Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2019 09:52

“Biz qalib gələcəyik”

Dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli ordumuzun  maddi-texniki təchizatı möhkəmləndikcə onun sıralarında xidmət edən zabitlərimizin peşəkarlığı da gündən-günə artmaqdadır. Bu gün ordumuz peşəkar kadrlarla komplektləşdirilərək potensial qüvvəyə çevrilir. O qüvvəyə ki, ərazi bütövlüyümüz uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdır. O qüvvəyə ki, təmas xəttində Vətənimizin keşiyində xalqımızın rifahı naminə ayıq-sayıq dayanır və düşmənin təxribatlarının qarşısını cəsarətlə alır.
Ön xətt bölmələrimizdə xidmət edən gənc zabitlərimizin vətənpərvərliyindən, qorxmazlığından çox yazılıb. Onlarla söhbət çox maraqlıdır. Bu söhbətlər zamanı Vətən, torpaq heysiyyətli  gənclərimizin zəngin daxili aləmlərini görürsən. Düşmənlə üzbəüz mövqedə ölümün gözünə dik baxan bu gənclərlə yalnız fəxr edib qürur duyursan. Elsevər Əmiraslanov da belə hünərli Vətən oğludur. Döyüş mövqeyində xidmət edən Elsevər nümunəvi zabit kimi komandanlığın etibarını qazanıb. 2016-cı ildə Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Bir çox yaşıdları kimi o da orta məktəb illərindən ömrünü bağlayacağı bir sənət seçir. Özü də ən gərəkli, ən məsuliyyətli və ən müqəddəs bir sənəti, hərb sənətini. Özəllikləri ilə özünə cəlb edən hərb sənətinə vurğunluğu onu C.Naxçıvanski adına Hərbi Liseyə gətirir. Sənədlərini təqdim edir. Qəbul olunur. Bu zaman həyatının ən sevincli anlarını yaşayır, Elsevər. İlk dərs günündə kursant formasında özünü  dünyanın xoşbəxti sanır. O da Vətəni qorumaq peşəsinin sirlərinə yiyələnəcək. Sonra  düşmən tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olan zabitlərimizin sırasında Vətənin müdafiəsində dayanacaq...
Elsevər liseydə oxuduğu illərdə ilkin hərbi vərdişlərə  yiyələnir, iradəli, bacarıqlı, dözümlü olmaq kimi hərbçiyə məxsus xarakterik xüsusiyyətləri özündə tərbiyə edir. 2012-ci ildə Hərbi liseyi yaxşı nəticələrlə başa vurub Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burada da peşəkar, təcrübəli müəllimlərindən hərb elminin sirlərini öyrənir. Verilən tapşırıqları vaxtında yerinə yetirir. Adı  hazırlıqlı və nümunəvi kursantlar sırasında çəkilir. O, daima öz üzərində çalışır və gələcəkdə peşəkar zabit olmaqdan ötrü ixtisas fənlərini daha dərindən mənimsəyir. İllər arxada qalır... Nəhayət, Elsevər ali hərbi məktəbi başa vurub ordumuzun zabitləri sırasında leytenant ulduzunu çiyninə taxır,  Ana Vətənimizi yağılardan qorumaq üçün ön xətt bölmələrimizdə xidmətə başlayır. Nümunəvi zabit kimi özünü təsdiqləyir. Təlimlərdə xüsusi bacarığı ilə seçilir. Getdikcə daha da püxtələşir. Düşmənlə üzbəüz mövqedə xidmət edən gənc zabit Elsevər Əmiraslanov  bununla iftixar hissi yaşadığını dedi:
"Biz gənc zabitlər gələcək üçün döyüş bacarıqlarımızı ön xətt bölmələrimizdə xidmət keçməklə artırmalıyıq. Çünki qarşıda bizi illərdir erməni əsirliyində qalan müqəddəs torpaqlarımız gözləyir. İndi o torpaqlarda şəhidlərimizin narahat ruhları gəzir. Qaçqın və köçkün soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmaq arzularını biz gerçəkləşdirməliyik. Necə ki, ordumuzun aprel qələbəsindən sonra yüzlərlə Cocuq Mərcanlı sakini doğma el-obasına qovuşdu, müqəddəs torpağına qayıtdı. Qarşıda hələ belə qələbələrimiz çoxdur. Biz düşməni torpaqlarımızdan qovacağıq. Üçrəngli bayrağımız o torpaqlarda da dalğalanacaq. Bu amalla Vətənimizə xidmət edirik."
Leytenant Elsevər Əmiraslanov komandir kimi hər an, hər dəqiqə döyüş əmri gözləyir, qələbə arzuları ilə yaşayır. Elsevərin dediyi son söz də bunu sübut edir: "Əgər sülh danışıqları baş tutmasa və torpaqlarımızın azadlığı naminə hücum əmri verilsə, qələbəmiz labüddür, biz qalib gələcəyik".

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Rəşad ƏMRAHOVUNDUR