Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 2019 09:04

Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda növbəti qəbul keçirilib

Kursa qəbul olmuş namizədlər ulu öndər Heydər Əliyev guşəsini ziyarət ediblər. Mərasimdə çıxış edən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev dinləyiciləri Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib.
Akademiyanın rəisi bildirib ki, bu il Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda 15 dövlət təşkilatının nümayəndələri təhsil alacaqlar. "Son illər ölkəmizin, o cümlədən Silahlı Qüvvələrin həyatında, xüsusən də hərbi təhsil sistemində bir sıra islahatların həyata keçirilməsi ilə yaddaqalan olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin imzaladığı Sərəncama əsasən hazırlanmış "Azərbaycan-2020: gələcəyə bir baxış" İnkişaf Konsepsiyası hərbi təhsil sahəsində də bizim qarşımızda yeni vəzifələr qoymuşdur.
Bildiyiniz kimi, Hərbi Akademiyanın əsas vəzifələri dövlət orqanlarında çalışan vəzifəli şəxslərə respublikanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini, ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etməkdir.
Bu vəzifələrin yerinə yetirilməsində Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursu xüsusi yer tutur".
General-leytenant Heydər Piriyev onu da qeyd edib ki, Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda tədris prosesi beş ay müddətində olmaqla, hər ilin fevral-iyun aylarında (21 tədris həftəsi) mühazirələr, seminarlar və praktiki məşğələlər formasında həyata keçirilir. Eyni zamanda təhsil müddəti ərzində akademik kursun dinləyicilərinə - xarici siyasət və milli təhlükəsizliyin əsasları; strategiya və müdafiənin planlaşdırmasının əsasları; müdafiə resurslarının idarə edilməsinin əsasları; dövlət müdafiəsinin idarə edilməsinin əsasları mövzu blokları üzrə mühazirələr oxunur. "Akademik Kursun tədris proqramı çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisində, müxtəlif nazirlik və təşkilatlarda, ali təhsil müəssisələrində çalışan yüksək ixtisaslı mütəxəssislər akademik kursda müxtəlif mövzularda mühazirələr oxuyurlar. Güc nazirliklərinin mütəxəssisləri kursların tədris proqramına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması və təşəkkül tapması, onların strukturu, qarşısında duran vəzifələr haqqında və digər mövzularda akademik kursun dinləyiciləri qarşısında çıxışlar edirlər.
"Akademik kursun tədris proqramı çərçivəsində Milli Məclisin komitə sədrləri tərəfindən kursun dinləyiciləri qarşısında silsilə mühazirələrin oxunması bir ənənə halını alıb. Ötən tədris illərində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Əmək və sosial siyasət komitəsinin sədrləri akademik kursun tədris proqramında nəzərdə tutulmuş müvafiq mövzular üzrə dinləyicilər qarşısında mühazirələrlə çıxışlar ediblər.
Akademik kursun tədris proqramı çərçivəsində dinləyicilər Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, Daxili Qoşunların və Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri, respublikanın iri yanacaq və energetika kompleksləri, strateji əhəmiyyətli obyektləri və mədəni-tarixi yerləri ilə tanış olurlar", - deyə Hərbi Akademiyanın rəisi sözünə davam edib.
General-leytenant H.Piriyev çıxışında NATO-nun "Hərbi təhsilin inkişaf etdirilməsi Proqramı" çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının xarici dövlətlərin hərbi təhsil müəssisələri ilə əməkdaşlığı məsələlərinə də toxunub.
"Hər il Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz və Müştərək Qüvvələr Qərargahı Kolleclərinin, Almaniya Federativ Respublikasının Müdafiə Universitetinin professorları hərbi strategiya, milli təhlükəsizlik, qlobal təhlükəsizlik mühiti, liderlik və digər mövzularda akademik kursun dinləyiciləri qarşısında mühazirələrlə çıxış edirlər.
Bu proqram çərçivəsində NATO/-ABŞ ekspert qrupu ilə Hərbi Akademiyada "Hərbi Oyunun qiymətləndirilməsi" mövzusunda işçi görüş keçirilib, qonaqlar Hərbi Akademiyada keçirilən Hərbi Oyunun gedişini yaxından izləyiblər.
Xarici dövlətlərin, o cümlədən Türkiyə Respublikası, Rumıniya və Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin zabitlərinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda təhsil alması Hərbi Akademiyanın beynəlxalq əməkdaşlığının göstəricisidir".
Akademiyanın rəisi sonda qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün müasir tələblərə cavab verən ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlanması, hərb elminin təşkili və inkişaf etdirilməsi, ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Silahlı Qüvvələrlə mülki dövlət qurumlarının birgə fəaliyyətinin təşkili məsələləri bundan sonra da Hərbi Akademiyanın fəaliyyətinin əsas istiqamətləri olacaqdır.


Telman ŞAHBAZOV, Silahlı Qüvvələrin Hərbi Akademiyası