Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2019 11:12

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan dövlətçiliyinin yaranma tarixi və inkişaf mərhələləri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Qədim Azərbaycanda dövlətçilik ənənələri.
2. Orta əsrlər Azərbaycan dövlətləri haqqında.
3. XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalı ərəfəsində Azərbaycan dövlətçiliyi.
4. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir.

Qədim Azərbaycanda dövlətçilik ənənələri

Azərbaycan ərazisində məlum olan ilk dövlət qurumu Arattadır. Aratta ölkəsi Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urmiya gölünün cənub və cənub-şərq sahilini əhatə edirdi.
E.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin yaranması üçün şərait yaranır və yeni dövlət Manna adlanır. E.ə. VI əsrin əvvəlində Manna dövləti süquta uğradı.
Bundan sonra Araz çayından şimalda və cənubda yerləşən Azərbaycan torpaqları müstəqil hakimiyyət idarəsini saxlamaqla İran Əhəmənilər sülaləsindən asılı olmuşdur.
Makedoniyalı İsgəndərin dövründə Urmiya gölü hövzəsində müstəqil padşahlıq Adərbayqan (Atropatena) dövləti idi. Tarixi mənbələrdə Adərbayqan ilə əlaqədar hadisələr e.ə. III əsrin sonuna aid qaynaqlarda yad edilir.
Azərbaycanın Araz çayından şimalda yerləşən torpaqları Albaniya adlandırıldı. Albaniya şimalda Dağıstan, qərbdə Şərqi Gürcüstan, cənub və cənub-qərbdə Adərbayqan ilə həmsərhəd idi. Albaniyanın paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə olmuşdur. Albaniya dövləti VII əsrin sonlarına, Azərbaycan ərəblər tərəfindən işğal edilənə qədər öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Orta əsrlər Azərbaycan dövlətləri haqqında

Şirvanşahlar dövləti
Bu dövlətin yaradıcısı Heysəm ibn Xalid olmuşdur. O, Şirvanın birinci rəsmi məliki Yəzid ibn Məzyədin nəvələrindən olduğu üçün sülalə Məzyədilər adlanırdı. Məzyədilər hakimiyyətinin ilk dövründə Şirvanşahların sərhədləri cənubda Kür çayı, şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə əhatə edilirdi. Müxtəlif dövrlərdə Şəki, Beyləqan və Bərdə  Şirvanşahlar dövlətinin tabeçiliyinə keçmişdi. Dövlətin paytaxtı Şamaxı şəhəri idi.
Köçəri tayfaların hücumları, qonşu feodal dövlətləri ilə ara müharibələri, sülalə üzvləri arasında hakimiyyət üstündə mübarizənin güclənməsi, əhali arasında feodal zülmünə qarşı iğtişaşların artması nəticəsində XI əsrin 70-80-ci illərində Məzyədilər sülaləsi süquta uğradı.
Sacilər dövləti
IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərindən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti (889-942) idi. Yeni sülalənin banisi xilafət ordularında döyüşlərdə dəfələrlə sınaqdan çıxmış adlı-sanlı türk sərkərdəsi Əbu Sac Divdad idi. Sacilər sülaləsinin hakimləri içərisində ən nüfuzlusu olan Yusifin dövründə Sacilər dövləti istiqlaliyyət qazandı. Azərbaycan torpaqları mərkəzləşdirildi. Yusifin ölümündən sonra hakimiyyət əldən-ələ keçdi. 942-ci ildə Sacilər sülaləsini Salarilər əvəz etdilər.
Salarilər dövləti
Dövlətin yaradıcısı Mərzuban ibn Məhəmməd Gilan vilayətindəki Salarilər tayfasına mənsub olduğundan dövlət Salarilər adlanırdı. Salarilər dövlətinin (942-981) paytaxtı Ərdəbil şəhəri idi.
Şəddadilər dövləti.
X əsrin II yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri də paytaxtı Gəncə olan Şəddadilər dövləti idi. Onun ərazisi əsasən Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Şəddadilər dövləti şimal tərəfdən Şəki və Kaxetiya çarlığı, cənubdan Rəvvadilər dövləti ilə həmsərhəd idi.
Rəvvadilər dövləti
981-ci ildə Əhər (Qaradağ) hakimi Əbülheyca Rəvvadi Salarilər dövlətinin hakimi İbrahimə tabe olmaqdan boyun qaçırdı, onunla mübarizə apararaq qalib gəldi və hakimiyyəti ələ aldı. Beləliklə, Rəvvadilər dövləti rəsmən yarandı. Salarilər dövlətinin əlində olan Azərbaycan torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi. Dövlətin paytaxtı Ərdəbildən Azərbaycanın qədim şəhəri Təbrizə köçürüldü.
Səlcuq sultanı Alp Arslan (1063-1072) Azərbaycana gələrək 1065-ci ildə Təbrizə səlcuq əmiri təyin etdi. Bununla da Rəvvadilər dövləti öz müstəqilliyini itirərək, səlcuqların hakimiyyəti altına keçdi.
XI əsrin ortalarında Azərbaycanda fəaliyyət göstərən Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövləti arasında sabit siyasi və iqtisadi əlaqələr zəif idi. Əksinə, onlar bir-biri ilə çəkişirdilər.
Belə bir şəraitdə Orta və Yaxın Şərqdə Səlcuqilər imperiyası yarandı. Orta Asiya, İran, İraq, Suriya, Misir, Kiçik Asiya, Ön Qafqaz xalqları ilə birlikdə Azərbaycan da Səlcuqilərin hakimiyyəti altına keçdi. Səlcuqilər dövlətinin banisi oğuz tayfasına mənsub Səlcuq adlı cəsur və cəngavər şəxs idi. Səlcuq bir əsrdən artıq ömür sürmüş, islam dinini qəbul etdikdən sonra bu dinin bütün türklər arasında yayılması uğrunda mübarizə aparmışdır.
119 il mövcud olan Səlcuqilər dövləti türkdilli xalqların hərbi-siyasi, sosial-iqtisadi və mənəvi inkişafına güclü təsir göstərmişdir.
XII əsrin 20-30-cu illərində Səlcuq sultanları arasında hakimiyyət uğrunda mübarizə nəticəsində mərkəzi hakimiyyət zəiflədi. XII əsrin 30-cu illərində Azərbaycan Atabəylər dövləti yarandı. Bu dövlətin yaradıcısı zəmanəsinin ağıllı diplomatı və uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəgiz (1136-1225) Eldəgizlər sülaləsinin banisi idi.
XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik Monqol dövlətinin Azərbaycana işğalçı yürüşləri ərəfəsində Azərbaycan ərazisində Atabəylər, Şirvanşahlar, Marağada isə Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsi (1108-1227) hakimiyyət sürürdü. XII əsrin sonunda Eldəgizlər sülaləsi daxilində gedən mübarizə dövlətin əsaslarını sarsıdırdı.
1256-cı ildə monqol şahzadəsi Hülakü xan Azərbaycanı, 1258-ci ildə isə Bağdadı işğal edərək yeni zəbt edilmiş ərazilər hesabına mərkəzi Azərbaycan olmaqla Hülakülər dövləti yaratdı. Monqolların hakimiyyəti dövründə Şirvanşahlar dövləti Hülakü dövlətinə tabe idi.
Yaxın və Orta Şərqin hərbi-siyasi tarixində Qaraqoyunlu və Ağqoyunlu tayfaları Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamışdır. Bu tayfalar əsasən heyvandarlıqla məşğul olurdular. Qaraqoyunlu tayfa ittifaqının bayrağında qara qoçun, Ağqoyunlu tayfa ittifaqının bayrağında isə ağ qoçun təsviri vardı. Buna görə də həmin tayfaların biri Qaraqoyunlular, digəri isə Ağqoyunlular adlanırdı. XIV əsrin ikinci yarısında Azərbaycanın qərbində yaranan Qaraqoyunlu dövləti öz daxili quruluşuna görə möhkəm deyildi.
Ağqoyunlular dövləti
Uzun Həsənin hakimiyyəti dövründə (1453-1478) möhkəmlənmiş və müstəqil siyasət yeritmişdir. Ağqoyunlu dövləti özünün ən qüdrətli çağlarında Kürdən cənubda olan Azərbaycan vilayətləri, Ərməniyyə, Diyarbəkir, Şərqi Gürcüstan, Ərəb İraqı, Mazandaran və Xorasan istisna olmaqla İranın qalan vilayətlərini əhatə edirdi.
Səfəvilər dövləti
Azərbaycan dövlətçiliyi tarixində Səfəvilər dövlətinin özünəməxsus yeri vardır. Səfəvilər dövlətinin banisi Şah İsmayıl (1501-1524) olmuşdur. Səfəvilər dövlətinin paytaxtı Təbriz şəhəri idi. XVII əsrdə Şərqi Gürcüstan istisna olmaqla Azərbaycan inzibati idarə sistemi Səfəvi imperiyasının bütün şimal-qərb hissəsini əhatə edirdi: əhalinin dörddə üç hissəsi, yəni əsasən azərbaycanlılardan ibarət olan indiki Ermənistan - Çuxur-Səd bəylərbəyliyi də Azərbaycana daxil idi. Azərbaycanda dörd bəylərbəylilik var idi: Təbriz, Çuxur-Səd, Qarabağ və Şirvan.

XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalı ərəfəsində Azərbaycan dövlətçiliyi

XVIII əsrin ikinci yarısında mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən feodallar arasında gedən müharibələr nəticəsində Azərbaycan ərazisində feodal dövlətləri - xanlıqlar meydana gəldi.
Şəki xanlığı 1744-cü ildə Hacı Çələbi Qurban oğlu tərəfindən yaradılmışdır.
Qarabağ xanlığı 1748-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulmuşdur.
Quba xanlığı 1772-ci ildə yaranmışdır. Quba xanlığını Hüseynəli xan (1722-1758), sonra isə oğlu Fətəli xan (1758-1789) idarə etmişlər.
Zəngəzur sıra dağlarından Araz vadisinə qədər olan ərazidə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayınadək Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı yaranmışdı. Abşeron yarımadasında Bakı xanlığı, Kür ilə Araz qovşağında Cavad xanlığı, Xəzərin cənub-qərb sahilində Talış xanlığı, Azərbaycanın cənubunda Təbriz, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqları yarandı.
XVIII yüzilliyin sonu-XIX yüzilliyin əvvəllərində Azərbaycanın  daxili və xarici siyasi vəziyyəti çox mürəkkəb idi. Əvvəl Şəki, sonra isə Quba xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək, vahid Azərbaycan dövləti yaratmaq cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi geriliyi, digər tərəfdən isə xarici istilalar, İran və Rusiyanın bu yerlərə qəsbkar yürüşləri mane olurdu. Belə bir şəraitdə Azərbaycana göz dikmiş İran, Türkiyə və Rusiyanın hərbi planlarına qarşı dura biləcək qüvvə yox idi.
Çar Rusiyası yeni torpaqlar zəbt etməyə, tutduğu yerləri Rusiya sənayesi üçün xammal mənbələrinə, satış bazarlarına çevirməyə can atırdı.
1804-1813-cü illərdə I Rusiya-İran və 1826-1828-ci illərdə II Rusiya-İran müharibəsi nəticəsində Azərbaycan rus qoşunları tərəfindən işğal edildi. 10 fevral 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın Araz çayından şimal hissəsi Rusiya imperiyasının ərazisinə qatıldı.

Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir

1918-ci il may ayının 28-də öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və bolşeviklərin Azərbaycana hücumu nəticəsində 1920-ci ilin aprel ayında süqut etdi. Lakin Azərbaycan xalqının öz dövlətini qurmaq, müstəqil olmaq uğrunda mübarizə eşqini söndürmək mümkün olmadı. 1991-ci ildə xalqımız öz sarsılmaz iradəsi və inadkarlığı sayəsində müstəqilliyinə nail oldu. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktını qəbul etdi. Azərbaycan yenidən müstəqil oldu.
Ən çətin, məsuliyyətli məqamlarda inadkarlıq mücəssəməsinə çevrilərək Azərbaycanın ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən mərdliklə verən ümummilli lider Heydər Əliyev nüfuzlu dövlət xadimi, görkəmli ictimai-siyasi xadim və bunlardan da əvvəl - böyük azərbaycanlı olduğunu təsdiqləmişdir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ümummilli Lider azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz nurlu simasında bir araya gətirmişdir. Daha böyük ölkələrə rəhbərlik etmək imkanında olan Ümummilli Lider Azərbaycan adlı qədim yurdu az qala qarış-qarış gəzərək rəhbər kimi onun hər bölgəsinə silinməz izlər salmış, sağlığında xalq üçün gördüyü nəhəng işlərlə özü-özünü əbədiləşdirmişdir. Ulu Öndərimizin siyasi dühasının məhsulu və yaratdığı şah əsəri müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadiqlik nümayiş etdirən, doğma xalqına xidməti həyat amalı kimi qəbul edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü dövlətçilik siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində nəzərə çarpan nailiyyətlər əldə edilmiş, əhalinin həyat səviyyəsinin durmadan yüksəlməsinə təminat yaradan dayanıqlı iqtisadi tərəqqiyə nail olunmuş demokratik dəyərlərin daha da geniş vüsət alması ilə sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması istiqamətində irəliyə doğru inamlı addımlar atılmışdır.
Hər bir Azərbaycan vətəndaşı Azərbaycan dövlətçiliyinin tarixini bilməli və onunla fəxr etməlidir. Bu gün hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə onun ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik.                                         
 
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi