Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2019 10:33

Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün nümunədir

Qəhrəmanlıq ulduzlar kimi daim əlçatmazlarda parlamaq, Vətən dediyin torpaqlar üçün heç düşünmədən yanar odlara atılmaqdır, dönməməkdir. Qəhrəmanlar ölmürlər. Onların getdiyi yol vətənsevərlik yoludu. Belə ömür yaşayanlardan biri də general-mayor Həzi Aslanovdur.
Azərbaycan  Hərb Tarixi Muzeyində xalqımızın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə həkk etmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anım gününə həsr olunmuş "Qəhrəmanlıq və cəsarət nümunəsi Həzi" adlı tədbir keçirildi.
Tədbirdə hərbi hissələrin zabit və əsgərləri, ictimaiyyətin nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Ümummilli lider Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbiri açaraq bildirdi ki, Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən müharibəsinin əfsanəvi sərkərdələrindən biri Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat və döyüş yolu Vətəninin azadlığı uğrunda vuruşan hər bir vətəndaş üçün nümunədir. "Müharibənin ilk günlərindən od-alov içərisinə atılan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə birlikdə neçə-neçə şəhərin faşistlərdən azad olunmasında fəal iştirak etmiş, orden və medallara layiq görülmüşdür...".
Ehtiyatda olan polkovnik Həzi Aslanovun xidmətlərindən danışaraq faşizm üzərində tarixi Qələbənin qazanılmasında göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, Vətən torpaqlarının azadlığı uğrunda düşmənlə mübarizə aparan Sovet İttifaqı Qəhrəmanının xalqımız tərəfindən hər zaman qürur və hörmətlə yad ediləcəyini, onun adının və şərəfli döyüş yolunun gələcək nəsillər üçün hər zaman əsl vətənpərvərlik nümunəsi olacağını vurğuladı, məruzəsini ümummilli lider Heydər Əliyevin Həzi Aslanov haqqında dediyi "Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş, həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır" kəlamlarıyla bitirdi.
Muzeyin elmi işçisi Gülnar Bəşirova çıxışında vurğuladı ki, Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək fəal iştirak edib. "Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilib. Müharibə ölkəmizdən çox uzaq şimal-qərb regionlarında başlansa da, dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqustun sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı...
Müharibə illərində Bakıda 130-dan çox müxtəlif növdə silah və döyüş sursatı istehsal edilirdi. Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl verilib. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub. Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri olmuşdur...".
Sonda tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən sənədli film nümayiş olundu.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"