Ön xətdə, səngərdə, əsgərlərin əhatəsində düşüncələrim torpağa daha yaxın olur, torpağın ağrı-acısını daha həssaslıqla duyur. Əsgərlərin düşüncələrinə söykəndiyindən 2016-cı ilin aprel döyüşlərinin zəmanətiylə düşüncələrimdə Böyük Qələbə boy göstərir.
Təqvimlə qış fəslidi, təbiətdə qış deyil...
Ön xətdəyik. Bir azdan əlim səngərlərə çatacaq. Bir azdan ruhumuz kimi könlümüz də "Misri"yə, "Cəngi"yə köklənəcək. Bu köklənməni düşüncələrimizə "Farağat!" əmri biləcəyik. Bizə elə gələcək ki, əhatələrində olduğumuz əsgərlər bu əmrdən sonrakı əmrə də hazırdı.
1990-cı ilin 20 yanvarı da, 1992-ci ilin 26 fevralı da dünyanın bəşər qarşısında, insanlıq qarşısında üzqaralığıdı; ermənilik 9 əsr əvvəl dünyəvi dövlət ideyalarını ədəbiyyata gətirən, bu səbəbdən də bəşəriliyin, dünyəviliyin şairi kimi tanınan, sevilən söz peyğəmbəri Nizami Gəncəvinin millətini faciələrlə üzləşdirdi. Dünya əməlisaleh dünya olsaydı, bu faciələri törətdirənlər də, törədənlər də məhşər ayağına çəkilərdi, istər bəşəri qanunlarla, istərsə də mənəviyyat qanunlarıyla cəzalandırılardı. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "... Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
27 ildi qışda Bakımıza qar yağsa da, yağmasa da mənə elə gəlir ki, düşüncələrimə qalın qar yağır. 26 fevral yaddan çıxası tarix deyil, hər xatırlayanda ruhumuzu şaxta üşüdür. İllərdə ruhumuzun titrəyişini azaltmaq qüdrəti yoxmuş...
Səngərlərə yaxınlaşdıqca düşüncələrimizi çarəsiz təəssüflər sıxmaqdadı...
Bu qarsız qış günü uğur üstəyəm. Mənə elə gəlir ki, zaman ləngiyir - qarsız yolun bizi səngərlərə çatdıracağı anların intizarındayıq. Bu insafsız intizarın sonunda, xalq şairi Zəlimxan Yaqub demişkən, əl əllər isidəcək, əl əllərdə isinəcək, kəlmələr kəlmələrə söykək olacaq, gözəlim kəlmələrin cazibəsində mətləblər dinləniləcək. Vətən ünvanlı, dövlət, dövlətçilik, torpaq, qələbə, Böyük Qələbə ünvanlı mətləblər 27 ildi 26 fevralın şaxtasında-sazağında üşüyən ruhumuzu əsgərlərimizin əhatəsində isidəcək. "Bunu Azərbaycan əsgərinin qazanacağı Böyük Qələbəyə zəmanət bilirik", - deyəcəm. Yəqin ki, mayor Ruslan Novruzov tərəddüd etmədən "Haqlısınız...", - deyəcək. Bu bircə kəlmə arzuladığımız səmimi söhbətin başlanğıcı olacaq...
Ön xətdə, səngərdə əsgərlərimizə xitabən deyirəm:
- 27 il əvvəl 25 fevral gecəsi ağ qarda, göy buzda erməniliyin vəhşiliyindən, qaniçənliyindən can qurtaranların, 27 ildi son nəfəsini Xocalıya yetirmək arzusuyla günləri ay, ayları il edənlərin mənəvi qardaşıyıq. Biz də, siz də...
Söz sözü çəkir...
Hər kəlmədə o gecənin güllə səsləri var, hiddət var, səssiz fəryad var...
"27 ildi ürəyimizi üşüdən şaxtanı-sazağı xocalılıların, xocalılı olub Xocalını görməyənlərin istəyi sındıracaq", - deyirəm. Əsgərlər "Ali Baş Komandanın döyüş əmriylə bu istəyi biz gerçəkləşdirəcəyik!", - deyirlər. Yerə-göyə inandığımız kimi inanırıq ki, Azərbaycan əsgərinin döyüş ruhu qələbəyə köklənib, əsgərlərimizin qələbə əzmi Böyük Qələbə deyir, Böyük Qələbə ərəfəsindəyik...
Əsgərlərlə yaddaşıma küsənib işğalaqədərki Xocalıdan danışıram.
1991-ci ilin yazında "İnşaatçı" qəzetinin müxbiri olaraq Xocalıda ezamiyyətdəydim. Xocalı bina-bina şəhərləşirdi, böyüyürdü. Böyüyən, şəhərləşən Xocalı qorunurdu. 60-65 yaşlı bir kişinin müdafiə postlarından qayıdan yeniyetmələrə dedikləri indi də yadımdadı:
- Kəndi sevə-sevə şəhər edirik. Kəndin şəhər olması təkcə binaların sayından asılı deyil. Əhali artacaq. Xocalının şəhərləşməsi düşmənin niyyətinin gözlərini ovucuna tökəcək, - kişi bir anlığa nəfəs dərmişdi. - Biz tikirik, tikə-tikə qoruduğumuz Xocalını bizimlə bir sırada siz də qoruyursunuz, biz olmasaq bizsiz qoruyacaqsınız. Ona görə bu qədər sevgilərlə, bu qədər murazla-niyyətlə böyüdürük Xocalınızı...
Kəlmələrin doğmalığı, munisliyi yeniyetmələri bir boy da dikəltmişdi - kimisinin əmi, kimisinin dayı bildiyi bu vətənsevər kişinin inamı, etibarı, Xocalıya (deməli Vətənə) sevgisi dikəltmişdi onları. Bir boy da dikəlib Xankəndinə sarı boylanmışdılar. O yaz günü göy üzündə bircə əlçim də bulud yoxuydu. Buludsuz göy üzünə pıçıldadıqlarımı yeniyetmələr də eşitmişdi, yeniyetmələri söhbətə çəkən kişi də, o kişinin inşaatçı yoldaşları da:
- Bulud sıxıntıdı, könül qubarıdı. Əli silah tutanlar Xocalını qoruyur. Xocalıya sıxıntı yaxın düşə bilməyəcək. Əsgər oğullar var, belə kişilər var, belə yeniyetmələr var, - demişdim. - Xocalı var, xocalılılar var.
Yeniyetmələrin Xankəndindən üzülməyən baxışlarını yaddaşıma köçürmüşdüm.
28 ildən sonra o günü əsgərlərə belə xatırlatdım.
- Xocalıda o yeniyetmələrin baxışlarında çırpınan qətiyyət, dönməz istək, etibara, etimada sədaqət görmüşdüm. Onda əsgərlərin deyil, əsgərləşməyə hazır olanların əhatəsindəydim. İndi sizin - əsgərlərin əhatəsindəyəm. Deməli, qətiyyət də, istək də, etibar da, etimad da, sədaqət də dönməzləşib, - deyirəm. Mətləbimi sağ əli ehmalca əsgər çiyninə enən baş leytenant Fehruz Abbasovun dedikləri tamamlayır:
- Xocalı faciəsi olanda məktəbliydim. O faciə əsgərlərimizdən 9-10 il böyükdü. Mən də əsgərlərimiz kimi Xocalı faciəsi haqqında valideynlərimdən, sonralar müəllimlərimdən eşitmişəm, kitablardan oxumuşam.
Gənc zabit söhbəti öz axarıyla, öz mahiyyətiycə davam etdirir:
- 366-cı alayın bilavasitə iştirakıyla müqayisəyəgəlməz vəhşilik törədildi.
- Bu vəhşiliyin mahiyyəti soyqırımıydı, - deyirəm.
Əsgərlərin baxışlarında hiddət var, döyüş əzmi var, qələbə ruhu var. Bu ruhda Yusiflik var, Vəzirlik, Şirinlik, Rasimlik,... Mübarizlik var, Raqufluq, Samidlik, Çingizlik var. Bu ruhda Böyük Qələbənin işartılarını görürəm. Bu işartılar 27 ilin o üzündə qalan soyqırıma görə bayaqdan bəri könlümüzü bürümüş qəhər biçimli kövrəkliyi çilikləyir, bu qarsız qış günü əsgərlərimizin dumduru düşüncələrinə söykənən düşüncələrimizi telləndirir...
Xocalı 1991-ci ilin noyabrından mühasirədəydi. Ağır, çətin günlərini yaşayırdı Xocalı. Xankəndi, Əsgəran istiqamətlərindən artilleriya atəşinə tutulurdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər 10 tank, 16 zirehli transportyor, 9 piyadaların döyüş maşını ilə hücuma keçdi. Rus ordusunun 366-cı alayının iştirakıyla. O qarlı-şaxtalı qış gecəsində əhali - təxminən 300 nəfər - ev-eşiyindən qaçmağa məcbur oldu, Qarqar çayına üz tutdu...
Qarıydı, şaxtaydı, ayazıydı...
Əsgərlərin yumruqları düyünlənib. Hər birinin baxışında 27 ilin o üzündə qalanlara görə qəhər görürəm, qəzəb, nifrət, hiddət görürəm. Araya üzücü sükut çökür. Ovunmayan, Xocalı, ümumən, torpaqlarımız işğaldan azad olunana kimi ovunmayacaq qəhərə bu başaçılmaz sükut dilmanclıq edir. Bu sükut 613 xocalılıya ehtiram sükutudu. 27 ildi bu biçim sükutlar o faciədə hər iki valideynini itirmiş 25 uşağa təsəlli ola bilibmi? 27 ildi o faciədə tamamilə məhv edilən 8 ailəni anırıq - hərdən göz yaşları yanaqlarda közə dönür, hərdən ürəyə axır...
Əsgər Nurlan Orduxanovun ağrılarla dediyi şeirin son misrası Xocalı faciəsinin harayı kimi səslənir: Xocalım, ay Xocalım!..
"Ölüm var ölüm kimi, ölüm var zülüm kimi" - o faciədə öldürülənlər zülümlə öldürülüblər...", - deyirəm. Yadıma "İzvestiya" qəzetinin 13 mart 1992-ci il tarixli sayında dərc edilmiş bir məqalə düşür. Məqalədə mayor Leonid Kravetsə istinadən yazılıb: "Mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca gördüm". Bunu xatırladıram...
Çavuş Şahin Hüseynovun səsini sıxan qəhər də o kəsilməz harayın zərrəsidi: "...Ermənilərin yaxınlaşdığını görəndə cavan qız özüylə götürdüyü xəncəri ürəyinə sancmışdı...". Əsgər Laçın Cəfərzadə də eyni qəhərin sıxıntısını çəkir: "...Erməniləri görən ata əvvəlcə qızını, sonra özünü güllələyib...". Digər əsgərlər də eşitdiyim-eşitmədiyim faktlardan danışırlar. Bu geniş informasiyanı əsgərlərin mənəvi-psixoloji hazırlığının səviyyəsi bilirəm...
“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsüylə "Xocalıya ədalət!" kampaniyası dünyanın vicdanını oyadacaq, tarixi ədalət bərpa olunacaq", - baş leytenant F.Abbasov belə deyir...
...Hər kəlmədə 26 fevral günü sökülən dan yerinin harayını eşitdik. Mən baş leytenanta baxıram, baş leytenant əli avtomatın qundağını əzən əsgərlərə, əsgərlər qarşı tərəfə. Bu məzmunlu baxışlar mənim də düşüncələrimin "yolgöstərəninə" dönür - Azərbaycan əsgərinin yolu həmin səmtədi. O yol qələbə yolu olacaq. Əsgər düşüncələri düşüncələrimizi nurlandırdığına görə duyumumuzla o yolun sonunda Böyük Qələbənin boyunu görürük...
Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
foto C.CƏFƏROVUNDUR