Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Fevral 2019 10:06

Sükuta əbədi təsəlli

70-ci illər Azərbaycan poeziyasında özünəməxsus bədii təfəkkürü, hadisə və predmetlərə yanaşma tərzi ilə seçildi, yeni bədii təsvir vasitələriylə xarakterik olan şeirləriylə poetik cərəyan yaradanlardan biri kimi sevildi İsa İsmayılzadə.
Uşaqlığı, yeniyetməliyi Böyük Vətən müharibəsinin sıxıntılarıyla keçən istedadlı şairin şeirləri o illərin poetik təsviridi sanki. Həm də duyğusallıqla ifadə edilmiş təsviri. "Kəndimiz davadan uzaq olsa da, Dava kəndimizin içindən keçib", - misraları müharibə kəlməsinin ifadə etdiyi məzmunu tam ifadə edir - müharibə ağrı-acıdı, müharibə ölüm-itimdi, müharibə "qara kağız"dı, müharibə yollardan üzülməyən baxışlardı, ... İsa İsmayılzadə bunları şeirin imkanları həddində böyük vətəndaş ağrı-acısıyla ifadə edib...
Müharibədə toyların necə olduğunu İsa İsmayılzadənin şeiri deyir. Milli mentalitetin poetik ifadəsidi bu şeir. Toy şadlıq, şadyanalıqdı. Kəndə "qara kağız" gəlibsə, o şadlıq, şadyanalıq anaların ağılarından, uşaqların yetimliyindən "utanır", belə demək mümkündürsə, "səsini udur".
Bu şeirlərin "Azərbaycan Ordusu" qəzetinin oxucuları üçün də düşündürücü olacağını güman edirik.

"Azərbaycan Ordusu"


Güllələr demədi

Getdilər... Getdilər fit çala-çala,
getdilər atları çimizdirməyə -
bizi aparmadılar.
Qulançar yığmağa, moruq dərməyə
bizi aparmadılar.

Yalvarıb-yaxarıb dil tökəndə biz
Onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib hədələdilər:
"Hələ uşaqsınız nə yaşınız var..."

Bir gün xəbər gəldi: dava başlanıb...
Onlar əsgərliyə çağırıldılar,
nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular...

Yola salanlara qoşulanda biz
yalvarıb-yaxarıb dil tökdü onlar:
"Qayıdın... qayıdın, geri qayıdın,
qayıdın atları çimizdirməyə,
qulançar yığmağa, moruq dərməyə..."
   
Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə.
Düşüb arxamızca gəldi uşaqlar,
dilimiz gəlmədi bir söz deməyə...

Onların yoxluğu düşdü araya, 
oyunlar, məclislər qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq.

Kəndimiz yamanca uralanmışdı, 
yaman korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı; 
"Deyəsən gedənlər qayıtmayacaq..."

Mərmilər, güllələr fit çala-çala
cuvar Cavad kimi qovdu onları.
Kətmən vura-vura, ot çala-çala
                           baxdıq yollara...

Getdilər, getdilər Berlinə sarı,
getdilər... getdilər ölümə sarı...
Qəlpələr demədi, geri qayıdın,
lülələr demədi: geri qayıdın,
güllələr demədi geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var...

 

Heykəl yetim qaldı

Son gecə... Son nəfəs... Sonuncu görüş...
İntizar baxışlar sorğu-suallı.
İlişdi hardasa, qaldı hardasa,
Qırıldı ananın sınqın xəyalı.
Yumdu gözlərini...

Elə bu dəmdə
Ehmalca-ehmalca qapını açdı,
Gəldi heykəl oğlu hərbi geyimdə.
Düşüb pyedestaldan... gəldi yanına,
Öpdü gözlərindən, ağ saçlarından.

Ananın kədərli titrək əlləri
Gəzdi qarış-qarış...
Toxundu oğlunun soyuq alnına,
Soyuq sinəsinə, tunc paqonuna...

Heykəl nəfəs aldı... köks ötürdü o.
Çıxardı əynindən tunc paltarını...
İstədi bir kəlmə söz desin ana -
Saxlaya bilmədi göz yaşlarını
Uzaq bir mənzilə yol gedirdi o...

Heykəl ağlayırdı... ana susurdu...
Dünya da susurdu... Sonsuz bir sükut.
Bir tabut qalxırdı Yer kürəsindən -
Heykəlin çiynində gedirdi tabut...

Heykəl yetim qaldı... anasız qaldı...
O gecə... o gecə səhərə kimi
Heykəl yuxu gördü -
Dilindən düşmədi ananın adı...


Səssiz toylar

Mən təzəcə dil açmışdım... o yanda
İnildədi, gümüldəndi balaban.
Kəndimizin səssiz-küysüz toyunda
Həzin-həzin yenə dindi balaban.

Divardakı telli saz da o gecə
Köynəyini tənbəl-tənbəl çıxardı.
Aşıq Sadıq köks ötürdü gizlicə,
Qəhərləndi, bir bayatı çağırdı...
Yavaş-yavaş əriyirdi kölgətək
"Otuzluğun" öləziyən işığı.
Döyüşlərdən nigarandı, nigaran -
Yorğun gözlər zillənsə də aşığa.

Yavaş-yavaş dilə gəldi qarmon da,
Dəf çubuğu enib-qalxdı astaca.
Ağbirçəklər durub əli qoynunda,
Nisgilini gözlərində gizlədib -
Üzündəki qırışları kim açar?..

"Qara kağız" yol gəlirdi uzaqdan,
Astananı kəsdirəcək yenə də.
Burda səssiz toy çalınır bayaqdan,
Ev yiyəsi fikirlidir dünəndən.

Bir səs gəldi: "Güləşhəngi" çalınsın.
Topal Həsən yaxasını açaraq,
Dövrə vurub ortalıqda qalmışdı.
Bir səs gəldi: "Asta çalın, ay uşaq..."
Yenə kimsə qara xəbər almışdı...

"Bəy" atası vurnuxurdu o yanda,
Ürəyinə nəsə damdı, pərt oldu...
Səssiz toylar yada düşdü... Bir anda
Səssizlikdən qulaqlarım tutuldu.


Böyüdülmüş şəkillər

Evə gəldi oğulların nənələri, anaları.
Sandıqlara əl atdılar -
Ələk-vələk elədilər.
Taxçalara, boğçalara əl atdılar -
Ələk-vələk elədilər...
Yaddaşlara əl atdılar -
Ələk-vələk elədilər...
Farmaşlara əl atdılar,
Yaddaşlara əl atdılar -
Ələk-vələk elədilər...

O yadigar müştüyə bax -
Həsrət kimi sapsarıdır.
Babalardan qalıb bəlkə...
O yadigar kağıza bax -
Qat yerindən şırım-şırım,
Göz yaşından ləkə-ləkə...

O yadigar saata bax -
"Qara kağız" gələn gündən
Qurulmayıb, yatır hələ,
Yatasıdır illərlə...
O illərin şəkilləri
Yavaş-yavaş çıxdı üzə.
Şəkil-qardaş, şəkil-ata, şəkil-baba

Analarla, nənələrlə
Dayandılar göz-gözə...
"Şəkil-qardaş,
Bir zamanlar oğul toyu
Bu dağları silkələdi -
Guppultunu eşitmədin..."

"Şəkil-ata,
Nəvə əli bağçanızda
Çıtraq-çıtraq budaqları silkələdi -
Tappıltını eşitmədin..."

"Şəkil-baba,
30 ildir 21 yaşındasan -
Heç bu yaşda baba olar? -
İnanmayır bu el-oba..."

Toz basmışdı, qat kəsmişdi şəkilləri.
Qat kəsmişdi baxışları, yanaqları,
kəkilləri...
Şırım-şırım şırımlanan
Alınlarda vaxt qırışı,
Yanaqlarda, baxışlarda
Vaxt qırışı...
Elə bil ki, bu illəri
Özlərinin yerinə yaşamışdı şəkilləri;
Şəkil-ata yaşamışdı
Oğul toyu həsrətində,
Şəkil-qardaş yaşamışdı
Bacı səsi həsrətində,
Şəkil-baba yaşamışdı
Nəvə boyu həsrətində.
Elə bil ki,
Yaşamışdı, yaşamışdı,
Yaşa dolub qocalmışdı şəkillər,
Yuxu kimi gəlib-keçən illərdən
Şırımları, qırışları
"Bac" almışdı şəkillər...