Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2019 09:33

Faciənin şahidi o vaxt keçirdiyi ağır, həmdə şərəfli günlərə görə fəxr etdiyini deyib

Ötən əsrin son onilliyində dünyada baş verən böyük siyasi dəyişikliklər SSRİ adlanan imperiyadan da yan keçmədi. Bu böyük dövlətin əsarətdə saxladığı digər xalqlar kimi, Azərbaycan xalqı da tarixi ədaləti bərpa etmək, müstəqil yaşamaq istəyirdi. Mərkəzi hakimiyyəti ən çox qorxuya salan da bu idi. Azərbaycan kimi bir dövləti əldən vermək istəməyən sovet hökuməti xalqın istəyinin qarşısını almaq üçün totalitar rejimə məxsus olan yolu seçdi. Bu yol Azərbaycan xalqının rəyini nəzərə almayaraq onu əzib keçmək, başqa respublikalarda da baş qaldırmaqda olan azadlıq, müstəqillik istəklərinə zərbə vurmaq yolu idi. Bu məqsədlə milli münaqişə zəminində böyük nifaq yaradılmasına əl atıldı.
Şovinist erməni millətçiləri qızışdırılaraq Azərbaycana qarşı yönəldildi. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərə edilən basqınlar, azərbaycanlıların elindən-obasından didərgin salınması xalqın çox kəskin etirazına səbəb oldu. Meydanlara toplaşan xalq haqsızlıq və ədalətsizliyə son qoyulmasını tələb edirdi. Lakin mərkəzi hökumət bu tələblərə məhəl qoymayaraq erməniləri daha da qızışdırırdı.
Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq azadlıq və müstəqillik tələblərini irəli sürməyə başladı. Bu tələb imperiya rəhbərliyini ciddi təlaşa saldı. Ona görə də azərbaycanlıların qorxudulması, ürəklərə xof salıb, xalqı azadlıq yolundan döndərilməsi üçün cəza maşını işə salındı. Kommunist hakimiyyəti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun birləşmələri yeritdi və misli görünməmiş qırğın törədildi.
XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozuldu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
İsmayıllı rayonunun Diyallı kənd sakini, ikinci qrup əlil Əlizadə Səmədov həmin günləri belə xatırlayır: "O vaxt mən Xırdalandakı Plan-Uçot texnikumunda oxuyurdum və oradakı yataqxanada qalırdım. 1990-cı il yanvarın 19-da nahar vaxtı eşitdik ki, təpədən-dırnağadək silahlanan rus hərbi hissələri Bakıya girəcək və azadlıq amalları ilə yaşayan əliyalın insanlara divan tutacaq. Hərbçilərin şəhərə girməsinə etiraz olaraq bütün tələbə yoldaşlarımla Biləcəri dairəsinə gəldik, şəhər sakinləri ilə birgə yolu kəsdik. Yanacaqdoldurma məntəqəsinin yanında sovet ordusunun BTR və BMP-lərdən ibarət hərbi texnikası və çoxsaylı əsgəri dayanmışdı. Onlar bizi vəhşicəsinə sıxışdıraraq indiki 20 Yanvar dairəsinə gətirdilər. Axşam idi. Qəflətən işıqlar söndü və dəhşətli gülləboran başlandı. Əliyalın insanlara qarşı atəş açılır, hərbi texnika birbaşa insanların üstünə sürülürdü. Səs-küy aləmi bürümüşdü. Ölənlər vardı. Yerə yıxılıb inildəyən yaralıları kənara çəkirdik. Qəflətən bədənimdə istilik hiss etdim. Mənə də güllə dəymişdi. Yerə yıxıldım. Yoldaşlarım məni yaxınlıqdakı yaşayış binasında bir evə gətirdilər. Ev yiyəsi qayğıma qaldı. Səhərə yaxın Semaşko deyilən xəstəxanaya aparıldım. Gülləmi çıxardılar. İki aya qədər xəstəxanada qaldım".
O günlərin acısını yaşayan Əlizadə Səmədov Azərbaycanın müstəqilliyi uğrunda imperiya ordusuna qarşı dayanan əliyalın insanların sırasında olduğuna, o vaxt yaşadığı ağır, həm də şərəfli günlərə görə fəxr etdiyini söyləyib. Bildirib ki, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən  Prezident cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. “Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir, bizlərin yəni, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bizim həyat və məişətimizdə daha qabarıq göstərir. Şəxsən mənə ikinci qrup əlillik dərəcəsi verilib, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşam. Bütün bunlara görə Prezidentimizə minnətdaram”, - deyə Əlizadə Səmədov bildirib.

"Azərbaycan Ordusu"