Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2019 10:57

Təhsil ocaqlarında hərbi vətənpərvərlik tədbirləri

Gənclərə  hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq, həmçinin Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydalarının şagirdlərə çatdırılması məqsədilə nazirliyin nümayəndə heyəti bölgələrdə yerləşən orta məktəblərdə  hərbi rəhbərlər və yuxarı sinif şagirdləri ilə kompleks tədbirlər keçiriblər. Tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Silsilə tədbirlərdə, məktəblilər arasında  hərbi vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılmasında Müdafiə və Təhsil nazirliklərinin birgə fəaliyyətinin mühüm aspektlərindən danışılıb. Hərbi vətənpərvərlik işinin səmərəli təşkili üçün fikir mübadilələri aparılıb, hərbi rəhbərlərin təklifləri və istəkləri qeydə alınıb.
Polkovnik-leytenant Natiq Məhərrəmov əbədiyaşar komandan Heydər Əliyevin dediyi "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" sözlərini səsləndirərək qeyd edib ki, gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili bizim qarşımızda duran ən vacib məsələlərdən biridir.
- Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Bu yolda pedaqoji kollektivin də zəhməti böyükdür. Bu gün sevindirici məqam odur ki, əsgəri xidmətə çağırılan gənclərimiz ordu quruculuğundan məlumatlıdırlar. Sizlərin zəhməti və əzmkarlığı sayəsində gənclərimiz ilkin hərbi bilik və vərdişlərə yiyələnirlər. Gənclərin ordu həyatı ilə ilkin tanışlıqları onların hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarına zəmin yaradır.  Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir. Bu işdə ən böyük məsuliyyət isə Müdafiə və Təhsil nazirliklərinin üzərinə düşür. Mühüm vəzifənin öhdəsindən layiqincə gəlmək üçün pedaqoji kollektivlə əlaqələrimizi daha da möhkəmlədəcək, gənclərimizin vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması istiqamətində  daha böyük işlər görəcəyik.
Təhsil şöbəsinin nümayəndəsi Mürsəl Qasımov bildirib ki, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması bizim ən vacib vəzifələrimizdən biridir. "Pedaqoji kollektiv olaraq tədris olunan fənlərlə yanaşı, şagirdlərdə Vətənə məhəbbət hissini daha da qüvvətləndirmək, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq əsas vəzifələrimizdəndir. Şagirdlərlə mütəmadi olaraq bu istiqamətdə söhbətlər aparır, qəhrəmanlıq nümunələrindən danışırıq. Parta arxasında əyləşən hər bir şagirdimiz yaxşı anlayır ki, hərbi xidmət keçmək, Vətəni müdafiə etmək onların övladlıq borcudur. Biz də şagirdlərimizi Vətənimizin fəal müdafiəsinə hazırlayır, ilkin hərbi vərdişləri öyrədirik. Onlarla peşə seçimləri haqqında söhbətlərimiz də olur. Gənclərimizdə vətənpərvərlik, hərb peşəsinə sevgi, orduya rəğbət o qədərdir ki, oğlanlarla yanaşı, qızlarımız da hərbçi olmaq arzusundadırlar. Onların hər biri yaxşı bilir ki, aprel döyüşlərində, Günnüt zəfərində düşmənə qan udduran qəhrəman oğullarımız da vaxtilə parta arxasında əyləşiblər. Bu gün şagirdlərimizdə olan vətənpərvər ruh onun göstəricisidir ki, dövri-qədimdən qəhrəmanlarımız olub, bu gün də var, sabah da olacaq.”
Polkovnik-leytenant Azər Əliyev hərbi xidmətə çağırılan gənclərdə Vətən sevgisinin yüksək səviyyədə olduğunu vurğulayıb. "Torpaqlarımızın işğal altında olduğu bir zamanda hərbi xidmət keçməyin vacibliyini yaxşı dərk edən gənclərimiz, vəzifə borclarının öhdəsindən uğurla gəlir, nümunəvi xidmət edirlər. Bu gün ordumuzun istənilən bölməsində xidmət edən gənclərin həm döyüş hazırlığı yüksəkdir, həm də mənəvi-psixoloji hazırlığı. Bir sözlə, bu gün sizin təlim-tərbiyə verdiyiniz şagirdlər sabahın Vətən müdafiəçiləridirlər. Danılmaz faktdır ki, gənclərimizin orta məktəbdə müəyyən hərbi biliklərə yiyələnməsi onların peşəkar hərbçilər kimi formalaşmasında vacib rol oynayır. Bu işdə birgə əməkdaşlığımız bundan sonra da davam etdiriləcək. Şagirdlərimizi Mübarizlər, Raquflar, Turallar, Çingizlər... kimi mərd, cəsur, Vətənə bağlı igidlər kimi yetişdirməliyik."
Polkovnik-leytenant  A.Əliyev hərb peşəsinə yiyələnmək arzusunda olan şagirdlərin suallarını cavablandırıb, bu peşənin müqəddəsliyindən danışıb. "Müasir Azərbaycan Ordusunun qurucusu, ümummilli liderimiz Heydər Əliyev gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə ciddi diqqət yetirərək "Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" demişdir. Zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir. Bu peşənin sahibləri Vətən qoruyucularıdırlar. Peşə seçimi zamanı gənclərin böyük qisminin hərbçi peşəsinə yiylənmək arzusunda olması bir zabit kimi məni qürurlandırır. Cəmiyyətimizdə orduya rəğbət, sevgi yüksəkdir, bu o deməkdir ki, ailələrdə, məktəblərdə hərbi vətənpərvərliyin təbliği düzgün təşkil edilir. Həmçinin ölkə səviyyəsində orduya göstərilən yüksək diqqət və qayğı Ulu Öndərin siyasi kursunun layiqincə davam etdirildiyinin bariz nümunəsidir. Əziz gənclər, sizin hərbçi olmaq arzunuz bizi çox sevindirir. Hər biriniz seçdiyiniz yolun müqəddəs olduğunu yaxşı dərk edin. Düzdür, hər peşə şərəflidir, lakin hərbçi olmaq, torpaqlarımızı, xalqımızı yağılardan qorumaq ən şərəfli peşədir. Bu seçimdə hər birinizə uğurlar arzulayıram. Bilməyinizi istəyirəm ki, arzusunda olduğunuz bu yol qəhrəmanlıq yoludur. İnanıram ki, hər biriniz savadlı, bacarıqlı zabitlər olacaq, şanlı ordumuzun adına layiqli xidmət edəcəksiniz.”
Silsilə tədbirlərdə bir daha şahidi olduq ki, vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması məsələsi daim diqqət mərkəzində saxlanılır. Danılmaz faktdır ki, ictimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz Vətənini ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Aparılan fikir mübadilələrində qeyd olundu ki, torpaqlarımızın 20 faizinin işğalda olduğu bir vaxtda orta məktəblərdə milli şüur tərbiyəsinin aktual problem olduğunu pedaqoji kollektiv dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirir. Belə tədbirlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında xalqımızın min illər əvvəl dedikləri tarixi kəlamlarda ifadə olunan Vətənə vurğunluq şagirdlərə xatırlanır. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən bir də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Hər kəsə bəllidir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu istiqamətdə keçirilən tədbirlər göstərir ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir.
Tədbirlərdə, həmçinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Hərbi Tibb Fakültəsinə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul qaydaları izah edilib, şagirdlərin sualları cavablandırılıb. Həmin məktəblərin məişət şəraitindən, təhsilindən, kursantların sosial təminatlarından bəhs edən bukletlər paylanılıb. Sonra hərbi məktəblər haqqında videoçarxa, hərbi vətənpərvərlikdən bəhs edən filmlərə baxış olub.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"