Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2019 09:31

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)


Mövzu: 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.


İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında əldə olan tarixi materiallardan, həmin hadisələrin şahidi olanların xatirələrindən istifadə etməli, eləcə də əvvəlki dərslərdə ermənilərin separatçı siyasəti haqqında öyrənilənləri dinləyicilərə bir daha xatırlatmalı və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.


Suallar:

1. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.

2. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri.

3. Ordumuz Ermənistanın separatçı-işğalçılıq siyasətinə son qoymalıdır.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti




Azərbaycanlıların soyqırımı erməni faşizminin xalqımızın taleyinə həkk etdiyi qanlı salnamə, bütün türk dünyası və bəşəriyyət üçün tarixi ibrət dərsidir.

Türklərə və azərbaycanlılara qarşı ermənilərin mütəşəkkil şəkildə misli görünməmiş düşmənçilik siyasəti aparmasının və bunu bir millətin digər millət tərəfindən fiziki cəhətdən məhv edilməsi məqsədini daşıyan milli ideologiyaya və böyük fəaliyyət proqramına çevirməsinin dünya tarixində analoqu yoxdur.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı da uzun müddət tarixin açılmamış səhifələrindən biri olmuşdur.

Xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi qiymət vermək məqsədilə ümummilli lider Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı imzaladı. Həmin fərmanla 31 mart azərbaycanlıların soyqırımı günü kimi tarixə yazıldı. Bu mühüm sənəddə Azərbaycan XIX əsrdə zorakılıqla parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların - soyqırımların tariximizdə ilk dəfə olaraq rəsmən adı çəkilir, xüsusilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən bütün Cənubi Qafqaz miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış düşmənçilik siyasətinin kökləri açılır. "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakini olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarixi və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görən ant-Azərbaycan qüvvələrinin mənfur fəaliyyətinə siyasi qiymət verilir.

Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri




1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının həmin milli faciəsinin davamı kimi onun torpaqlarının zəbt olunmasına başlanıldı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək, 10 minlərlə erməninin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Əhalinin fiziki cəhətdən məhv edilməsi isə Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. XX əsrin əvvəllərində "Daşnaksütyun" və "Hnçak" kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik kütlələri qatı millətçi ideyalar ətrafında birləşdirməsindən sonra bu proses daha da sürətləndi.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Erməni terrorçu-quldur dəstələri Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtula bilən on minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyəti qarşısında qalmışdır.

Birinci Dünya müharibəsi zamanı (1914-1918) zəifləyən Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz ideyalarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən "əksinqilabçı ünsürlərlə mübarizə" adı altında Stepan Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası tərəfindən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanıldı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurur, insanları diri-diri yandırır, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdırdılar.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd-yuvalarından didərgin salmışlar.

Yalnız Bakıda 18 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 min nəfərədək adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 müsəlman kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 750-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 22 azərbaycanlı kəndi dağıdılmış, yandırılmış və talan edilmişdir.

İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdiyi vəhşiliklər və daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1920-ci ildə 70 min nəfərə enmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd olunmuşdur. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinə, XIX əsrdə və XX əsrin əvvəllərində torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Şovinist ruhlu erməni millətçilərinin azərbaycanlılara qarşı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymətin verilməməsi səbəbindən Sovet hakimiyyəti dövründə də azərbaycanlılar dəfələrlə onlara qarşı yeridilən antihumanist siyasətlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu düşünülmüş millətçi siyasətin əyani təzahürüdür. Həmin siyasətin davamı olaraq, 1948-1953 və 1988-1989-cu illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.

1988-ci ildə yenidən baş qaldıran erməni separatizmi, ermənilərin Dağlıq Qarabağda apardığı işğalçı müharibə və etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlı soyqırımı qurbanlarının sayı daha da artmışdır. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox azərbaycanlı həlak olmuş, 20 mindən çoxu yaralanmış, 4 mindən çox azərbaycanlı əsir və itkin düşmüş, girov götürülmüş, 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi dağıdılmış, azərbaycanlıların yaşadıqları 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Bütün bunların nəticəsində təkcə XX əsrdə 2 milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri qanlı terror və soyqırımı siyasətinin təsirinə məruz qalmışdır. Demək olar ki, indi Azərbaycanda erməni millətçilərinin zülmündən bu və ya başqa şəkildə zərər çəkməyən ailə yoxdur.

Ordumuz Ermənistanın separatçı-işğalçılıq siyasətinə son qoymalıdır




Dünyada misli görünməmiş qanlı üsullarla zaman-zaman Azərbaycan xalqına qarşı çoxəsrlik tarixə malik düşmənçiliklərindən əl çəkməyən ermənilər yaranmış tarixi şəraitdən sui-istifadə edərək, xalqımızın başına min bir müsibətlər gətirmiş, torpaqlarımızın 20 faizdən çoxunu işğal etmişlər. Bu gün tək Azərbaycan üçün deyil, həm də regionumuz üçün təhlükə mənbəyinə çevrilmiş Ermənistan bir tərəfdən öz işğalçılıq siyasətinə haqq qazandıraraq, zəbt etdiyi Azərbaycan torpaqları üçün separatçı-şovinist status əldə etmək istəyir, hələ bu azmış kimi Naxçıvan məsələsini də ortaya atır. Digər tərəfdən isə özlərinin "əzabkeş xalq" olduqlarını dünyaya car çəkir, "genosid qurbanı" olduqlarını təsdiq elətdirmək üçün dəridən-qabıqdan çıxır, dünya ictimaiyyətini aldadaraq, tarixi saxtalaşdırırlar. Lakin ermənilər Azərbaycan Ordusunun gücünə yaxşı bələddirlər və döyüşdən-döyüşə möhkəmlənərək qüdrətli bir orduya çevrildiyini də çox gözəl bilirlər.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar dövlətimizin siyasətini belə bəyan etmişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

Aprel döyüşləri Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi tarixə düşdü. Həmin döyüşlər Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, cavanından, qocasından asılı olmayaraq, daim döyüşə hazır olduğunu göstərdi. Xalqımız, xüsusən də, gənclər həmin günlərdə yürüş keçirərək ordu ilə xalqın birliyini nümayiş etdirdilər, torpaqlarımızın işğaldan azad olunmasına hər an hazır olduqlarını göstərdilər. Aprel döyüşləri və Naxçıvandakı uğurlu əməliyyatlar düşmən üzərində böyük zəfərinin başlanğıcı olaraq görsətdi ki, Azərbaycan Ordusu istənilən zaman öz torpaqlarını azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazırdır!

Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçu mənəvi-psixoloji hazırlığını daim artırmalı, hərbi intizamın möhkəmləndirilməsinə çalışmalı, Vətən sevgisini hər şeydən üstün tutmalı və yurdumuzu düşmən təcavüzündən azad etmək üçün daim döyüşə atılmağa hazır olmalıdır. Bunu bizdən bir milyondan artıq qaçqın düşmüş soydaşımız və erməni işğalçıları ilə qanlı-qadalı döyüşlərdə şəhid olmuş qəhrəman oğulların ruhu tələb edir.


İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi