Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2019 09:33

Cümhuriyyət Ordusunun Hərbi Hava Qüvvələri haqqında

Mehman SÜLEYMANOV, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin rəhbərliyi ordu quruculuğu sahəsində fəaliyyətə başladığı anlardan müxtəlif qoşun növlərinin mütənasib inkişafına  ciddi diqqət yetirirdi. Obyektiv çətinliklərin olmasına baxmayaraq hərbi aviasiyanın yaradılması ordu quruculuğunun mühüm istiqamətlərindən biri kimi qiymətləndirilirdi. Lakin mövcud olan xarici müdaxilə bu sahədə bir sıra problemləri ortaya çıxarmışdı. 1918-ci ilin noyabrında müttəfiq dövlətlər adından Azərbaycana gəlmiş olan ingilis hərbi qüvvələri komandanlığı Azərbaycanda az sayda mövcud olan hidrotəyyarələri hərbi gəmilərlə birlikdə öz nəzarəti altına aldı. Sonradan bu komandanlıq tərəfindən Xəzərdəki hərbi gəmilər Denikin qüvvələrinə təhvil verildi və az-çox mövcud olan aviasiya texnikasından Azərbaycanda heç nə qalmamışdı.
Milli hərbi hava qüvvələrinin yaradılması üçün Hərbi Nazirliyin rəhbərliyi ilk növbədə milli kadrların hazırlanmasının həllinə nail olmaq istəyirdi. Azərbaycanda o zaman bu ixtisas üzrə kadrlar hazırlayan hərbi təhsil müəssisəsi yox idi. Belə bir məktəb Tiflisdə var idi. Ona görə Gürcüstandakı hərbi aviasiya məktəbində azərbaycanlı kadrların hazırlanması imkanlarının araşdırılmasına başlandı. Cümhuriyyətin Hərbi naziri Səməd bəy Mehmandarov şəxsən özü bu işlə məşğul olurdu və 1919-cu il yanvarın 22-də Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Məmməd Yusif Cəfərova məktub yazaraq ondan Tiflisdəki aviasiya məktəbində azərbaycanlı hərbçilərin təhsil ala bilməsinin mümkünlüyünün öyrənməsini xahiş etdi.
Bu məsələnin həlli ilə bağlı əlverişli imkan 1919-cu il iyunun 16-da Azərbaycanla Gürcüstan arasında hərbi sazişin imzalanmasından sonra yarandı. Bu sazişə müvafiq olaraq iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında sənəd də imzalandı. Bu sənədə uyğun olaraq Gürcüstan tərəfi hərbi-texniki əməkdaşlıqla bərabər, hərbi kadrlar hazırlığı sahəsində də Azərbaycana yardım göstərməyi öz üzərinə götürürdü. Həmin razılaşmanın nəticəsi kimi bir sıra hərbi ixtisaslara yiyələnmək üçün Azərbaycandan Gürcüstana bir qrup zabit və əsgər ezam olundu. Onların arasında hərbi təyyarəçi ixtisasına yiyələnməli olan zabitlər də var idi. O cümlədən, kapitan Firudin bəy Qacar, praporşik Əlihüseyn Dadaşov, praporşik Teymur Mustafayev, praporşik Gəncinski, Həsənzadə, Qaraşarov və başqaları.
Qeyd etmək lazımdır ki, Hərbi Nazirliyin rəhbərliyi Tiflis hərbi aviasiya məktəbinə göndərilənlərin çox ciddi şəkildə seçilməsi barəsində göstəriş vermişdi. Tiflisə göndərilənlər orada üç ay təhsil almalı idilər. Həmin şəxslər geri qayıtdıqdan sonra Azərbaycanın ilk hərbi aviasiya dəstəsinin əsasını təşkil etməli idilər.
Cümhuriyyət Ordusunun aviasiya dəstəsinin ştatı 1919-cu il sentyabrın 14-dən qüvvəyə minmiş hesab edildi. Bu dəstənin rəisi vəzifəsinə podporuçik Teymur xan Əfşar təyin edildi. Dəstənin ştatında 5 zabit, 4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər var idi.
Hərbi aviasiyanın inkişaf etdirilməsi ilə bağlı Cümhuriyyətin Hərbi Nazirliyinin rəhbərliyinin 1920-ci il üçün çox böyük planları var idi. Digər qoşun növlərində olduğu kimi, hərbi aviasiyanın da maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuşdu. Milli kadrlara olan ehtiyacın aradan qaldırılması üçün isə Hərbi Nazirliyin rəhbərliyi Azərbaycanda Hərbi Təyyarəçilik Məktəbi açmağı qərara almışdı. Bu məktəbdə təlim və təhsilin təşkili üçün xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulmuşdu. Bu məsələ ilə bağlı Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il noyabrın 27-də Xarici İşlər Nazirliyinə müraciət etdi və nazirliyə göndərdiyi məktubunda Hərbi Təyyarəçilər Məktəbinin açılması üçün İngiltərə və İtaliyadan hərbi aviasiya mütəxəssislərinin gətirilməsinə ehtiyac olduğunu bildirdi.
Hərbi Hava Qüvvələrinin formalaşdırılması üçün Hərbi Nazirliyin rəhbərliyi 1920-ci ildə 12 ədəd hidroplanın və 6 ədəd aeroplanın əldə edilib Azərbaycana gətirilməsini də nəzərdə tuturdu. Lakin 1920-ci ilin yanvarından etibarən Azərbaycanda hərbi-siyasi şəraitin mürəkkəbləşməsi və 1920-ci ilin aprelində Cümhuriyyətin süqutu milli hərbi hava qüvvələrinin formalaşmasının başa çatdırılmasına imkan vermədi.