Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2019 09:39

Qar çiçəyi

...O payız səhəri neçə vaxt idi ki, qəlbimizi alovlandıran dərdimizin üstünə su səpilmişdi sanki. Sabahın açılmasını səbirsizliklə gözlədik. Əlimiz çatmayan, ünümüz yetməyən, erməni vandallarında əsir qalan əzəli torpaqlarımızdan - Vətəndən oğullarımız "gəlirdi" Vətənə. Bütün xalq ayaq üstə idi. Sevgiylə, qürurla qarşılamalıydıq qəhrəman Vətən oğullarını. Qarşıladıq da. Ölkənin Ali Baş Komandanından sıravi Azərbaycan vətəndaşına qədər hər kəs Vətən, torpaq sevdalılarını qarşılamağa çıxmışdı. Gördüklərimiz Çanaqqala şəhidlərinə yüz illərlə bəslənilən ehtiramın və oxunan dastanların eyni idi. Kimi üçrəngli bayrağımıza sarılmışdı, kimi sevdalılarımızın keçdiyi yollara şəhid gülümüz qərənfilləri düzürdü. Şəkillərini sinələrində gəzdirən gənclər də izdihamın axınına qoşularaq irəliləyirdilər.  Bəziləri isə "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndirirdilər. O səhər həmişə açılan səhərlərimizdən tamamilə fərqlənirdi. Sanki hər kəs Mübariz idi, Fərid idi. Sanki o gün "Qarabağ" adlı qəhrəmanlıq dastanımızın yeni boyu yazılırdı - "Mübariz, Fərid boyu". Vətən uğrunda, torpaq uğrunda torpağa düşən oğullarımıza, qar çiçəklərimizə qovuşduq o sabah. Ruhumuz təzələndi, Ay işığı tək yenidən nurlandı. Bu mənzərə qələbəmizin müjdəsi kimi görünürdü bizə. Xalq-ordu birliyi bu qələbəni yaxınlaşdırırdı. Xalqa bu inam müjdəsini onlar gətirmişdilər. Bu cığırı da onlar açmışdılar, qar çiçəklərimiz.
Azərbaycanımızın ilk şəhidləri Bəxtiyar, Əli 1988-ci ilin fevralında Qarabağda dəfn ediləndə doğulmuşdu Mübariz. Talelərinə ilk şəhidlik yazılan Bəxtiyar, Əli ölümləriylə qara günlü, qara donlu, yollarına qara daşlar döşənmiş yağıların üstümüzə gəldiyini işarət etmişdilər. Sanki "düşməni yurdumuzu yağmalamağa qoymayın" demişdilər.
Elin, obanın ağsaqqalları ilk şəhidlərimizin qana boyanmış qönçə nəşini qucaqlayaraq hönkürüb ağlayıblar: "Yerinizə minlər doğulacaq. Şəhidlər zirvələrdə qərar tutur, Vətən, torpaq uğrunda şəhid olanlar unudulmur, bu min illərdir ki, belədir", - deyib millətin şəhid övladlarını torpağa tapşırıblar.
Beləcə yurdumuza qara daşların yağışı başlandı, xalqımızın minlərlə oğul və qızı Vətən uğrunda canından keçdi, şəhid oldu, yurd yerlərimiz yağılara əsir düşdü. Qarı düşmən qaranlıqlar ələdi alaca gözlü sabahlarımıza.
...Anası Mübarizə şirin laylalar, gələcəkdə oğul övladının Vətənə qəhrəman, igid əsgər olacağına oxşamalar deyərdi. Beşikdə uyuyan qayğısız körpəni isə böyüdükcə güllü yastıqlar, yorğanlar deyil, qanlı torpaq,  Xocalı fəryadı çəkirdi.  Bu fəryad getdikcə ona daha çox yaxınlaşırdı. Doğulduğu zaman şəhid olan Bəxtiyarla Əlinin tökülmüş qanı, bir də Qarabağda sərgərdan gəzən ruhlar çəkirdi Mübarizi.
Neçə illərdir yada yurd olmağa dözməyən ellərimizdə çağlayan çaylarımız da sanki qurudu, yağılar içməsin deyə qız həyalı bulaqlarımız gözlərini kor edib içlərinə axdılar. Millətimizin qaraçuxası yatdı elə bil, dərdli gözlərimizdə sevinc duyulmadı. Vətənin daş yollarına baş qoymaq arzuları ürəklərində qövr edən  ahıllarımız yurdsuzluq dərdinə dözməyib, yurd dərdini əyinlərinə kəfən biçərək karvan kimi köçdülər, getdilər bu dünyadan.
Biz bu acıları yaşayarkən demə, Dədə Qorqud yurdu, Ozan yurdu Vətənimin hər bucağında, mahalında Mübarizlər, Fəridlər, Muradlar, Samidlər, Ruhinlər, Aqşinlər boy atıb böyüyürmüş. Nə yaxşı. Əvvəlcə bu dəcəllər o təpədən bu təpəyə atıldılar, at çapmağı öyrəndilər. Tapança düzəldib dava-dava oynadılar, "mövqe tutdular, istehkamlar qurdular, düşməni məğlub etdilər". Beləcə böyüdülər.
Mübariz böyüdükcə taxtadan hazırladığı oyuncaq silahlar da düşməndən qisas almaq üçün çiynində gəzdirdiyi ağır silaha çevrildi, qorxu hissi yad oldu ona. Tapdaq altında qalan uca zirvələrimizə çıxmaq üçün boyu  boy görüncəyi kimi artdı, böyüdü Mübariz. Hərbçi olmaq, Qarabağa getmək istəyi baş qaldırdı qəlbində. Qarabağımız, Şuşamız uğrunda Vətənin şəhid olan minlərlə oğul və qızının qanını almağa, yurdunu yağıdan təmizləməyə, içinə axan həyalı bulaqlarımızın gözünü açmağa tələsirdi Mübariz. Sökülüb-dağılmış evlərimizin, talan olmuş ocaqlarımızın iniltisi qulaqlarından getmədi. Vətənə sevdalanan çinar boylu igid çox tələsirmiş ona qovuşmağa, ona görə də vaxt itirməyib, ata-anasına bir parça məktub yazmağa ancaq səbri çatıb. Və tək yola çıxıb. Çox keçmədən  qara donlu yağılarla təkbaşına savaşıb, qələbə üçün. Sonra da sevdalandığı VƏTƏN adlı sevgisinə qovuşub, əbədi baş qoyub sinəsinə.
Bu dərdlərimizin əlacı isə böyüyən yüyürək oğullarımızdır. Mübarizlər, Fəridlər, Ruhinlər,... və minlər. Tarixin yaddaşında ən böyük, ən güclü orduların, qəddar imperiyaların belə dünyanın ən kiçik xalqını yer üzündən sildiyi haqqında məlumatlar yoxdur. Çünki hər bir xalqın, kiçik tayfanın belə ölənlərinin yerinə minlər doğulur, şəhidin qanı düşdüyü torpaqdan minlər pöhrələnir.
Bizim də Vətən, yurd dərdinə dözməyən oğullarımız böyüdü, böyüyür. Mübariz əsgər dostlarına deyirmiş ki, çətini bu addımı  atmaq, bu yolu başlamaqdır, ardınca minlər gələcək. Yolu da özü açdı, ilk addımı da özü atdı və yanılmadı. Açılmış yolun cığırlarını ot basmağa qoymayan minlərlə Mübarizlər pöhrələndi yerindən. Şəklini sinələrinə taxdılar, ürəklərində gəzdirdilər, ona bənzəmək istədilər. Ardınca aprel şəhidləri Mübarizin getdiyi yola getdilər. Aprel şəhidlərimizin əziz xatirəsinə yazdığım bir yazımda Mübariz məktəbinin gənclərimizdə yaşantılarını sözün gücündə göstərmişdim. "Yurd sevdasının içimizdə alovlanmasında Milli Qəhrəmanımız Mübariz İbrahimovun atdığı addım böyük məktəb oldu. Gənclərimiz bu qəhrəmanlığı bədii əsərlərdən oxuyub, kinolardan öyrənmədi, yaşadığı həyatında gördü, müasiri oldu. Gənclərimizin ümidlərini yaşatdı, zəfərə inamsızlıq yarasını sarıdı, sağaltdı, özünə güvəni toxum kimi təzədən cücərtdi. Mübariz xalqına bu mesajı verdi: "Zəfər, zəfər mənimdir", - deyə bilənindir. Mən bu torpağa zəfərə inamın toxumunu əkdim, qanımla suvardım, siz onu yaşadın, böyüdün!" Və aprel döyüşlərində biz Murad Mirzəyevin, Samid İmanovun, Raquf Orucovun  və başqa Vətən övladlarımızın şəhid düşdüyü torpaqda düşmənə yenildiyini qəbul etdirib, "Zəfər bizimdir" deyə bildik.
Bir zamanlar  belə bir rəvayət oxumuşdum ki, qədimdə, saatın, əqrəbin, günün, tarixin olmadığı dövrlərdə insanlar ilin, fəslin gəlişini-gedişini, axşamın düşməsini, sabahın açılmasını havadan, göydən, torpaqdan, suyun buxarlanmasından bilirmişlər. Yazın gəlişinin müjdəçisi isə çoban imiş. Kolun dibində qarın altından baş qaldıran çiçəyi görən çoban sevinə-sevinə elə-obaya yaz müjdəsi gətirər, xələt alarmış. Qar çiçəyi çıxıbsa, deməli, yaz gəlir...
Mübariz də bax, o qar çiçəyi tək qələbəmizin ilk müjdəçisi  -qar çiçəyidir. Sən xalqımıza qazanacağımız qələbəmizin müjdəsini gətirən, ümidlərimizin qarını əridən, buzunu sındıran həmin o qar çiçəyisən, qəhrəman Vətən oğlu! Millətimizin tarixinə 2010-cu ili şərəflə yazdın. 2010-cu il adınla tarixləşdi. Qəhrəmanlığın Ali Baş Komandan tərəfindən də yüksək qiymətləndirildi. Elinin oğlu Fəridlə bərabər sizi bu Vətənə layiq şəkildə qarşıladı və son mənzilə özü uğurladı.
...Əlimizdə çiçək Mübarizin məzarına yaxınlaşırdıq. Sanki üstünə qan çilənmiş çiçəklər hələ solmamışdı, gəlib-gedənlər də çox  idi. Qərənfillərin rənginə  qara xal düşüb burada. Hər kəs sakit, ehmalca qəhrəmanın məzarına baş əyir, Yaradana dua edir, çiçəklərini sevgiylə sinəsi  üstünə qoyurdu. Hava qaralır, hamı yavaş-yavaş ayağını çəkirdi. Mübariz ağ mərmərdən boylanırdı qar çiçəyi kimi...

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"