Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2019 09:33

“Faciənin ağrılarını biz də yaşayırıq”

26 fevral 1992-ci il...
27 ildir ki, ürəyimizdə izahedilməz ağrı, çiyinlərimizdə daşınması çətin olan yük gəzdiririk. Əsrin ən dəhşətli faciəsi ilə qovruluruq...
Təqvimə qara hərflərlə yazılıb bu tarix. Bu tarix həmişə bizimlə yaşayacaq, yaddaşlardan silinməyəcək. Bu ağrı ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlını zaman keçdikcə daha çox göynətməkdədir.
Bu dəhşətli faciəni gənclərimizin gözü ilə görüb, hiss etdiklərini eşitmək üçün Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyində olduq. 
Liseyin direktoru Bəkir Mustafayev bildirdi ki, tariximizdə şanlı qələbələrlə yanaşı, hüznlü günlər də az deyil. Xalqımızın başına gətirilən belə müsibətlərdən biri də yaxın tariximizə soyqırımı kimi daxil olmuş Xocalı faciəsidir. Erməni qəsbkarlarının Xocalıda əliyalın insanlara qarşı törətdikləri vəhşiliklər, əlbəttə ki, soyqırımıdır. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına müraciətlərinin birində deyirdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı ilə Azərbaycan xalqına vurulan hərbi, mənəvi-psixoloji zərbənin ağırlığını bu gün hər birimiz dərindən hiss edirik, - deyən məktəb direktoru qeyd etdi ki, bu qətliamın nəticələri hər bir azərbaycanlının qəlbini sızladır. - Xocalı soyqırımının dünyaya tanıdılması, bu faciəyə lazımi qiymət verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Biz də gənc nəslin tarixini ən incə detallarına kimi bilməsi, vətənpərvər ruhda formalaşması üçün əlimizdən gələni etməyi özümüzə vətəndaşlıq borcu bilirik. Əminəm ki, gənclərimiz erməni vandallarının vəhşi əməllərini heç vaxt unutmayacaq, soyqırımı qurbanlarının xatirəsini daim uca tutacaqlar.
Tədris işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva qeyd etdi ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində çəkdikləri kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri sarsıtmaqdadır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların təhvil verilməsi məqamları əsrlər keçsə belə ən möhkəm iradəli insanları da sarsıdacaq, yandırıb-yaxacaq.
Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirən məktəblilər də yaxın  tariximizlə bağlı  hisslərini bizimlə bölüşdülər.
Rəhimə Ağayeva fikirlərini belə ifadə etdi: "Xocalı faciəsi ən dəhşətli müsibətlərdən biridir. İllər keçsə də, bu hadisə yaddaşlardan silinməyəcək".
Xanlar Əzizov bildirdi ki, tarixə nəzər salanda Xocalı faciəsi bir gecənin hadisəsi deyil deyə düşünürsən. "Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görürmüşlər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər".
İsmayıl Cəfərli qeyd etdi ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib.
Yəmən Əzizli dedi: "1997-ci il fevralın 25-də ulu öndər Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Sərəncamı ilə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur".
Tamara Ağarzayeva dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülməsindən danışdı. "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi" deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.
Nihat Paşazadə faciənin ölkə xaricində tanıdılması sahəsində aparılan işlərdən danışaraq vurğuladı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət alan "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bu kampaniyanın nəticəsi olaraq dünyanın bir sıra ölkələrində soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir.
Ləman Əzizova faciə ilə bağlı fikirlərini belə ifadə etdi: - 27 il az müddət deyil, lakin bu faciə hər birimizin qəlbində  dünən yaşanan ağrı-acı kimi dərin kök salıb. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər insanlıq anlayışına ziddir. Mən Xocalı faciəsindən çox sonra dünyaya gəlmişəm. Belə hesab edirəm ki, bu, Azərbaycanın qanla yazılmış tarixidir və bunu hər bir gənc dünyaya çatdırmalıdır. Bizdən sonra gələn nəsillərə də, bütün bəşəriyyətə də Azərbaycan həqiqətlərini çatdırmaq borcumuzdur.
Mehriban Səfərova faciə ilə bağlı dedi ki, hər dəfə Xocalı faciəsi haqqında düşünəndə nəfəs almağa çətinlik çəkirəm. "Özümü çox qorxulu bir nağılın içinə düşmüş kimi hiss edirəm. Quşbaşı qar yağan şaxtalı qış gecəsində Xocalıda baş verən dəhşətlər gözlərimin önündə canlanır. Bir anın içində evlərə-eşiklərə od vurulur, torpaq qana qərq edilir... Düşmən qocaya, xəstəyə, qadına aman vermir... Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilir... və bu dəhşətdən sıyrılıb ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanlar yolda donur, qar uçqunlarına düşürlər. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqlar doğmalarının meyitlərinin qoynunda əbədiyyət yuxusuna gedirlər...
Məni bu nağıldan atamın zabit mundirinin parlayan ay-ulduzu, anamın sakit ürək döyüntüləri, nənə və babamın nəvazişləri uzaqlaşdırır. Və mən bir daha heç kəsin belə bir dəhşət yaşamasını istəmirəm". 
Elşən Babayev o gecə Xocalıda döyüşən igid, qorxubilməz oğulların qarşısında ehtiramla baş əydiyini bildirdi. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdən söz açdı. "O gecə qeyrətli həmyerliləri ilə birgə qanlı döyüşlərə atılan Əlif Hacıyev qüvvələrin qeyri-bərabər olmasından çəkinməyib. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partladıb. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Əlif Hacıyev köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdaraq son gülləsinə qədər döyüşüb, doğulub boya-başa çatdığı Xocalıda qəhrəmancasına həlak olub".
Xanəhməd Məmmədov da yoldaşlarının fikirlərinə qoşularaq gec-tez ermənilərin layiq olduqları cəzanı alacaqlarını dedi. Bildirdi ki, insanlıqdan kənar əməllər törədərək Xocalıda aldıqları hər can, tökdükləri qan üçün cəzalanacaqlar.
Amin Əlizadə Xocalı soyqırımını xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı törədilən bir təcavüz aktı kimi qiymətləndirdi. "Bu, dünya tarixində  görünməmiş vəhşilik, qəddarlıq idi. Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu faciə bizim üçün milli matəm və hüzn günündən başqa, həm də Azərbaycan xalqının tarixində bir qəhrəmanlıq səhifəsidir".
Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Abbasova, müəllimlərdən Təranə Fərəcova, Ellada Həziyeva, şagirdlərdən Aygün Hacıyeva, Səbinə Ağayeva, Hüseyn Məmmədli və başqaları Xocalı faciəsinin qəddarlığına görə bəşəriyyət əleyhinə törədilən ən ağır cinayətlərlə bir sırada olmasından, 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışdılar. Bildirdilər ki, xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılayaraq təpədən-dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədən, əyilmədən, əsl fədakarlıq, qəhrəmanlıq, vətənpərvərlik və rəşadət göstərdilər. Xocalıda şəhid olanların ruhu qarşısında ehtiramla baş əyirik.
Gənclər fikirlərini, duyğularını dilə gətirirdilər. Lakin hiss etdiklərinin danışdıqlarıyla bitmədiyini söyləyirdi məsum baxışları, könül pıçıltıları. O pıçıltılar, o təlatümlər, bitməyən  fikirlər deyirdi ki, Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğunu dünya ictimaiyyəti bilsə də, heç kəs bu faciəni yaşayan, öz gözləri ilə görən, valideynlərini, qardaş-bacılarını, yaxınlarını itirən insanlardan daha yaxşı anlaya bilməz. O qatı qaranlıq aydınlandıqca, faciə şahidləri danışdıqca bəşəriyyət tarixində o insanların necə böyük dəhşətlərlə üz-üzə qaldığını daha dərindən anlayırsan. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən anaların ağılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.
O baxışlarda vermədiyim sualın cavabı da  oxunur: "Faciənin ağrılarını biz də yaşayırıq"...

Günay TAĞIYEVA,   "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR