Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2019 10:03

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Biz son illərdə hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik

Bu gün dünyada mövcud olan və inkişaf yolunu tutan ölkələrin hamısı öz milli və hərbi təhlükəsizlik maraqlarını qoruyur. Bu baxımdan Ermənistanın təhdidi ilə üz-üzə qaldığı bir zamanda Azərbaycan milli və hərbi təhlükəsizliyinə xüsusi diqqət yetirir. Ölkənin iqtisadi inkişafı nəticəsində yeni silah və texnologiyaların alınması, istehsalı torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük inam yaradır. Azərbaycan Ordusunun uğurları da dünya dövlətlərinə, o cümlədən işğalçı Ermənistana diktə edir ki, Azərbaycanla hesablaşmaq lazımdır. Bizim məqsədimiz öz milli maraqlarımızı yüksək səviyyədə qorumaq, təhdidlərə qarşı barışmaz olduğumuzu dünya ictimaiyyətinə sübut etməkdir.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həllini tapa bilməsə hərbi vasitələrdən istifadə istisna olunmur. Müstəqilliyi dövründə humanist dəyərlərə önəm verən dövlətimiz yenə də üzləşdiyi münaqişənin sülh yolu ilə həllinə  tərəfdardır. Ermənistan isə əksinə, həmişə sülh danışıqlarından boyun qaçırır və mövcud status-kvonu saxlamağa çalışır.
Bu günlərdə Ermənistanın müdafiə naziri David Tonoyanın ölkəsinin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyini bəyan etməsi Ermənistanın işğalçı dövlət olduğuna, sülh danışıqlarından yayındığına və mövcud status-kvonu uzatmağa çalışdığına bir işarədir. Eyni zamanda bu bəyanat Ermənistanın işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir. Ancaq düşünmürlər ki, Ermənistan daxili auditoriyaya hesablanmış ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq gücündə deyildir. Bəyanat ona hesablanıb ki, bu gün Ermənistan cəmiyyətində Qarabağla bağlı narahatlıqlar çoxalır. Ermənistan gündən-günə güclənən və qüdrətini artıran Azərbaycan Ordusu qarşısında dura bilməyəcəyini görür və gərginlik artır. Bu  gün bir tərəfdən Ermənistan iqtisadiyyatını gücləndirmək imkanına malik deyil, digər tərəfdən Azərbaycan Ordusu ilə müəyyən prioritet saxlamaq üçün silah, kredit almağa məcburdur. Bunlara baxmayaraq, Ermənistanın gücü, qüdrəti, iqtisadi və hərbi imkanları Azərbaycanla prioritet saxlamağa imkan vermir.
Bu  gün Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə üstündür. Ölkəmiz kifayət qədər güclü, peşəkar və işğal olunan torpaqlarını azad etmək iqtidarında olan orduya malikdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində Azərbaycan Ordusunun inkişafı məsələsinə toxunaraq bildirib: "Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək.
Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq”.
Azərbaycanda ordu quruculuğu daim diqqətdə saxlanılır. Ölkə başçısının bölgələrə, bu baxımdan ön xətdə yerləşən hərbi hissələrdə zabit və əsgərlərlə söhbətləri şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldir. Ali Baş Komandanın belə səfərləri Böyük Qələbəyə inamımızı daha  da artırır. Beyləqana səfəri də məhz bu baxımdan böyük ruh yüksəkliyi yaratdı. Prezidentin çıxışı istər şəxsi heyətin, istərsə də ictimaiyyətin Böyük Qələbəyə inamını daha da artırdı...

"Azərbaycan Ordusu"