Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2019 09:47

Vətən borcu müqəddəsdir

Bir az əvvəl ön xətdəydim. Əsgərlərimizlə şirin-şirin söhbətləşmişdik. Söz sözə söykək olmuşdu, söz sözü çəkmişdi. 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarından, şəhidlərdən, Azərbaycan Ordusunun döyüş və mənəvi-psixoloji hazırlığından, əsgərlərin döyüş əzmindən, qələbə ruhundan, yaxın vaxtlarda Azərbaycan əsgərinin əlləriylə işğalın gözlərinin ovcuna töküləcəyindən, Böyük Qələbədən danışmışdıq. Hər kəlmədə qürur, ehtiram, inam vardı...
Günəş qüruba meyillənməkdəydi. Qayıdırdıq.
Əsgərlərdən bir nəfəs dərimi qədər uzaqlaşmışdıq. Özümə də məlum olmayan hansı duyğunun təsiriyləsə ayaq saxladım. Dönüb arxaya baxdım. Leytenant Şamil Qəhrəmanın baxışlarında gördüyüm, hiss etdiyim "Niyə dayandınız?" sorğusunu cavablandıra bilməyəcəyimin duyğusal səksəkəsi ruhumu sıxmaqdaydı...
Ürəyim məni geri çəkirdi. Mənə elə gəlirdi ki, nələrisə soruşmağı, öyrənməyi, dəqiqləşdirməyi unutmuşam. Məhz nələri? - bilmirdim. Mənə elə gəlirdi ki, geri dönməsəm, buradan uzaqlaşdıqca təəssüf  ürəyimi üzdükcə üzəcək...
Neçə ay əvvəl ön xətdən bir reportaj yazmışdım: "Səngərləri sərhədlərə köçürəcəyik!". Ön xəttə bu dönməz inamla gəlirəm, əsgərlərlə bu inamla söhbətləşirəm, bu inamla qayıdıram.
Yenə ön xətdəydim. Ayrı bir məkanda tanıdığım-tanımadığım əsgərlərin baxışlarında çırpınan mətləbdə deyirdi ki, yaxın vaxtlarda səngərləri sərhədlərə köçürəcəyik. Məni (bizi, bizləri) ön xəttə gətirən də bu müqəddəs inamın işığıdı, ön xətdən yola salan da. Görəsən, əsgərlər bilirmi ki, bu gözəl işığın gözəl zərrələrini ürəyimə büküb özümlə aparıram?! Bu işıq mənimlə səngərlər dolaşacaq, sonda - Böyük Qələbənin şadyanalığında özü biçimli zərrələrə qarışacaq, gurlaşan işığa hopacaq. O işığa şükranlıq işığı deyəcəyik...
Bir müddət əvvəlki söhbətimizi xatırlayırdım. Zabitləriydi, biziydik, əsgərləriydi.  Səmimi söhbət çox mətləblərin işığına dönmüşdü. Bu gözçəkən işıqdan gözgörümü qədərincə uzaqlaşanda xatırladım: əsgərlərdən soruşmuşdum ki, Vətən borcu 18 aya sığa bilərmi? Bu sualla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamıyla yenidən qurulan Cocuq Mərcanlının timsalında Böyük Qələbədən - müharibədən sonrakı Azərbaycanın coğrafiyasında olacaq dəyişikliklərə, tikintilərə əsgər münasibətini öyrənmək istəmişdim. Araya bir anlıq sükut çökmüşdü. Həmin bir anın içində zaman dayanmışdı elə bil. Dayanmış zaman düşüncələrə qətiyyən təsir edə bilməyib, indi də edə bilməyəcəkdi. O sükuta görə sualı bir qədər dəyişməklə yenidən təkrarlamaq istəyirdim ki, əsgər Yusif Aşuralıyev demişdi:
- Yox, Vətən qarşısında övladlıq borcunu yerinə yetirmə bu müddətə sığışa bilməz. Vətən müqəddəs olduğu üçün Vətən borcu da müqəddəsdi. Müqəddəs borc son nəfəsəcən ödənilməli borcdu. Ulularımız Vətən borcunu belə ödəyib, biz də belə ödəyəcəyik.
Əsgər Röyal Əmrahov demişdi:
- Hərbi xidmətdəyik. Əsgərik, Vətən borcunu yerinə yetiririk. Vaxtı çatanda tərxis olunacağıq. Sıralarımızda gələcəkdə taleyini hərbi işə bağlayanlar da olacaq. Əsl vətəndaş özünü tərxis olunduqdan sonra da əsgər hesab etməlidi. Müharibə başa çatana kimi hər birimiz bir əsgərik. Qələbədən sonra quruculuq işlərində də əsgəri məsuliyyətlə, əsgəri istəklərlə iştirak edəcəyik.
- İnşaatla bağlı təhsiliniz, təcrübəniz varmı? - maraqla soruşmuşdum. Sorğuma aldığım cavab düşüncələrimdə şahlıq etmişdi:
- Ali təhsilli əsgərlər də var. Onların sırasında Memarlıq və İnşaat Universitetini bitirənlərin də olduğuna sizin də zərrəcə şübhəniz olmasın. Bir də, nə fərqi var ki. Təhsilimiz, təcrübəmiz olmasa da, daş daşımağa, beton qarışdırmağa gücümüz çatar. Hərə bir işin qulpundan yapışacaq. Məsuliyyətlə xidmət etdiyimiz kimi, məsuliyyətlə də işləyəcəyik. Müharibənin kəndlərə vurduğu yaraları ev-ev sağaldacağıq...
Əsgər Məhəmməd Zülfüqarov eyni məzmunlu başqa bir mətləbə toxunmuş, bir qədər duyğusallıqla demişdi:
- Hərəmiz bir rayondanıq. Xidmət müddətində doğmalaşmışıq. Bizi əsgər dostluğu doğmalaşdırıb. Tərxis olunduqdan sonra hərə öz rayonuna qayıtsa, işğaldan azad edəcəyimiz yaşayış məntəqələrində tikintilərdə kim işləməlidi? Necə ola bilər ki, hərbi xidmət dövründə Səbuhi Orucovla dost olam, xidmətdən sonra Qubadlıda Səbuhinin sağında dayanmayam?
Əsgər Nemət Abbasov Məhəmmədin fikrinə qüvvət kimi demişdi:
- Hərbi xidmətimiz də Vətən üçündü, tərxis edildikdən sonra yaşadacağımız münasibətlər də.
Əsgər Asəf Eyvazov yoldaşlarının fikrini belə tamamlamışdı:
- Müharibənin dağıntılarını tam bərpa edənə kimi özümüzü əsgər biləcəyik.
- Bu və buna oxşar fikirləri Cocuq Mərcanlıda əsgərlərdən eşitmişdim. Bəlkə də bu gün bu sualı o vaxtlar eşitdiyim kəlmələri xatırlayıb vermişdim. Reallıq budur ki, zaman müxtəlifliyi də, məkan müxtəlifliyi də Azərbaycan əsgərlərinin düşüncələri arasında fərq yarada bilməyib. Onda əsgərlərdən biri laçınlı olub Laçını görməyən dostuyla Laçında tikintidə işləyəcəyini demişdi. İndi əsgərlərdən biri qubadlılı olub Qubadlını görməyən dostuyla Qubadlıda tikintidə işləyəcəklərini dedi. Belə səmimiyyət onda da ürəyimi telləndirmişdi, indi də telləndirdi, - demişdim.
Leytenant Şamil Qəhrəman bölmənin əsgərlərinə baxmışdı. Hiss edirdim ki, eşitdiklərinə münasibət bildirmək niyyətindədi. Ona görə əsgərlərə hələ nəsə demək istəməmişdim. Leytenantın ürəyindən keçənləri duymaq çətin deyildi. Duydum da, eşitdik də:
- Düşündürücü sualınıza aldığınız cavablar məni həm bir zabit kimi, həm də bir vətəndaş kimi duyğulandırdı. Belə düşünən əsgərlərimizlə fəxr edirəm. Onların dünyagörüşünün bu səviyyədə formalaşmasında, heç şübhəsiz ki, hərbi xidmətin də böyük rolu vardır. Tam məsuliyyəti ilə deyə bilərik ki, bu əsgərlər, ümumən, Azərbaycan əsgərlərini təmsil edirlər.
Leytenant əsgərlərin döyüş əzmindən də, qələbə ruhundan da danışmışdı. Əminliklə demişdi ki, əsgərlərimizin hər biri 2016-cı ilin aprelində zəfər qazananların davamçısı olacaq. Azərbaycan Ordusu həm də ona görə güclüdü, qüdrətlidi ki, hər əsgər qələbə üçün xidmət edir, qələbədən sonra Vətəndə quruculuq işlərində iştirak etmək niyyətindədir.
İndi qətiləşdirirəm ki, qayıdanda ayaq saxlamağıma bu söhbət, bu söhbətin məzmunu, axarı, bu axarın sonluğu səbəb olubmuş. Ürəyim məni buna görə səngərə çəkirmiş. Səngərə çəkirmiş ki, həmin duyğuları yaşayanların baxışlarını  birər-birər könlümə köçürüm.

Rəşid HÜSEYNOV, əməkdar jurnalist