Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2019 09:51

Xatirələrdə yaşayan ömür

Azərbaycan Texniki Universitetində Milli Qəhrəman Şövqiyar Abdullayevin 50 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbir Azərbaycan Texniki Universitetinin  və Veteran Tankçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşdı. Anım mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndələri, Qarabağ müharibəsinin iştirakçıları, universitetin müəllim və tələbə heyəti, şəhidin ailə üzvləri və digər qonaqlar iştirak etdilər. Hərbi orkestrin müşayiəti ilə universitetdə şəhidlərin xatirəsinə əbədiləşdirilən abidə-kompleksinin önünə gül dəstələri düzüldü. Dövlət himni səsləndirildi.
Aparıcı Şəmistan Əlizamanlı tədbiri açıq elan etdikdən sonra  xalqımızın ümummilli lideri Heydər Əliyevin  və  Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Universitetin rektor  əvəzi professor Xaliq Yahudov qonaqları salamlayaraq, Vətən, torpaq uğrunda canından keçən oğulların anım günlərinin mütəmadi olaraq təhsil ocağında keçirildiyini vurğuladı. Rektor ölkə Prezidenti İlham Əliyevin hər zaman şəhidlərin döyüşlərdə göstərdikləri şücaətini yüksək qiymətləndirdiyini, eyni zamanda, şəhid ailələrinin dövlət qayğısı ilə daim əhatə olunduğunu bildirdi və torpaq uğrunda canından keçən bütün şəhidlərin qəhrəmanlıqlarını tarixi qəhrəmanlıq adlandırdı. Natiq tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, universitetin "Avtomatika və kompüter texnikası" fakültəsinin məzunu, 1992-ci ildə könüllü olaraq milli ordu sıralarına yazılan, tank komandiri kimi ən ağır döyüşlərdə iştirak edib, düşməni çoxlu sayda itkilərə məruz qoyan, sonda şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin, həmçinin bütün şəhidlərin döyüşlərdə göstərdiyi igidliklər tələbələrə nümunə kimi təbliğ olunur və onların xatirəsi daima əziz tutulur.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Rauf Dəmirov Qarabağ müharibəsinin birinci mərhələsində döyüşlərin ağır şəraitdə aparıldığını qeyd etdi. Zabit çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycanda  müasir ordu quruculuğuna verdiyi əvəzsiz töhfələrdən,  bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  rəhbərliyi altında ordumuzun dünyanın ən güclü orduları sırasında yer almasından bəhs etdi: "Ordumuzun gücü, yüksək  peşəkarlığı Aprel döyüşlərində öz təsdiqini tapdı. Qarabağ müharibəsinin ilk illərində könüllü döyüşçülərdən ibarət şəxsi heyət döyüşürdüsə, artıq 2016-cı ildə  ordumuzun yüksək döyüş və mənəvi-psixoloji hazırlıqlı peşəkar zabit və əsgər heyəti döyüşürdü.  Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, eyni zamanda, düşmən işğalında olan torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın hər an "İrəli" əmrini gözlədiyini göstərdi." 
Tədbirdə qəhrəmanın komandiri olmuş Hacı Əzimov və döyüşçü yoldaşı Bəxtiyar Dəmirov Şövqiyarla bağlı xatirələrini bölüşdülər. Bildirdilər ki, Şövqiyar doğulduğu Göyçə mahalını, Nərimanlı kəndini, Qarabağı, Şuşanı, Laçını, Azərbaycanı çox sevirdi. O vətənpərvər, qətiyyətli döyüşçü, hər zaman öndə gedən nümunəvi əsgər kimi hər kəsin yaddaşında qaldı. 1992-ci il avqustun 27-də Ağdərənin Sərsəng su hövzəsi yaxınlığında Dranbon kəndi uğrunda gedən ağır döyüşlərdə yoldaşlarını əsir düşməkdən xilas etdi. Özü isə Vətən uğrunda qəhrəmanlıqla şəhid oldu. Çox arzulayırdı ki, müharibə başa çatsın, öz ata-baba yurduna - Göyçəyə, Nərimanlı kəndinə dönüb, orada yaşasın.  Vətəni, torpağı uğrunda canından keçən Şövqiyarın  şərəfli döyüş yolu bütün Azərbaycan gənclərinə nümunədir.
Mərasimdə çıxış edən  Şövqiyar Abdullayevin atası Cəmil Abdullayev və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndəsi, Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə Alıyeva ölkəmizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə göstərdikləri yüksək hörmət və ehtiramlarından, şəhid ailəsi olaraq dövlətimizin daima diqqət və qayğısı ilə əhatə olunduqlarından danışdılar.
Anım mərasimi "Dədə Qorqud" Milli Fondunun sədri Eldar İsmayılovun qəhrəmanın ölümündən sonra layiq görüldüyü "Həzi Aslanov" ordeninin atası Cəmil müəllimə təqdim olunması ilə davam etdi.
Tədbirdə Şuşa Humanitar Kollecinin ansamblının üzvləri və Xətai rayonu 171 saylı orta məktəbin şagirdləri Vətənə, torpağa, bayrağa həsr olunmuş mahnı və şeirlər səsləndirdilər.
Anım mərasimi sözləri və musiqisi şair, bəstəkar Şahin Musaoğluna məxsus "Tankçılar" mahnısı və Şəmistan Əlizamanlının ifasında "Əsgər" marşı ilə sona çatdı.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"