyət kimi ümummilli liderimiz Heydər Əliyev zamanında bu işi çox yaxşı bacardı.
Hələ Sovet hökumətinin ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə burada ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüs böyük hünər tələb edirdi. Heç kim kommunist ideologiyasının hakim olduğu bir məmləkətdə bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Bu təşəbbüs yalnız xalqının gələcəyini düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyətlər tərəfindən edilə bilərdi.
Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən ulu öndər Heydər Əliyevi düşündürən əsas məqsəd və amallardan biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi məsələsi olmuşdur. Bildiyimiz kimi, bütün fəaliyyəti dövründə Heydər Əliyev öz taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşmış və onların xidmətinə yüksək dəyər vermişdir. Zamanın nəbzini tutan Ulu Öndər artıq hiss edirdi ki, azərbaycanlı gəncləri ali hərbi məktəblərə hazırlamaq məqsədilə respublikada hərbi təyinatlı orta internat məktəbini yaratmağın zamanı çatıb. Belə bir məktəbin yaradılması Azərbaycanın gələcəyi üçün çox mühüm hadisə olacaqdı. Burada azərbaycanlı gənclər həm rus dilini mükəmməl öyrənə, həm də ibtidai hərbi biliklərə yiyələnə və asanlıqla istədikləri ali hərbi məktəblərə daxil ola bilərdilər. Ulu öndər Heydər Əliyev həmin məktəbin necə olacağını, fəaliyyətinin xüsusiyyətləri barədə də fikirlərini bildirmiş və tez bir zamanda bu istiqamətdə işlərin görülməsi üçün Maarif nazirinə tapşırıqlarını da vermişdir. Bununla da Moskvanın buna müdaxilə etməməsi üçün təşəbbüsün Maarif Nazirliyindən gəlməsinə şərait yaratmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan milli diviziyasının ilk komandiri olmuş general Cəmşid Naxçıvanskinin anadan olmasının 75 illiyi ilə əlaqədar Respublika Hərbi  Komissarlığı tərəfindən Mərkəzi Komitəyə müraciət etməyi tapşırmışdı. Sonra həmin müraciətə əsasən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarının verilməsinə nail olmuşdur. Qərara əsasən "Partiya, sovet, komsomol təşkilatlarının və respublika hərbi komissarlıqlarının gənclərin ordu sıralarında xidmətə hazırlanması və hərbi məktəblərin komplektləşdirilməsi haqqında" qərarın icrası ilə əlaqədar Azərbaycan Kommunist Partiyası  Mərkəzi Bürosu Bakı şəhəri, Zığ qəsəbəsi 2 nömrəli 8 illik internat məktəbinin bazasında hərbi təyinatlı orta internat məktəbinin yaradılması və bu təhsil ocağına görkəmli hərbi xadim general Cəmşid Naxçıvanskinin adının verilməsi barədə qərar qəbul etmişdir.
Nəticədə, 1971-ci ildə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü, gərgin zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Bu hərbi məktəbdə azərbaycanlı gənclər təhsil almağa başladılar. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və o dövrdə ali hərbi məktəbləri bitirənlərin müstəqillik illərində Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu vardır. Hazırda ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.
Bu gün Silahlı Qüvvələrimiz üçün zabitlər hazırlayan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə işlər həmişəki ahəngi ilə davam edir. Təhsil ocağında xidmət edən zabitlər, kursantlara dərs deyən müəllimlər fədakarcasına çalışırlar. Hər addımda hiss olunur ki, bu insanlar həm təcrübəli, həm də vətənpərvər və cəsurdurlar. Bu gün kursantlar Hərbi liseydə hərbi biliklərlə yanaşı, dilimizi, ədəbiyyatımızı və tariximizi də həvəslə öyrənirlər. Öyrəndikcə də püxtələşirlər, püxtələşdikcə də mənəviyyatları zənginləşir. Bu zənginlik onları uğurlara aparır. Kursantlar bu gün öyrəndiklərini sabah işlərində, xidmətlərində tətbiq edəcək, uğur qazanacaqlar. Hərbi liseydə hamı kursantlara dünənki qəhrəmanlarımızın, igidlərimizin bugünkü və sabahkı davamçıları kimi baxır. Doğrudan da, onlar çox şərəfli bir yolun yorulmayan yolçularıdırlar. Hələ ki, kursantlar uzun və şərəfli bir yolun başlanğıcındadırlar. Onlar yollarına sevinc hissi ilə, həvəslə davam edirlər.  
Bir anlıq dönüb geriyə - təhsil ocağının dünəninə boylananda görürsən ki, indiyə qədər Hərbi liseyi yüzlərlə, minlərlə yeniyetmə bitirərək müxtəlif ali hərbi məktəblərə, oradan da ordu sıralarına üz tutublar. Onların bəziləri general rütbəsinədək yüksələrək hazırda ordumuzun ən mühüm postlarında xidmət edirlər. Bir zamanlar Hərbi liseyin partaları arxasında əyləşən kursantlar, sonralar Qarabağ uğrunda gedən döyüşlərdə də vuruşdular. Yurdumuzun müdafiəsində böyük hünər və rəşadət göstərdilər. Təəssüflər ki, onların bəziləri qanlı savaşlarda, qeyri-bərabər döyüşlərdə şəhid oldular. Bu gün kursantlar onların qəhrəmanlığı ilə fəxr edib öyünürlər. 2016-cı ilin Aprel döyüşlərində də C.Naxçıvanski adına Hərbi Liseyin məzunları böyük hünər və rəşadət göstərdilər. Bu şanlı döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına yüksələn üç zabitdən ikisinin bu ibtidai təhsil ocağının yetirməsi olması çox qürurvericidir. 
Kursantlar üçün bəlkə də ən sevindirici anlar hərbi marşın sədaları altında sıra meydanından nizami addımlarla keçmələridir. Həmin dəqiqələrdə onların üzündən yağan xoşbəxtliyi görmək özü də bir bəxtəvərlikdir. O anlarda kursantların ürəklərində qövr edən sevincləri dünyaya sığmırdı. Həmişə belə olur, insan arzusuna çatanda, qəlbini xoş hisslərə təslim edir. Duyğular cuşə gəlir, qəlb coşur, könül xoşlanır. Həmin anlarda kursantlar addımlarını daha da böyük inamla atırlar. Onların baxışları daha ötkəm olur. Ayaqlarının səsindən, hənirtilərindən sıra meydanının da üzü gülür. Günəş də al şəfəqləri ilə kursantları salamlayaraq onların həyat yollarını nura boyayır. Bütün bunlar kursantların sabahkı gözəl həyata olan inamlarını daha da artırır.   
Həm Milli qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş idman turnirlərində, həm müxtəlif təyinatlı tədbirlərdə, həm də viktorina və müsabiqələrdə kursantlar daha mübariz olurlar. Onlar yarışlarda cəld və çevik hərəkətləri ilə, bilikləri ilə birinci olmağa can atırlar. Daim ovqatları yüksək olan kursantlardan qələbə qoxusu gəlir. Hərbi liseyin rəhbərliyinin təşkilatçılığı ilə tez-tez keçirilən yarışlar, müsabiqələr kursantlara mübarizlik, cəsurluq kimi nəcib hisslər aşılayır. Yarışdan-yarışa onlar daha da təkmilləşirlər. Gələcək xidmətlərində qazanacaqları böyük uğurların ilk kərpicləri burada qoyulur. Kursantların bir vətəndaş, bir şəxsiyyət, bir hərbçi kimi böyüməsi üçün yenicə əsaslı təmirdən çıxmış Hərbi liseydə hərtərəfli şərait yaradılıb.
Tam inamla deyə bilərik ki, C.Naxçıvanski adına Hərbi Liseydə Mübarizlərin, Çingizlərin, Albertlərin, Muradların, Vəzirlərin və başqa qəhrəmanlarımızın davamçıları böyüyürlər. Hazırda burada ibtidai hərbi təhsil alan "balaca generallar" sabahkı döyüşlərdə qəhrəmanlıqları ilə tarix yazacaqlar.
Kursantlar Şəhidlər və Fəxri xiyabanlara gedir, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və başqa şəhidlərimizin məzarlarını ziyarət edirlər. Bu anlarda onların üzündən, gözündən qürur və ehtiram süzülür. Bundan əlavə, kursantlar silah sərgilərinə də gedirlər. Onlar biliklərini təkmilləşdirmək, həyat təcrübələrini artırmaq üçün daim öz üzərlərində çalışırlar. Təbiidir ki, gələcəyimizin zabitləri olacaq belə hazırlıqlı, belə vətənpərvər kursantları qarşıda  yalnız uğurlar gözləyir.
Yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyev olan C.Naxçıvanski adına Hərbi Lisey hələ bundan sonra da hərbçi olmaq arzusu ilə yaşayan yüzlərlə, minlərlə gənci ağuşuna alacaq. Bu təhsil ocağında illər, əsrlər boyu ordumuz üçün savadlı, bacarıqlı və vətənpərvər kadrlar hazırlanacaqdır. 
                                                                      
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey