Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2019 09:32

“Sənət taleyimə Həzi Aslanovu yaşatmaq düşüb”

Rubrikamızın qonağı Akademik Milli Dram Teatrının aktyoru, respublikamızın Xalq artisti, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov rolunun mahir ifaçısı Ramiz Novruzdur.
- Ramiz müəllim, sizi ordu ruhlu, sənətkar kimi tanıyırıq. Bu ruh, bu bağlılıq haradan yaranıb sizdə?
- Xalqımız tarixən orduya bağlı olub. Bu əsrlərin ənənəsidir ki, biz onu nəsil-nəsil  yaşadırıq. Hələ orta məktəb illərində Mehdi Hüseynzadənin, Həzi Aslanovun müharibədə göstərdiyi əfsanəvi qəhrəmanlıqları barədə çox eşidirdik. Digər yaşıdlarım kimi mən də belə qəhrəman olmaq istəyirdim. "Uzaq sahillərdə", "Axırıncı aşırım", "Yeddi oğul istərəm" kimi filmlər bizə vətənpərvərlik hissləri aşılayırdı. Xoşbəxt  sənətkarlardanam ki, böyük sərkərdəmiz Həzi Aslanovun obrazını canlandırmışam. Mənim də sənət taleyimə Həzi Aslanovu yaşatmaq düşüb.
- Xalqımız hər zaman ordusunun yanında olub və ona güvənib. Bu fikrə münasibətiniz...
- Orduda xidmət edən hər bir zabit və əsgər Azərbaycan xalqının övladıdır. Hətta el şənliklərində və məclislərində iştirak edən  əsgər gördükdə təbriklərimizdə mütləq qeyd edirik ki, burada bir əsgər övladımız əyləşib. Əgər o hərbi formanı geyinənə qədər öz valideyninin övladı idisə, hərbi formanı geyinəndən sonra hər birimizin övladıdır. Bu gün qürur duyulası ordumuz var. Bu gün o orduda vətənsevər, torpaqsevər  oğullar xidmət edir. Biz onların qəhrəmanlığını, igidliyini aprel döyüşlərində bir daha gördük. Əmim nəvəsi  Biləsuvarın Səmədabad kəndindən Fərahim Novruzov da aprel döyüşləri zamanı şücaət göstərərək şəhid olub. Digər əmimin nəvəsi 1992-1993-cü illərdə Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Aprel döyüşləri xalqın ordusuna inamını daha da gücləndirdi. Xalqımız inanır ki, torpaqlarımızı ordumuz tezliklə azad edəcək. Bu güvənci xalqımıza verən onun əzəmətli ordusu və Ali Baş Komandanıdır.
Bir neçə teatr mövsümünü cəbhə bölgələrində açmışıq. Biz ordumuzla daim əlaqə saxlayırıq. Mən dəfələrlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantlarla görüşdə iştirak etmişəm. Onlar bizim doğmalarımızdır. Yenə deyirəm, xalqımızın orduya doğma münasibəti, orduya bağlılığı, əsgəri öz övladı bilməsi bunlar tarixi kökdən gələn amillərdir. Bu amillər dəyişən deyil.
- Hansı rolunuz insanların yaddaşında əbədi iz salıb?
- "Qorxma mən səninləyəm", "Nizami" və digər filmlərə çəkilmişdim. Həmin rollarım o qədər də yaddaqalan olmamışdı.
Sənətdə bəxtim onda gətirib ki, ilk teatr rolum görkəmli şair və dramaturq Nəriman Həsənzadənin "Nəriman" poemasında general Əlağa Şıxlinski, kinoda  isə ilk rolum general Həzi Aslanov olub. Hesab edirəm ki, Həzi Aslanov obrazı insanların yaddaşında iz buraxa bilib.
- Necə oldu ki, Həzi Aslanov roluna çəkildiniz?
- Burada bir təsadüf də var, qanunauyğunluq da. Kinostudiyaya dublyaja çağırmışdılar. Bir dostum mənə dedi ki, Həzi Aslanov haqqında film çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim.
Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm, filmin ssenari müəllifi Ramiz Fətəliyev və rejissor Rasim İsmayılov  mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa bildirdi ki, Hamlet Xanızadə məsləhət edib ki, Ramiz Novruzov çox istedadlı aktyordur, onu da yoxlayın. Sınağa iyirmi aktyor çəkildik. Sonda beş-altı aktyor qaldıq. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub.
- Dediyiniz kimi, burada bir qanunauyğunluq da var. Biz qəhrəmanı yalnız şəkillərindən tanıyırıq. Filmdə sizi görəndə elə bilirdik ki, Həzi Aslanovun özüdür. Hərəkətlərinizdə, danışıqlarınızda, səsinizin tonunda da hərbçi xarakteri aydın seçilir. Mənə elə gəlir ki, Həzi Aslanovun özü ilə söhbət edirəm...
- Çox sağ olun. Bunu çoxları deyir. Həzi Aslanov rolu bu dərəcədə inandırıcı alınıbsa, mənim üçün bundan böyük sevinc nə ola bilər? Yolda gedərkən kimsə ayaq saxlayıb "Həzi Aslanov rolunda oynayan aktyordur" deyəndə sanki dünyanı mənə bağışlayırlar.
- Siz filmə çəkiləndə cəmi 35 il yaşamış Həzi Aslanovdan xeyli gənc idiniz. Bu rolun məsuliyyəti sizi qorxudurdumu?
- Generalın roluna təsdiq olunmağım  məni nə qədər sevindirirdisə, məsuliyyəti bir o qədər də qorxudurdu. Axı, mən ümumiləşdirilmiş bir şəxsin rolunu oynamırdım. Tarixi bir sərkərdənin rolunu oynayırdım. Bir də ki, filmin çəkildiyi ötən əsrin 80-ci illərinin ortalarında onu tanıyanların əksəriyyəti - həyat yoldaşı, oğlanları, bacı-qardaşları, döyüş yoldaşları sağ idilər. Odur ki, aktyordan  hər ştrixdə reallıq, inandırmaq bacarığı kimi əsas amillər tələb olunurdu. Ssenari müəllifi də, rejissor da qərarlaşdırmışdılar ki, elə film çəkək, təkcə Azərbaycan, Rusiya yox, bütün dünya bəyənsin və görsün ki, bir azərbaycanlı Sovet dövlətində öz xalqını necə layiqincə təmsil edib. O vaxt filmə ümumittifaq təqdimatı oldu. Belə təqdimatlar nadir hallarda olurdu. 14 respublika baxıb rəy deməliydi. Film bəzi xarici dövlətlərdə də nümayiş olunmuşdu. Çox qəribədir ki, ən çox məktubu Almaniyadan alırdım. 1985-ci ildə müharibə mövzusunda çəkilən ən yaxşı filmlərdən sayıldı.
- Maneələrlə üzləşirdinizmi?
- Maneələr ümumi idi. Filmi çəkəndə bizə erməni millətindən olan Aslanyan soyadlı bir məsləhətçi göndərdilər. O dövrdə bizi "qardaş" xalqlar adlandırsalar da, bu qondarma qardaşlıq idi. Erməni  tarix boyu bizə düşmən gözü ilə baxıb. Generalın ömür yolu o qədər də hamar olmayıb. Azərbaycanlı, müsəlman övladının iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, general-mayor rütbəsinə qalxması, şübhəsiz ki, çoxlarında paxıllıq, qısqanclıq hissləri oyadırdı. Həzi Aslanov sonuncu dəfə Baqramyanın briqadasında olub. Təkcə bu faktın üstündən sükutla keçdilər. O ki qaldı Aslanyana, bu barədə Azərbaycanın ədəbiyyat nümayəndələrinə xəbər verdim. Onlar da bu adamın dəyişdirilməsi üçün özlərini oda-közə vurdular. Mümkün olmadı. Yalnız ona nail olduq ki, adı titrlərdə ötəri göründü.
- Çəkiliş zamanı yəqin ki, yaddaqalan məqamlar da olub...
- Belə məqamlar çox olurdu. Mənim üçün ən maraqlısı Həzi Aslanovun sürücü-mexaniki olmuş general-mayor Kurkovun söhbətləri idi. Kurkov filmin baş məsləhətçisiydi. Həzinin xarakterik xüsusiyyətlərindən tez-tez söhbət açırdı. Onu da deyim ki, Moskva kinematoqrafçıları inanmırdı ki, arxa cəbhə respublikası  ön cəbhədən yaxşı film çəkə bilər. Bu inamsızlıq vardı.
- Filmdə çəkilməyən hissələrdən təəssüflə xatırladığınız varmı?
- Belə bir yer vardı ki, əsgərlə şəfqət bacısı söhbət edir. Qar sinədəndir. Yalnız bir cığır var. Həzi onlara baxır, onları utandırmamaq üçün əli ilə yol açır. Bu hissəni kəsdilər. Bu, azərbaycanlı kişisinə xas xüsusiyyətdir. Bu, mütləq saxlanılmalıydı. Birini də xatırlamaq istəyirəm. Final səhnəsində tankın üstündə dayanıb Azərbaycan dilində "Getdik" deyəndə arxadan səs gəlir. Həzi dönüb baxır, amma heç kim yoxdur. Yenə səs, yenə dönüb baxır.
- Bu, xəyali səs idi?
- Əslində, xəyali səs idi. Amma arxada kimsə var. O hissə yadınızdadırsa, dönüb bir də baxır. Və sonra "Hazırlaşın" əmrini verir. Bu anda gözləri önündən ata-anası, həyat yoldaşı, oğlanları, uşaqlığı, general Mehmandarovla görüşü, cəbhədə olan əsgərlər, döyüş dostları  gəlib keçir. Hamı ona baxır. Hamı yay paltarındadır. Özünü itirən kimi olur. Sonra əmr edir, "Getdik e". Bura kimi çox proseslər vardı, onlar çəkilmədi. Hitlerçilərin təmas xəttinə xeyli qalmış komanda verə-verə gedəndə birdən sol tərəfdən - öz tərəfimizdən atəş açılır. Həmin döyüşdə ağır yaralanır...
- Nə yaxşı ki, qəhrəmanın ölüm səhnəsi filmdə yer almayıb. Həzi Aslanov tamaşaçılar üçün əbədi sağ qalır...
- Ölümü  barədə müxtəlif versiyalar vardı. Sovet dövrüydü. Bu versiyalar sovet hökumətini heç də maraqlandırmırdı.
- Filmin Moskvada da təqdimatı oldumu?
- Moskvada "Bakı" kinoteatrında filmin təqdimatı olmuşdu. Onda respublikamızdan rəhbər şəxs kimi Qurban Xəlilov gəlmişdi. Yadımdadır, o dedi ki, bu filmə Heydər Əliyev də baxıb və çox bəyənib. Artıq 1984-cü ildə Ulu Öndər Moskvada çalışırdı. Qələbənin 40 illiyi ərəfəsində Həzi Aslanov barədə filmin araya-ərsəyə gəlməsi məhz Ulu Öndərin adı ilə bağlıdır. Çünki o, respublikanın rəhbəri olarkən  bütün sahələrdə olduğu kimi, kino sahəsinin də inkişaf perspektivini öncədən imzalamışdı. Bu onun uzaqgörənliyinin nəticəsiydi.  
- Film nəinki ölkəmizdə, hətta keçmiş ittifaq məkanında da özünə əbədiyaşarlıq qazanıb.
- Təkcə bir faktı deyim. Rusiyada bir internet xəbər portalı var. Adını dəqiq bilmirəm. Həmin xəbər portalı müharibə mövzusunda çəkilən filmləri saytlarına yerləşdirib. Ötən bir il ərzində ən çox izlənilən film Həzi Aslanov haqqında çəkilən bizim filmimiz olub. Bu filmi yeddi milyon insan izləyib.
- Qarabağ müharibəsinin Həzi Aslanovu haqqında heç düşünürsünüzmü?
- Əlbəttə, mənim ən böyük arzumdur ki, belə bir film çəkilsin. Yəqin ki, torpaqlarımızın azadlığı uğrunda ordumuzun Kursk döyüşü kimi bir döyüşündən sonra reallaşacaq bu arzu. Ordumuzun Həzi Aslanovu da o zaman həmin döyüşlərin qəhrəmanı olacaq. Bu xalq Həzini, Mehdini yetiribsə, Qarabağ müharibəsinin də Həzisi mütləq olacaq.
- Ramiz müəllim, aktyor olmaqdan başqa həm də qələm adamısınız. Ən maraqlısı odur ki, yazdıqlarınız əsasən müharibə, vətənpərvərlik mövzusundadır. "At ilinin birinci ayı" pyesiniz 20 Yanvar faciəsindən bəhs edir...
- Bu pyesim Gəncə Dram Teatrında uzun zaman oynanıldı. Bilirsiniz, mövzunu zaman özü verir. Heç zaman yazı xətrinə yazmıram. Mövzu məni ağrıdanda, dincliyimi alanda yazıram. Ürəyimi kağızlara boşaldanda elə bilirəm, dərdimi kiməsə danışdım. Akademik Milli Dram Teatrının bu gün də repertuarında olan "Hələ sevirəm deməmişdilər" pyesimdə Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan gənclərimizin yarımçıq qalmış  ömürlərindən bəhs olunur. Bu pyes cəbhə bölgəsində yerləşən rayonlarda - Beyləqanda, Füzulidə hərbçilərimiz qarşısında dəfələrlə oynanılıb.
- Ordumuzun əsgər və zabitlərinə arzu və istəkləriniz...
- Tezliklə torpaqlarımızı düşməndən azad edib, Şuşa qalasının ən uca zirvəsinə Azərbaycan bayrağını sancsınlar. Qələbə günündə qalib əsgərlərimizlə böyük sərkərdəmiz Həzi Aslanovun abidəsi önündə görüşək.
- Maraqlı müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"