Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2019 09:50

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu:  Azərbaycan xalq eposlarında milli qəhrəmanlıq nümunələri (“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında).

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirmək tövsiyə olunur.

Suallar:
1. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli qəhrəmanlıq abidəsidir.
2.  Koroğlu Azərbaycan xalqının qəhrəmanıdır.

 

"Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli qəhrəmanlıq abidəsidir



Erkən orta əsrlərdə (VI-XI əsrlər) Azərbaycanda baş verən ictimai-siyasi hadisələr öz bədii əksini şifahi və yazılı ədəbiyyatda tapmışdır. Həmin dövrdə şəhərlərdə və oturaq əhali arasında daha çox sehrli nağıllar və dini rəvayətlər yayıldığı halda, maldarlıqla məşğul olan əhali arasında aşıq yaradıcılığı inkişaf etmişdi. Köçərilər arasında ozanların böyük nüfuzu var idi. Onlar el-el, oymaq-oymaq gəzərək xalq qəhrəmanlarının adına dastanlar qoşur və onları təbliğ edirdilər. Ozanlar, eyni zamanda xalqın məsləhətçisi, bilicisi hesab olunurdular. Ən məşhur ozanları xalq hörmətlə "dədə" adlandırırdı.
Qədim oğuz türklərinin məişətini, etik-estetik düşüncələrini əks etdirən qəhrəmanlıq eposu bu günümüzə şifahi və yazılı şəkildə gəlib çatmışdır. Azərbaycan qəhrəmanlıq eposunun böyük abidələrindən olan, Azərbaycan ədəbiyyatı tarixində şifahi xalq yaradıcılığının ana dilində qələmə alınmış ilk ən böyük ədəbi abidəsi "Kitabi-Dədə Qorqud"dur. Bu gün elmə məlum olan "Kitabi-Dədə Qorqud" əlyazmalarının Drezden, Vatikan və Berlin kitabxanalarında saxlanılan nüsxələri məlumdur. Həmin əlyazmalarda oğuz bəylərinin  bahadırlıq və cəngavərlik rəşadətlərini düzüb qoşan və milli yaddaşa verən Dədə Qorqudun peyğəmbərimiz Həz.Məhəmmədlə (s.a.v.)  bir dövrdə yaşadığı göstərilir.
"Kitabi-Dədə Qorqud" dastanında türk etnik qrupuna daxil olan oğuzların qəbilə və tayfa münasibətləri dövrünün hadisələri, oğuz tayfalarının dövlətçilik və idarəçilik ənənələri, Vətən, torpaq uğrundakı vuruşları, sivil mədəniyyətə doğru tarixi inkişafı əks etdirilir.
Dastanda təsvir olunan hadisələr xanlar xanı Bayandır xanın başçılıq etdiyi, 24 sancağı (el, vilayət) birləşdirən Oğuz dövlətində cərəyan edir. Vahid tayfa dövləti olan Oğuz birliyində yaranmış daxili çarpışmalardan, tayfalararası ziddiyyətlərdən yaxın ərazilərdəki düşmən tayfalar istifadə etməyə çalışırdılar. Mərkəzi hakimiyyətə tabe olan sancaqların vahid dövlətçilik ənənələri yox idi. Bununla belə, Oğuz dövlətçiliyinin özünəməxsus idarəçilik qaydalarını, dövlətçilik modelini öyrənmək bu günümüz üçün də çox böyük əhəmiyyətə malikdir.
"Kitabi-Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Elm aləminə XIX əsrdən məlum olan bu qəhrəmanlıq dastanlarının hələlik XV-XVI əsrlərdə köçürülmüş iki əlyazma nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. "Oğuz tayfaları dilindən Dədəm Qorqud kitabı" adlanan Drezden nüsxəsi bir müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Bu isə onu göstərir ki, hər iki nüsxə daha qədim bir nüsxədən köçürülmüşdür. "Kitabi-Dədə Qorqud"un bir sıra boyları 1815-ci ildə alman dilində, 1894-1904-cü illərdə rus dilində, 1916-cı ildə tam şəkildə Türkiyədə, 1939-cu ildə Bakıda, 1952-ci ildə İtaliyada, 1962-ci ildə isə Moskvada çap edilmişdir. Sonralar "Kitabi-Dədə Qorqud" ingilis, alman və fars dillərinə tərcümə edilmiş və İngiltərədə, ABŞ-da, İsveçrədə və İranda çapdan çıxmışdır.
Qafqazda olmuş alim və səyyahlar "Kitabi-Dədə Qorqud"dan dəfələrlə bəhs etmişlər. Adam Oleari adlı səyyah 1638-ci ildə Dərbənddə azərbaycanlılardan Dədə Qorqud hekayətlərini eşitdiyini, Qazan xanın arvadı Burla xatunun, eləcə də Dədə Qorqudun özünün burada qəbirləri olduğunu göstərmişdir. Evliya Çələbi isə "Səyahətnamə"sində Dərbənddə Dədə Qorqudun qəbri olduğunu və şirvanlıların bu qəbrə böyük ehtiram və etiqad bəslədiklərini qeyd etmişdir.
Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında xalq dilinin incəliklərindən, atalar sözlərindən, məsəllərindən məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan dilinin tarixini öyrənmək baxımından zəngin mənbədir.
"Kitabi-Dədə Qorqud" motivləri əsasında yazıçı Anar ssenari yazmış, 1975-ci ildə "Azərbaycanfilm" kinostudiyasında eyni adlı ikiseriyalı bədii film çəkilmişdir.
"Kitabi-Dədə Qorqud" dastanı XI-XII əsrlərdə və daha əvvəllər Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Göyçə gölü, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"da Dədə Qorqud bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edilir. Bayat elindən çıxmış bu bilicinin Oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən xəbər verdiyi göstərilir. Azərbaycanda Dədə Qorqudun bütün əşyalara ad verməsi barədə rəvayət mövcuddur.
"Kitabi-Dədə Qorqud" boylarında da Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir.
"Kitabi-Dədə Qorqud" boyları müxtəlif hadisələrdən və ayrı-ayrı Oğuz igidlərinin qəhrəmanlığından bəhs etsə də, onlar bir-biri ilə bağlı olub vahid dastan təsiri bağışlayır. Dastanlarda Oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Qarabudaq, Əmran, Səgrək, Buğac) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. Dastanlarda igidlər yalnız öz şücaəti ilə ad-san qazanırlar. Qəhrəmanlıq göstərməyən cavanlara ad verilmir.
"Kitabi-Dədə Qorqud"un qəhrəmanlıq ruhu Vətən məhəbbəti ilə ayrılmaz vəhdətdədir. Oğuz bəyləri doğma yurdlarını qorumaq naminə hər cür fədakarlığa hazır igidlərdir. Onların arasında məqsəd birliyi, ümumi mənafe uğrunda düşmənə qarşı birgə mübarizə ruhu hakimdir. Dastanlarda, eyni zamanda xəyanət, həsəd, qorxaqlıq, fərarilik və s. kimi mənfi sifətlər kəskin tənqid olunur.
Eposda Oğuz bəyləri ilə mübarizə aparan düşmən qəbilələri də təsvir edilir. Dastanlarda oğuzların düşmənə hücumları yalnız təcavüzkarlardan intiqam almaq məqsədi daşıyır. Qazan xan vuruş meydanında "qaçanı qovmur", "aman diləyəni öldürmür".
 "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatlarla zəngindir. Burada etik davranış normaları, ailə-məişət məsələləri öz əksini tapmışdır: oğul ata sözünü iki eləmir, ağsaqqal qocaya, ağbirçək qarıya hörmətsizlik bağışlanılmaz günah sayılır, yoldaşını döyüş meydanında qoyub qaçanlar amansız cəzalandırılır və s.
"Kitabi-Dədə Qorqud" eposunun qəhrəmanlıq ruhu qadın obrazlarında və onların davranışlarında da aydın görünür. Dastanda təsvir edilən mərd, əyilməz qadınlardan Qazan xanın qadını Burla xatun igidlikdə ərindən geri qalmır, döyüş meydanında hünər göstərir. Başqa qadın obrazları da (Banuçiçək, Selcan xatun və b.) namuslu, tədbirli, təmkinli, ağıllı və dözümlüdürlər.

 

Koroğlu Azərbaycan xalqının qəhrəmanıdır



Azərbaycan xalqının "Kitabi-Dədə Qorqud"dan sonra yaranan ikinci böyük qəhrəmanlıq eposu "Koroğlu"dur. Dastanın qəhrəmanı Koroğlu tarixi şəxsiyyətdir. XVI əsrin sonu - XVII əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, Səfəvilər dövləti və Osmanlı imperiyası arasında müharibələr Azərbaycan xalqının maddi rifahının ağırlaşmasına və xalq kütlələrinin narazılıqlarına səbəb olurdu. XVI əsrin sonunda Şeyx Cəlalın başçılığı ilə Anadoluda vüsət alan kəndli hərəkatı XVII əsrin əvvəllərində Azərbaycana da yayıldı.
Müxtəlif tayfalar içərisindən çıxmış Cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Salmas yaxınlığındakı Xaraba qala Koroğlu tərəfindən tikilmişdir. Dastanda Naxçıvan ərazisi, Salmas, Xoy Koroğlunun ən çox fəaliyyət göstərdiyi yerlərdəndir. Dastanın bir çox variantlarında Koroğlunun iqamətgahı olan Çənlibel qalasının Naxçıvanda və Makuda yerləşdiyi göstərilir. Koroğlu öz qəhrəmanlıqları ilə xalq kütlələrinin hədsiz məhəbbətini qazanmışdı. Koroğlunun dastana daxil olunmuş və şəxsi yaradıcılığına aid edilən qoşmalarından başqa, dastanın heç bir variantında əksini tapmayan şeirləri də tapılmışdır.
Tədqiqatçı alimlər tərəfindən Azərbaycan və Gürcüstan fondlarında saxlanılan naməlum müəlliflərin əlyazmalarında Koroğlunun ayrı-ayrı şeir və qoşmaları aşkar edilmişdir. Koroğlunun silahdaşlarından ayrı-ayrı dəstə başçıları - Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanrıtanımaz, Abaza paşa, habelə dastandakı mənfi personajların bir çoxu tarixdə yaşamış şəxslər hesab olunur. Bütün bunlar qəhrəman cəsarətini, xalq müdrikliyini, ədaləti özündə birləşdirən, nəğməkar, aşıq sənətinin bilicisi Koroğlunun real tarixi şəxsiyyət olduğunu deməyə əsas verir.
Azərbaycanda "Koroğlu" dastanının ilk nəşri 1913-cü ilə təsadüf edir. Bundan başqa dastanın 1927, 1929, 1941, 1949, 1956, 1975, 1983 və 1997-ci il nəşrləri də mövcuddur.
Azərbaycanın torpaqlarına olduğu kimi, mədəniyyətinə də iddialı olan ermənilər hətta "Koroğlu"nu da özününküləşdirmək kimi cəfəng xülyalarda olmuşlar. Tarixi bir faktdır ki, ötən əsrin 20-30-cu illərində Azərbaycanda fəaliyyət göstərən Tədqiq və Tətəbbə Cəmiyyəti xətti ilə aparılan ekspediyalar əsasında 1936-cı ildə eposun 20 qoldan ibarət yeni, daha mükəmməl nəşri çapa hazırlanmışdı. 1936-cı ilin dekabrında müstəntiq E.Qriqoryan tərəfindən həmin əlyazma Ermənistana, "mətndə ermənilərdən oğurlanmış qolları üzə çıxarmaq üçün" rəyə göndərilmişdi. Sonralar həmin qolların bir çoxu ermənilərin düzəlişləri ilə erməni mətbuatında "azərbaycanca və ermənicə çalıb-çağıran erməni aşıqlarından yazıya alınmış nümunələr" kimi nəşr edilmişdir. 1941-ci ildə isə İrəvanda "Koroğlu"nun erməni variantı üzə çıxıb. Bütün bunlar bizə bir daha erməni xislətinin iç üzünü açıb göstərir.
Xalqımızın qəhrəmanlıq ənənələrini əks etdirən xalq ədəbiyyatı nümunələri əsrlərdən keçərək bu gün bizə çatmış və milli-mədəni sərvətimizə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev bütün sahələrə olduğu kimi, tariximizə, mədəniyyətimizə də diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, latın qrafikası ilə ilk növbədə kütləvi nəşr ediləcək Azərbaycan xalq ədəbiyyatı nümunələri arasında "Kitabi-Dədə Qorqud" eposunun 3 cilddə, "Koroğlu" dastanının 2 cilddə çapı nəzərdə tutulmuşdur.
Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi bir zamanda Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, ümumiyyətlə gənclərin  vətənpərvərlik tərbiyəsində "Kitabi-Dədə Qorqud" eposu və "Koroğlu" dastanı xalqımızın qəhrəmanlıq salnaməsinin dəyərli əsərləri kimi mühüm əhəmiyyətə malikdir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi