Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2019 09:34

Ramiz tarixdə də, yaddaşlarda da yaşayır

Yaxından tanıdığın adamın yoxluğundan danışmaq şəhidlər haqqında danışmaq qədər ağırdı. Yaxından tanıdığın adam şəhiddirsə, hər xatırlayanda qana dönən ürəyin "ölümsüz ömür olduğu üçün şəhid ömrü ömürlərdə yaşayır" qənaəti dünyəvi təsəlliyə dönür. 27 ildi Ramiz Mürvət oğlu Hüseynov da belə xatırlanır...
Ömür payını Vətən üçün yaşayanları həmişə ehtiramla xatırlayırıq, həyatın fəlsəfəsini onda daha duyğusallıqla dərk edirik. Onu da dərk edirik ki, belə xatırlama mənəvi borcu ödəməkdir.
Zəngəzurda - Ermənistanda, Qafan rayonunda yaşayırdılar. Ermənilik quduzlaşanda onlar da Azərbaycana pənah gətirdilər. Lökbatanda məskunlaşdılar.
Uşaqlığında da, yeniyetməliyində də böyüklərin söhbətlərini həvəslə dinləyərdi Ramiz. Belə söhbətlərdən öyrəndikləri onun düşüncələrini hərdən daşdırır, hərdən titrədir, hərdən də kükrədirdi. Xalq kəlməsini, millət kəlməsini elə o vaxtlar dərk etmişdi. Onu da dərk etmişdi ki, yadlar əhatəsində milli adət-ənənələri, milli xarakteri qorumaq nə qədər çətin olsa da, gərəklidir. Bunu bacarmalısan. Bacarmasan, kimsə sənə oğul deməyəcək, insafın varsa, onda özün öz ömründən utanacaqsan. Bu dünyagörüşlə yaşamışdı illərini. Lökbatanda da bu əqidəylə oxuyurdu, yaşayırdı. Ermənilərin torpaq iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu.
18 yaşlı gənc müharibənin ağrı-acılarını yaşayan məmləkətin əsgəri oldu.
1992-ci il idi. Əsgər Ramiz Hüseynovun xidmət etdiyi batalyon Qubadlı, Laçın istiqamətində ermənilərin həmlələrinin, hücumlarının qarşısını alırdı. Neçə ağır döyüşdə iştirak etmişdi Ramiz. Komandirləri də, əsgər yoldaşları da onu belə tanımışdı: qorxubilməz, igid, cəsarətli əsgər idi. Neçə-neçə yaralını döyüşün içindən Ramiz çıxardıb...
1993-cü ilin yayı idi. Ermənilərin bu istiqamətlərdə həmlələri, hücumları intensivləşmişdi. Vəziyyət getdikcə gərginləşirdi.
Avqustun 21-i ermənilər Gorus istiqamətindən böyük qüvvə ilə həmlə etmişdi. Ağır döyüşlər gedirdi. Ramizin xidmət etdiyi bölük də mərdliklə döyüşürdü. Döyüşənlərin sayı da bərabər deyildi, döyüş ruhu da. İşğalçılar torpaqsevərlərin Vətən sevgisi qarşısında duruş gətirə bilmədi, xeyli itki verərək geri çəkildi...
Bilirdilər ki, bu geri çəkilmə müvəqqətidi; sayıqlıqla qoruyurdular torpağı. Hər qarış torpağı Vətən bilib qoruyurdular...
Avqustun 8-nə kimi ermənilərin nə həmləsi oldu, nə də hücumu. Son məğlubiyyət düşmənin cəsarətini üşütmüşdü. Bu qələbə əsgərlərin döyüş əzmini, qələbə ruhunu kükrətmişdi, hər birinin ruhunun "Ruhani"siydi elə bil. Bu qədər çəkən sükutdan sonra nəsə olacağını bilirdilər. Həmlənin, yaxud hücumun hansı səmtdən olacağını ancaq güman edə bilərdilər. Bu güman müdafiənin bütün istiqamətlərdə ciddiliyinin təmin olunmasını tələb edirdi. Bu haqda komandirlər əsgərlərlə ciddi söhbət etmiş, zabitlərə müdafiənin möhkəmləndirilməsini ciddi tapşırmışdılar. Bunlar olduqca gərəkli ehtiyat tədbirləri idi...
Avqustun 28-i idi.
Düşmən qəflətən Gorus tərəfdən hücum etdi...
Ağır döyüş gedirdi. Ramiz də mərdliklə vuruşurdu... Qəflətən yaralandı. Şəhid oldu...
Əsgər Ramiz Hüseynov şəhid oldu...
Yaşasaydı, 45 yaşı olacaqdı; şəhidlər şəhid olduğu yaşda anılır. 19 yaşlı Ramiz Mürvət oğlu tarixdə də, yaddaşlarda da belə yaşayır. Həmişə belə anılacaq. İgid əsgər kimi, vətənsevər kimi xatırlanacaq. 

Bayram MƏMMƏDOV, ehtiyatda olan polkovnik-leytenant, əməkdar müəllim