Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2019 09:52

“N” hərbi hissədə təlim-metodiki toplantı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin, qoşun qismlərinin və əlahiddə bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin və psixoloqların iştirakı ilə keçirilən toplantıdan irəli gələn tələbləri, vəzifə və tapşırıqları bu istiqamətdə fəaliyyət göstərən zabit heyətinə çatdırmaq məqsədilə "N" hərbi hissəsində təlim-metodiki toplantı keçirilib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
General-mayor Mayis Bərxudarov toplantıda geniş məruzə ilə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Ordu quruculuğu sahəsində görülən işlər hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının artırılmasına səbəb olub. Eyni zamanda ölkəmizin müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaradıb. Bu gün ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Hərbi hissələrimizin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı əhəmiyyətli dərəcədə artırılır. 2018-ci ildə də bu sahədə görülən işlər davam etdirilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə bir çox hərbi hissələr, əsgər yataqxanaları və əsgəri-məişət kompleksləri istifadəyə verilib. Bu gün müstəqil Azərbaycanda ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkə Prezidentinin rəhbərliyi ilə ordumuz inkişaf edərək müasir səviyyəyə çatıb. Ən yeni silah və texnika ilə təminat, vətənpərvər və peşəkar şəxsi heyət, hərbi qulluqçulara davamlı qayğı Azərbaycan Ordusunun reallıqlarıdır. Azərbaycan Ordusunun birlik və birləşmələri mühüm təşkilatlanma yolu keçərək daha da möhkəmlənib.
Birləşmə və hərbi hissələrdə şəxsi heyət arasında vəzifə borcuna məsuliyyət daha da artırılıb, döyüşə hazırlıq günün tələbləri səviyyəsində qurulub, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı və hərbi intizamı möhkəmləndirilib.
Əldə olunan bu uğur şəxsi heyəti qürurlandırmaqla yanaşı, həm də qarşıya daha mühüm vəzifələr qoyur. Ali Baş Komandanın döyüş əmrinə hazır, yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik olan Azərbaycan Ordusu bundan sonra da ölkəmizin müdafiəsini etibarlı şəkildə təşkil edəcəkdir".
Polkovnik Elşad Əbilov bildirib ki, Azərbaycan Ordusunda keçirilən mənəvi-psixoloji hazırlıq işi şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına, əsgəri borcun yerinə yetirilməsində məsuliyyət hissinin artırılmasına yönəlib. "Hərbi hissələrimizdə yüksək hərbi intizamın saxlanılması və şəxsi heyətin döyüş keyfiyyətlərinin artırılması məqsədilə zəruri olan tədbirlər Müdafiə Nazirliyi rəhbərliyinin təsdiq etdiyi döyüş hazırlığı planı əsasında yerinə yetirilir. Mənəvi-psixoloji hazırlıq işinin səmərəliliyini yüksəltmək, intizamı möhkəmləndirmək, şəxsi heyətlə iş üzrə komandir müavinlərinin bilik və bacarıqlarını artırmaq qarşımızda dayanan əsas məsələlərdir. Ümumiyyətlə şəxsi heyətin vətənpərvərlik ruhunu, döyüş əzmini artırmaq ordu rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdə fəaliyyətimizi bundan sonra da səmərəli qurmalı, yeni metod və üsullardan yararlanmalıyıq. Azərbaycanın dövlət rəhbərliyinin münaqişənin həlli istiqamətində atdığı addımlara baxmayaraq işğalçı Ermənistan öz çirkin niyyətindən əl çəkmək istəmir. Şübhəsiz, belə bir şəraitdə biz qanuni ərazilərimizi işğaldan azad etməyə hazırıq. 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbə və 2018-ci ilin Günnüt zəfəri sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti qarşıya qoyulmuş döyüş tapşırığını, yəni, torpaqlarımızı hərb yolu ilə işğaldan azad etməyə tam hazırdır. Belə bir mühüm döyüş vəzifəsinin uğurla yerinə yetirilməsində şəxsi heyətlə iş üzrə zabitlərin də üzərinə böyük məsuliyyət düşür. Hər kəs bu vəzifənin məsuliyyətini dərindən hiss edərək vəzifə və tapşırıqları yerinə yetirmək üçün əlindən gələni əsirgəməməlidir".
Elmi-metodiki toplantıda müxtəlif hərbi hissələrin zabitləri çıxış edərək şəxsi heyətin mənəvi-psixoloji hazırlığı ilə bağlı fikir və təkliflərini bölüşüblər.
General-mayor Mayis Bərxudarov tədbiri yekunlaşdıraraq toplantı iştirakçılarına müvafiq tövsiyələrini verib.
Sonda hərbi hissələrin səyyar təbliğat məntəqələrinə və səyyar təşviqat guşələrinə baxış keçirilib. Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə sənədlərin tərtibatı yoxlanılıb. Yekunda təlim-metodiki toplantı yüksək qiymətləndirilib.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"