Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2019 09:28

Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdir

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir.
Xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdiyi soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına "Böyük Ermənistan" dövləti yaratmaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir.
1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. tarixi torpaqlarımızda dinc əhalimiz soyqırıma məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub. Ermənilərin qaniçən əməlləri məhz faşizmə xas olan terrorçuluq siyasətidir.
Yeri gəlmişkən bir faktı qeyd etməyə dəyər ki, Ermənistan dövlətinin tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Elə həmin vaxtdan da bu gün dövlət səviyyəsində qeyd olunur, bütün kollektivlərdə, idarə və təşkilatlarda, təhsil müəssisələrində, həmçinin ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş səfirliklərində və diaspor qurumlarında anım mərasimləri keçirilir.
"Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir", - deyən Ulu Öndər tövsiyə edirdi ki, bu hadisələrin, yəni, ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərin cəmiyyətdə təbliğ edilməsi, kütləvi nəşrlərdə və informasiya vasitələrində bu hadisələr barədə geniş məlumat verilməsi gənc nəslin vətənpərvərlik, düşmənə sonsuz nifrət ruhunda tərbiyə edilməsində az rol oynamır. Və bu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən il mart hadisələrinin 100-cü ildönümü ölkəmizin hər yerində qeyd edildi. Bu məqsədlə çoxsaylı elmi konfranslar, tarixi mövzuda tədbirlər keçirildi. 28 yanvar 2018-ci ildə dövlət başçısı tərəfindən "Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" tarixi bir sərəncam imzalandıqdan sonra nəinki ölkəmizdə, habelə dünyanın bir sıra dövlətlərində soyqırımı həqiqətlərinin təbliği baxımından mühüm işlər görüldü.
Ermənilərin törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Onun rəhbərlik etdiyi təşkilatın xətti ilə Qarabağ həqiqətləri geniş miqyasda təbliğ olunub, ölkəmizin hüdudlarından kənarda vacib tədbirlər həyata keçirilib. Bu günlərdə Mehriban xanımın Fransaya işgüzar səfəri, erməni lobbisinin geniş miqyas aldığı bu ölkənin mühüm rəsmi dairələri ilə keçirdiyi görüşlər Vətənimizin üzləşdiyi Dağlıq Qarabağ probleminin həllinə yeni təkan verəcəkdir.
Yeri gəlmişkən, Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət" kampaniyasının son illər geniş bir hərəkata çevrildiyini qeyd etmək yerinə düşərdi. Onun rəhbərliyi və təşkilatçılığı ilə dünyanın 70-dən çox ölkəsində Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunub. ABŞ-ın 14 ştatında bu faciə soyqırımı aktı kimi tanınıb. Bu gün "Xocalıya ədalət" kampaniyasının çağırışı BMT, Avropa parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatlarda eşidilir.
Ötən il Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi tarixi bəyanat verdi. Həmin bəyanatda deyilir: "1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Yüz minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuşdur. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, dinc əhaliyə yaşına və cinsinə fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə-yeksan edilmiş, 132 min azərbaycanlı məhv edilmişdir".
Bir acınacaqlı məsələni vurğulamaq lazımdır ki, bu hadisələrdə düşmən sadəcə insanları faktiki məhv etməklə kifayətlənməyib, tarixi abidələrimizi darmadağın edib və bir çox abidələri, qədim yaşayış məskənlərimizi öz adlarına çıxmaqla milli irsimizə ağır zərbələr vurub. Bu günlərdə internet saytlarından birində rast gəldiyim məqalə məndə ikrah doğurdu. Ermənilər həyasızcasına sübut etməyə çalışırlar ki, guya tarixi İrəvan qalası onlara məxsus olub və "Yerevanqala" adlandırılıb. Əsl həqiqətdə isə, 1500-cü illərdə Şah İsmayıl Xətai öz hakimiyyəti dövründə ağıllı, müdrik vəzirlərindən olan Rəvanqulu xana qala tikdirməyi tapşırır və həmin vəzir də möhtəşəm bir qala inşa etdirərək ona öz adını verir: "Rəvan qalası". Sonradan bu ifadə xalqın dilində "İrəvan qalası" kimi səslənir. Siz ermənilərin necə hiyləgər bir millət olduğuna fikir verin. Tarix sübut edir ki, 5 əsr əvvəl heç onların dövləti olmayıb. Ermənistan adlı dövlət 200 il öncə, daha dəqiq desək, 1813 və 1828-ci illərdə Rusiya və İran arasında bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələrinin nəticəsində Azərbaycan torpaqlarının bu iki imperiya arasında bölüşdürülməsi hesabına yaranıb. Birmənalı qeyd etmək lazımdır ki, imperialist qüvvələrin məqsədyönlü işğalçılıq siyasətinin yekunu olaraq Ermənistan adlı dövlət meydana gəlib. Ermənilər öz mənfur işğalçılıq, soyqırımı planlarını ört-basdır etmək üçün bu kimi nə qədər yalanlar uydurublar.
Yaşlı vətəndaşlarımızın əksəriyyəti Stalin dövründə xalqımızın başına açılan faciələri ürək ağrısıyla xatırlayır. 1942-1953-cü illərdə məhz onun fitvası ilə yüz minlərlə soydaşımız tarixi Qərbi Azərbaycan torpaqlarından zorla sürgün ediliblər və bu didərgin insanların bir çoxu Azərbaycanın şiddətli quraqlıq olan aran bölgələrində zorla məskunlaşdırılıb. 150 mindən artıq günahsız insan məhz həmin dövrün etnik təmizləmə siyasətinin qurbanı olmuşdu. Qərbi Azərbaycandan didərgin düşən həmvətənlərimiz həmişə ermənilərin onlara qarşı qəddarlığından, vəhşiliyindən ürəkağrısıyla danışıblar. İnsanda acı təəssüf və ikrah hissi yaranır ki, Ermənistan ərazisində yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayca on qat az olan ermənilər üçün qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti" təşkil edilmişdi. Ermənistanda yaşayan soydaşlarımıza çox nadir hallarda vəzifə verildiyi halda, bu qondarma vilayətin bütün rəhbər strukturlarına erməni millətinin nümayəndələri təyin edilmişdi.
XX əsrin sonlarına yaxın, yəni Mixail Qorbaçov kimi qaniçən bir diktatorun Sovet İttifaqına rəhbərliyi dövründə hiyləgər ermənilər onu ələ alaraq 1988-ci ildən etibarən Qarabağ bölgəsində işğalçılıq məqsədlərini davam etdirməyə nail olurlar. Bu zaman Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Vətənimizin qədim, əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan düşmən tərəfindən işğal edildi. Ermənilərin növbəti qəsbkarlıq siyasətinin nəticəsi olaraq 1 milyondan artıq vətəndaşımız ata-baba yurdlarından zorla didərgin salındı, 20 minə qədər azərbaycanlı qətlə yetirildi, 20 mindən çox dinc sakin yaralandı, 50 mindən çox adam əlil oldu, 4 min nəfərdən artıq azərbaycanlı isə əsir və girov götürüldü. Ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımında isə bir qəsəbə yer üzündən silindi, 613 nəfər dinc əhali, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın vəhşicəsinə öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürülərək ağlasığmaz işgəncələrə, təqiblərə məruz qaldılar. "İzvestiya" qəzetinin hadisələrin şahidi olan müxbiri bir məqaləsində yazırdı: "Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi"...
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış nəşrlərdə qeyd olunan faktlar da sübut edir ki, erməni faşistləri xalqımıza qarşı nə qədər qaniçən olublar. "Armenakan", "Hnçak", "Erməni gizli azadlıq ordusu", "Asala", "Erməni azadlıq cəbhəsi" və digər terrorçu təşkilatlar məhz Ermənistan dövlətinin dəstəyi ilə yaradılaraq müxtəlif qırğınların, soyqırımı aktlarının təşkilatçıları olub. Təkcə "Daşnaksütyun" partiyasının 30 aylıq hakimiyyəti dövründə Ermənistanda müsəlmanların sayı 77 faiz azalmışdı. Bu əyani sübutdur ki, bir partiya hakimiyyətdə olan zaman nə qədər cinayətlərin real təşkilatçısına çevrilib.
Bütün bunlar deməyə əsas verir ki, dünya siyasətində ikili standartlar mövcuddur və hələ də bəzi dövlətlər Ermənistanın işğalçılıq siyasətinə göz yumur. İnsan hüquqlarının qorunmasına cavabdeh olan beynəlxalq təşkilatlar, BMT, ATƏT kimi mötəbər qurumlar işğalçı dövlət barəsində qətnamə və qərarlar qəbul etsə də, təəssüf ki, onlar icra edilmir. Ölkəmizin rəhbərliyi münaqişənin sülh variantı ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq qarşı tərəf beynəlxalq hüquqla tanınan ərazilərimizi azad etməyi düşünmür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, xalqımızın səbri tükənməz deyil, əgər Ermənistan işğal etdiyi qanuni ərazilərimizdən öz qoşunlarını çıxarmasa, onda xalqımız müharibə yolu ilə həmin torpaqları işğaldan azad edəcəkdir. Buna Azərbaycanın həm haqqı, həm də gücü çatır. Son 15 il ərzində qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycanın hərbi qüdrəti güclənib, ordumuz müasir silah və hərbi texnikalarla təmin olunub və ən başlıcası, hərbi qulluqçularımızın döyüş ruhu yüksəlib. Bunu biz 2016-cı ilin aprel döyüşlərində dərindən hiss etdik. Cəmi bir neçə günlük hərbi əməliyyatda ordumuz düşmənə öz qətiyyətini göstərdi və bütün dünyaya sübut etdi ki, müharibə başlanarsa, qısa müddətdə torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Azərbaycan güclü iqtisadi-hərbi potensiala, yüksək psixoloji duruma və döyüş hazırlığına malikdir. Düşmən dərk etməlidir ki, əgər torpaqlarımızı son qarışına qədər işğaldan azad etməsələr, onda qüdrətli ordumuz öz sözünü deyəcəkdir. Xalqımız tam əmindir ki, Azərbaycan Ordusu qətiyyətli siyasi liderimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bu vəzifəni inamla yerinə yetirəcəkdir.

Eldar ƏHMƏDOV,
ədliyyə müşaviri, Azərbaycan Respublikası Hərbi Prokurorluğu